08 noyabr 2026 12:31
97

Şuşa- tarixi Zəfərimiz

Şuşa haqqında danışmaq Azərbaycanın tarixindən, milli kimliyindən, mənəvi dünyasından və dövlətçilik yaddaşından danışmaqdır. Bu şəhərin hər daşı, hər küçəsi, hər qədim tikilisi xalqımızın əsrlər boyu yaratdığı zəngin mədəniyyətin, formalaşdırdığı milli düşüncənin və yaşatdığı tarixi ənənələrin yadigarıdır. Şuşa bizim üçün coğrafi məkan olmaqdan daha böyük məna daşıyır. O, Azərbaycan ruhunun, Qarabağ sevgisinin, milli qürurun və mənəvi bütövlüyümüzün ifadəsidir.

Qarabağın tacı, Qafqazın incisi adlandırılan Şuşa Azərbaycan xalqının tarixində, ədəbiyyatında, musiqisində və ictimai-siyasi həyatında müstəsna yer tutur. Bu şəhər Natəvanın zərif poeziyasını, Üzeyir Hacıbəylinin musiqi dühasını, Bülbülün ecazkar səsini, Vaqifin söz sənətini, Sadıqcanın sənətkarlığını özündə yaşadan böyük bir mədəniyyət xəzinəsidir. Şuşanın adı çəkiləndə göz önündə canlanan mənzərə təkcə onun əsrarəngiz təbiəti deyil, həm də Azərbaycan xalqının yaratdığı mənəvi sərvətdir. Bu səbəbdən Şuşanın işğalı xalqımızın yaddaşında ağır bir yara, azadlığı isə milli tariximizin ən şərəfli səhifələrindən biri kimi yaşayır.

Şuşanın bugünkü Zəfər tarixindən danışarkən ilk növbədə, Ümummilli Lider Heydər Əliyevin bu şəhərə bəslədiyi sonsuz sevgini, onun qorunması və inkişafı istiqamətində həyata keçirdiyi tarixi missiyanı xatırlamaq lazımdır. Çünki Şuşanın milli-mənəvi dəyər kimi qorunması, Azərbaycanın tarixi və mədəni irsinin ayrılmaz hissəsi kimi yaşadılması istiqamətində görülən işlərdə Ulu Öndərin müstəsna xidmətləri vardır. Heydər Əliyev Şuşaya Azərbaycan xalqının milli varlığının, tarixinin və mədəniyyətinin mühüm rəmzi kimi yanaşırdı. Onun 1977-ci ildə Şuşanın tarixi hissəsinin tarix-memarlıq qoruğu elan olunması təşəbbüsü bu düşüncənin əməli ifadəsi idi. Molla Pənah Vaqifin məqbərəsinin inşası, 1982-ci ildə Vaqif Poeziya Günlərinin keçirilməsi, şəhərin tarixi və mədəni abidələrinin qorunması istiqamətində atılan addımlar Ulu Öndərin Şuşaya göstərdiyi diqqətin parlaq nümunələridir.

Ulu Öndərin Şuşa haqqında söylədiyi bu sözlər bu gün də öz dərin mənasını qoruyur:

“Şuşa təkcə şuşalılar üçün deyil, bütün azərbaycanlılar üçün, Vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir torpaqdır, əziz bir qaladır, əziz bir abidədir”.

Bu kəlamlarda Şuşanın bütöv Azərbaycan üçün daşıdığı mənəvi dəyər ifadə olunurdu. Ulu Öndər yaxşı bilirdi ki, Şuşanın qorunması Azərbaycanın tarixi yaddaşının qorunması deməkdir. 1992-ci ildə Şuşanın işğalı xalqımızın həyatında ağır bir faciəyə çevrildi. Lakin doğma şəhərə qayıdış arzusu heç vaxt sönmədi. Heydər Əliyevin Qarabağla bağlı müəyyən etdiyi siyasi xətt, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsi, iqtisadi və hərbi potensialının artırılması gələcək Zəfərin əsasını qoydu.

“İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri Sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.

