08 noyabr 2026 11:00
67

Dünyanın hərb tarixini 44 gündə zənginləşdirən Azərbaycan Ordusu 

Silahlı Qüvvələrimizin taktiki döyüş manevrləri dünyanı heyrətləndirməkdə davam edir

Müzəffər Azərbaycan Ordusunun  44 günlük Vətən müharibəsində Qarabağda həyata keçirdiyi misli-bərabəri olmayan Zəfər döyüşləri bütün dünyanı heyrətləndirdi. Məhz bu qətiyyətli döyüşlərin nəticəsi idi ki, qısa müddətdə 5 rayon mərkəzi, 4 qəsəbə və 300- ə yaxın kənd savaşla işğaldan azad edildi. Ən başlıcası isə alınmaz qala olan və Azərbaycanın qeyrət simvolu kimi dəyərləndirilən Şuşa şəhəri noyabrın 8-də azad edildi. Bəli, məhz rəşadətli  ordumuzun bu döyüşləri mütləq Ermənistanı kapitulyasiyaya gətirib çıxarmalı idi. Məhz bu tarixi hadisə baş verdi. Belə ki, noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri birgə Bəyanat imzaladılar. Bu Bəyanat mahiyyət etibarilə Ermənistanın təslimçilik aktı oldu. Döyüş meydanında darmadağın edilən Ermənistanın Azərbaycan Prezidentinin münaqişənin ilk günlərindən bəyan etdiyi şərtləri qəbul etməkdən başqa çıxış yolu qalmadı. Beləliklə, Paşinyan kapitulyasiya şərtlərinə razılıq verdi. Dövlətimizin başçısı dəfələrlə, o cümlədən BBC-yə müsahibəsində də bəyan etmişdi ki, yalnız Ermənistan qoşunlarının çıxarılması barədə öz üzərinə öhdəlik götürəcəyi təqdirdə hərbi əməliyyatlar dayandırılacaq.

Artıq 30 illik həsrətdən,  nisgildən sonra Qarabağın tutqun səması açıldı,Bu unikal  diyarın  dağlarının başındakı duman, çən dağıldı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz  müqəddəs torpaqlarımızdan düşmənin murdar ayağını  kəsdi. Bütün elimizə, obamıza qələbə ərməğan edildi, yurdundan didərgin düşən yüz minlərlə vətəndaşımızın Vətən yarasına məlhəm çəkildi, yurda qayıdış ümidləri dirçəldi. Qalib Sərkərdəmiz işğaldan azad edilən Vətən torpaqlarına başı dik, üzüağ, qürurlu bir Ali Baş Komandan kimi qədəm qoydu...

Azərbaycan Ordusunun  İkinci Qarabağ müharibəsindəki parlaq Qələbəsi nəinki ölkə tarixinin, bütövlükdə dünyanın hərbi əfsanəsinə çevrildi. Alınmaz qala olan və sərt relyefə malik Şuşanın Azərbaycan Ordusu tərəfindən  işğaldan azad edilməsi isə nəinki, erməniləri, hətta dünyanın  hərbi ekspertlərini hələ də heyrətləndirməkdə davam edir.

Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliy ilə qısa müddətdə -44 gün ərzində Ermənistanın məğlubiyyətə uğradılmasının əsas səbəbi isə güclü Azərbaycan Ordusunun yaradılması idi. Müharibəyə qədər ki,  son 17 ildə Prezident İlham Əliyev nəinki güclü ordu yaratdı, həmçinin onun  ən müasir silah təminatını da gerçəkləşdirdi.

Məhz bunun nəticəsi idi ki, hələ İkinci Qarabağ müharibəsinə kimi, Azərbaycan Ordusu düyanın ən qabaqcıl 50 ordusu sırasına daxil ola bilmişdi. Ötən on illər ərzində ordumuzun döyüş hazırlığı səviyyəsinin daha da yüksəldilməsi, şəxsi heyətin müasir silah və texnikadan məharətlə istifadə bacarığına yiyələnməsi üçün maddi-texniki bazanın inkişaf etdirilməsi, qabaqcıl üsulların tətbiqi ilə təlim və tədris sisteminin daim təkmilləşdirilməsi, hərbi təhsilin və elmin günün tələbləri səviyyəsinə qaldırılması, şəxsi heyətin yeni döyüş şəraitinə uyğun təlimlərə cəlb edilməsi nəticəsində nəzərdə tutulan uğurlara nail oldu.

Bu gün qarşıda duran əsas vəzifələrdən biri Azərbaycan Ordusunun daha da modernləşməsi və ən son hərbi texnologiyaların orduya cəlb edilməsidir. Xüsusi qeyd edilməlidir ki, işğaldan azad olunan rayonlarda NATO standartlarına müvafiq ən müasir hərbi hissələr yaradılıb. Güclü ordu üçün ən əsas şərtlərdən biri də şəxsi heyətin mənəvi-psixoloji vəziyyətidir. Əgər psixoloji durum yüksək səviyyədə olarsa, ən müasir texnika ilə təchiz olunmuş düşmənə də asanlıqla qalib gəlmək olar. Ölkəmizdə uğurlu sosial-iqtisadi siyasətin nəticəsi olaraq həyata keçirilən bütün tədbirlər Azərbayjan Ordusunun şəxsi heyətində mənəvi-psixoloji ruh yüksəkliyi yaradıb.
Hərbi məqsədlər üçün xərclərin artımı hərbçilərin sosial vəziyyətini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Azərbaycan Ordusuna ictimai nəzarətin yaradılması isə ordu rəhbərliyinin ordu-cəmiyyət əlaqələrinə xüsusi önəm verməsindən xəbər verir.

