Azərbaycanın tarixinə qızıl hərflərlə həkk edilmiş Zəfər salnaməsinin hər səhifəsində Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı və Vətən sevgisi dayanır. Bu Zəfər təkcə müasir silahların, hərbi strategiyanın və döyüş taktikasının nəticəsi deyil, Vətən torpağı uğrunda canından keçməyə hazır olan mərd oğullarımızın döyüş əzminin və sarsılmaz ruhunun təntənəsidir.
Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaq 44 günlük Vətən müharibəsi milli tariximizin ən şanlı səhifələrindən biridir. Müharibənin ilk günündən Azərbaycan əsgəri, zabiti öz üzərinə düşən tarixi missiyanı yerinə yetirmək məqsədilə döyüş meydanına atıldı. Dağları, dərələri, meşələri, sıldırım qayaları aşaraq irəlilədi. Nəticədə cəsarət, peşəkarlıq göstərərək qısa zaman kəsiyində bu müqəddəs missiyanın öhdəsindən qəhrəmanlıqla gəldi. Azərbaycan əsgəri, zabiti sübut etdi ki, Vətən uğrunda döyüşənin, haqq işi uğrunda mübarizə aparanın qarşısında heç bir maneə dayana bilməz.
Azərbaycan əsgəri və zabiti döyüş meydanında yalnız silahın gücünə deyil, öz cəsarətinə, hazırlığına və mənəvi üstünlüyünə arxalanırdı. Həm də onların hər addımında Vətənə bağlılıq, torpağa sədaqət və şəhidlərin ruhu qarşısında məsuliyyət dayanırdı. Bir sözlə, onları zəfərdən-zəfərə aparan milli ruh, daha doğrusu, xalqımıza məxsusu mənəvi dəyərlər oldu. Məhz uzun illər “keçilməz sədd” adlandırılan və möhkəmlndilmiş bunkerləri dağıdan, Şuşa şəhərinin yalın əl və yüngül atıcı silahlarla azad edən, minalanmış, müxtəlif əngəllər və çoxsaylı istehkamlarla möhkəmləndirilmiş müdafiə zolaqlarının böyük sürətlə yaran da elə bu ruh oldu. Bu yerdə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu sözlərini xatırlatmaq yerinə düşər: “Nə qədər silahın olsa, nə qədər ordun peşəkar təlimlərdə olsa, əgər ruh yoxdursa, heç bir təpəni də sən götürə bilməzsən”.
2023-cü ilin sentyabrında həyata keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı əsgər və zabitlərlərimiz bir daha yüksək peşəkarlıq, çeviklik və döyüş qabiliyyəti nümayiş etdirdilər. Nəticədə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin olundu. Beləliklə, Azərbaycan Ordusu qarşıya qoyulmuş tarixi vəzifəni başa çatdırdı. Bu yolda itkilərimiz də oldu. Bu mənada işğaldan azad edilmiş ərazilərimizdə dalğalanan Azərbaycan bayrağı hər bir şəhidimizin müqəddəs xatirəsinə ehtiramın, onların arzularının gerçəkləşməsinin rəmzidir. Bəli, bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı Azərbaycan əsgər və zabitinin qazandığı Zəfərin bəhrələridir.
Azərbaycan əsgər və zabitinin qəhrəmanlığı gələcək nəsillər üçün əsl vətənpərvərlik məktəbidir. Prezident İlham Əliyevin noyabrın 6-da Zəngilanın Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərlə görüşündə bildirdiyi kimi, bu elə bir hadisədir ki, bunun misli-bərabəri yoxdur: “Bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti bərpa etdik, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Əminəm, onların yaxınları bilirlər ki, onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir”.
Yeri gəlmişkən qeyd edək ki, “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir” deyən Prezident, Müzəffər Ali Baş Komandan bu gün də ordu quruculuğu prosesini davam etdirməklə yanaşı, əsgər və zabitlərimizin həmişə döyüş ruhunda olmaları üçün əlindən gələni əsirgəmir. Tarix göstərir ki, bu və ya digər ölkənin əsgər və zabitində milli ruh nə qədər yüksək olarsa, onun öz milli maraqlarını qorumaq və beynəlxalq münasibətlərdə müstəqil siyasət yürütmək imkanları da bir o qədər geniş olur.
Qvami Məhəbbətoğlu, “İki sahil”