Ümummilli Lider Heydər Əliyev

Ulu Öndərin bu inamı və xalqımıza ünvanladığı müraciət zaman keçdikcə tarixi gerçəkliyə çevrildi. Prezident İlham Əliyev xalqımızın dəstəyi, dövlətimizin gücü və Azərbaycan Ordusunun qəhrəmanlığı ilə ata vəsiyyətini yerinə yetirərək Şuşanı və işğal altındakı digər torpaqlarımızı azad etdi. Ermənilərin Cıdır düzündə xalqımızın heysiyyətinə toxunmaq, milli qürurumuzu alçaltmaq məqsədilə törətdikləri təhqiramiz hərəkətlərə ən tutarlı cavab məhz Şuşanın azadlığı oldu. Bir zamanlar Azərbaycan xalqını doğma  torpaqlarında təhqir etməyə cəhd göstərənlər tarix qarşısında öz məğlubiyyətləri ilə üzləşdilər. Bu gün Cıdır düzündə üçrəngli bayrağımızın dalğalanması isə Ulu Öndərin böyük inamının, xalqımızın sarsılmaz iradəsinin və tarixi ədalətin bərpasının təntənəsidir.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2020-ci il noyabrın 8-də Şuşanın azad olunmasından sonra Ulu Öndərin məzarını ziyarət edərək səsləndirdiyi: “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik!” sözləri Azərbaycan tarixinin ən təsirli və unudulmaz anlarından biri oldu. Bu ifadədə bir oğulun atasının arzusuna qovuşmasının mənəvi məsuliyyəti ilə bütöv xalqın illərlə gözlədiyi qələbənin sevinci birləşirdi. Ata vəsiyyəti yerinə yetirilmiş, Ulu Öndərin Qarabağla bağlı arzusu gerçəyə çevrilmişdi.

Şuşanın azadlığının əhəmiyyətini daha dərindən anlamaq üçün işğal illərində şəhərin hansı faciələrlə üzləşdiyini də xatırlamalıyıq. 1992-ci il mayın 8-də Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Şuşada Azərbaycan xalqının əsrlər boyu yaratdığı tarixi-mədəni irsə qarşı məqsədyönlü dağıntılar törədildi. Tarixi binalar, məscidlər, muzeylər, qəbiristanlıqlar və mədəniyyət ocaqları talan edildi, bir sıra abidələr məhv edildi və ya öz ilkin görkəmindən məhrum olundu. Şəhərin tarixi simasını dəyişdirmək, Azərbaycan izlərini silmək cəhdləri göstərildi. Bütün bu hadisələr göstərirdi ki, işğalçıların məqsədi təkcə torpaqlarımızı zəbt etmək deyil, həm də xalqımızın tarixi yaddaşına, milli kimliyinə və mənəvi irsinə zərbə vurmaq idi. Lakin Şuşanın ruhunu dəyişmək, onun Azərbaycan kimliyini silmək mümkün olmadı. Şəhər işğal altında olduğu illərdə belə öz tarixi simasını, milli yaddaşını qoruyub saxladı. Məhz buna görə Şuşanın azadlığı həm də tarixi ədalətin bərpası idi.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi xalqımızın milli iradəsini, ordumuzun döyüş qabiliyyətini və dövlətimizin siyasi qətiyyətini bütün dünyaya nümayiş etdirdi. 44 gün davam edən müharibənin ən mürəkkəb və taleyüklü əməliyyatlarından biri Şuşanın azad edilməsi oldu. Qəhrəman əsgər və zabitlərimiz sıldırım qayaları, keçilməz dağ yollarını aşaraq misilsiz igidlik göstərdilər. Onların fədakarlığı sayəsində noyabrın 8-də Azərbaycan bayrağı Şuşada yenidən dalğalandı.

Prezident İlham Əliyevin Şəhidlər xiyabanından xalqa müraciətində səsləndirdiyi: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

Bu müraciət həm böyük qələbənin müjdəsi, həm də Şuşanın gələcəyi ilə bağlı dövlət başçısının üzərinə götürdüyü məsuliyyətin ifadəsi idi. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın dövlət suverenliyi ölkənin bütün ərazisində bərpa edildi. Bununla Qarabağda yeni mərhələyə, genişmiqyaslı quruculuq və Böyük Qayıdış prosesinə tam keçid üçün şərait yarandı. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Şuşada həyata keçirilən işlər həmin tarixi vədin ardıcıl şəkildə yerinə yetirildiyini göstərir. Zəfər yolu, yeni yaşayış kompleksləri, məktəblər, səhiyyə müəssisələri, dövlət xidmətləri infrastrukturu, bərpa edilən tarixi abidələr şəhərin həyatına yeni nəfəs verir. Lakin Şuşanın dirçəlişini yalnız tikilən binaların, çəkilən yolların və istifadəyə verilən obyektlərin sayı ilə ölçmək olmaz. Əsl dirçəliş doğma torpağa qayıdan ailənin öz evində işıq yandırması, uşaqların Şuşada məktəbə getməsi, küçələrdə yenidən insanların səsinin eşidilməsi, illərlə həsrətlə gözlənilən həyatın bərpa olunmasıdır. 2024-cü il mayın 10-da Cənab Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Şuşada ilk yaşayış kompleksinin açılışı keçirildi. Otuz iki ildən sonra doğma şəhərinə qayıdan ilk ailələrlə görüş, mənzillərin açarlarının şəxsən təqdim edilməsi olduqca təsirli hadisə idi. İlk mərhələdə 20 ailə, 88 nəfər Şuşaya köçürüldü. Bir insan üçün doğulduğu evə qayıtmaq, uşaqlığının keçdiyi küçədə yenidən addımlamaq, ata-baba yurdunun havasını udmaq hansı hisslər doğurursa, Şuşaya qayıdan ailələrin yaşadığı sevinc də məhz belə bir duyğudur. Bu qayıdışın arxasında şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı, əsgərlərimizin qəhrəmanlığı və illərlə yurd həsrəti çəkən insanların sarsılmayan inamı dayanır.

Şuşanın yenidən qurulması haqqında danışarkən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinə xüsusi yer ayırmaq lazımdır. Mehriban xanım Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə Fondun həyata keçirdiyi layihələr milli-mədəni irsimizin qorunmasına, tarixi abidələrimizin bərpasına, dini-mənəvi dəyərlərimizin yaşadılmasına xidmət edir. Bu fəaliyyət Qarabağda, xüsusilə Şuşada öz miqyası və əhəmiyyəti ilə seçilir.

Heydər Əliyev Fondunun bu istiqamətdəki fəaliyyətinin ən mühüm tərəflərindən biri Şuşanın tarixi yaddaşını gələcək nəsillərə olduğu kimi çatdırmaqdır. Çünki mədəni irs xalqın keçmişi ilə gələcəyi arasında qurulan mənəvi körpüdür. Həmin körpünü qorumaq, tarixi abidələri yaşatmaq, milli musiqimizi və sənətimizi öz doğma məkanına qaytarmaq böyük məsuliyyət tələb edir. 2040-cı ilədək inkişaf Baş Planı əsasında şəhərin tarixi memarlıq simasının qorunması və müasir yaşayış mühitinin yaradılması istiqamətində işlər davam etdirilir.

Şuşa həm də Azərbaycanın beynəlxalq mədəniyyət və diplomatiya məkanına çevrilib. 2022-ci ildə Türk dünyasının mədəniyyət paytaxtı, 2024-cü ildə İslam dünyasının mədəniyyət paytaxtı olan şəhərin 2026-cı il üçün İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı elan edilməsi onun beynəlxalq mövqeyinin daha da genişləndiyini göstərir.  

Bir zamanlar doğma şəhərinin həsrəti ilə yaşayan insanlar indi orada yaşayır, işləyir, övladlarını böyüdürlər. Şuşanın küçələrində yenidən uşaqların səsi eşidilir, məktəblərin qapıları açılır, məscidlərdə azan səslənir, Cıdır düzündə Azərbaycan musiqisi ifa olunur. Bu mənzərəni düşünəndə Şuşanın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi qarşısında bir daha baş əyirik. Onların yarımçıq qalan arzularını, ailələrinin çəkdiyi ağrını, qazilərimizin keçdiyi ağır sınaqları unutmamalıyıq. Bu gün Şuşada qurulan hər yeni ev, açılan hər məktəb, bərpa edilən hər abidə onların müqəddəs xatirəsinə ehtiramın ifadəsidir.

Şuşa Zəfəri bizə bir daha göstərdi ki, Vətənə bağlılıq torpağı qorumaqla başlayır, onu yaşatmaqla, qurmaqla və gələcək nəsillərə ötürməklə davam edir.

8 Noyabr-Şuşa Şəhəri Günü münasibətilə, ilk növbədə, Şuşanın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, qazilərimizə minnətdarlığımızı bildiririk. Doğma yurdlarına qayıdan ailələrə, Şuşada yeni həyata başlayan sakinlərə firavanlıq, əmin-amanlıq və xoşbəxtlik arzulayıram.

Ulu Öndər Heydər Əliyevin Şuşaya olan sevgisi və Qarabağla bağlı arzuları, Prezident İlham Əliyevin Ata vəsiyyətini yerinə yetirməsi, Azərbaycan Ordusunun qəhrəmanlığı, xalqımızın birliyi, Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun milli-mədəni irsimizin qorunması istiqamətində gördüyü işlər tariximizin ayrılmaz səhifələridir.

Şuşa artıq keçmişin həsrəti ilə deyil, gələcəyin ümidləri ilə yaşayır. Bu şəhərdə ucalan hər yeni bina, açılan hər qapı, yenidən səslənən hər muğam xalqımızın qayıdışının, quruculuq əzminin və milli iradəsinin canlı tarixidir.

Əziz Şuşa, sən azadsan! Biz qayıtmışıq! Səni qoruyacaq, yaşadacaq və gələcək nəsillərə əmanət edəcəyik!

Hicran Hüseynova,

Milli Məclisin Komitə sədri, professor