Bu gün Azərbaycan Cənubi Qafqazda öz ordusunu daxili imkanları hesabına hərbi texnika və silah-sursatla təchiz etmək gücünə malik olan yeganə ölkədir. Bu baxımdan ötən illərdə ölkəmizdə keçirilən «ADEX» Beynəlxalq müdafiə sərgiləri də xüsusi əhəmiyyət daşıyıb. Bütün bunlar Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin məntiqi nəticəsi, Azərbaycanın iqtisadi tərəqqisinin göstəricisidir. Xüsusi qeyd etmək lazımdır ki, ölkəmizin başçısı ordumuzun ölkəmizdə istehsal olunan silah-sursatla təchizatını daim diqqətdə saxlayır.

Ordumuzun NATO ilə uğurlu əməkdaşlığına da xüsusi diqqət ayrılır. Bir sözlə, ötən illər ərzində Prezident İlham Əliyevin orduda islahatların davam etdirilməsini, ordu quruculuğunun daha müasir metodlarla həyata keçirilməsini, döyüş hazırlığının ən müasir tələblərə cavab verə biləcək səviyyəyə çatdırılmasını prioritet vəzifələr kimi müəyyənləşdirməsi hərbi qüdrətimizin əsasında dayanır.

Burada bir məsələyə də xüsusi diqqət yetirmək lazımdır ki, amerikalı hərbçilər Azərbaycan Ordusunun 44 günlük İkinci Qarabağ müharibəsindəki tarixi  Zəfərini hərb tarixində bir  yenilik adlandırıblar. Bütün bunlar ABŞ hərb tarixçilərinin nəşr etdirdikləri…….«Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbə» (The War for Karabakh Strategy, Technology, and Victory kitabında öz əksini tapmışdır.

Bu günlərdə  «Baku Book Center»də «Qarabağ uğrunda müharibə: Strategiya, texnologiya və qələbəkitabının təqdimatı keçirilib. Təqdimat mərasimində nəşrin müəllifləri  Liam Kollinz (Liam Collins) və Con Spenser (John Spencer) kitabın hazırlanma prosesi, tədqiqatların əsas istiqamətləri və gəldikləri nəticələr barədə ətraflı məlumat veriblər. Kitab təxminən iki il ərzində hazırlanıb. Nəşr Azərbaycanın 44 günlük müharibədəki qələbəsinə həsr olunmuş ilk xarici genişmiqyaslı sistemli hərbi tədqiqatlardan biridir. Hərbi tədqiqatlar sahəsində ixtisaslaşan Uest-Poynt Hərbi Akademiyası mütəxəssislərinin tədqiqatda iştirakı işin elmi və analitik əhəmiyyətini daha da artırır.

Kitabın ayrı-ayrı bölmələrində Azərbaycanın irimiqyaslı müharibəyə hazırlıq strategiyası (Grand Strategy), «Dəmir yumruq» əməliyyatı və 44 günlük Vətən müharibəsinin əsas mərhələləri, Azərbaycan Ordusunun Hadrut, Füzuli, Zəngilan və Qubadlı rayonları istiqamətlərindəki hərbi əməliyyatları, Şuşa uğrunda döyüşlər, eləcə də 2023-cü ildə həyata keçirilmiş antiterror tədbirləri təhlil edilib.

Kitabın ən diqqətçəkən məqamlarından biri Azərbaycanın qələbəsinin yalnız pilotsuz uçuş aparatlarının (PUA) tətbiqi ilə bağlı olduğu barədə geniş yayılmış fikrin tənqidi təhlilidir. Müəlliflər hesab edirlər ki, qələbənin arxasında daha geniş amillər kompleksi - milli güc, dövlət quruculuğu, iqtisadi inkişaf, düzgün hərbi planlaşdırma və müasir döyüş konsepsiyalarının mənimsənilməsi dayanır.

Əsərdə Azərbaycanın hərbi uğurunun əsas səbəblərindən biri kimi «müasir döyüş sistemlərinin tətbiqi» konsepsiyasının dərindən mənimsənilməsi göstərilib. Bu konsepsiya qüvvələrin səpələnməsi, kiçik bölmələrin manevr imkanlarından səmərəli istifadə, düşmənin atəş vasitələrinin susdurulması və müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin əlaqələndirilməsini özündə ehtiva edir. Tədqiqat təxminən 100 hərbi və mülki mütəxəssislə aparılmış müsahibələrə əsaslanır. Bununla yanaşı, müəlliflər əsas döyüşlərin getdiyi ərazilərə səfər edərək orada yerində tədqiqatlar aparıblar.

Müəlliflərin gəldiyi əsas nəticə ondan ibarətdir ki, hərbi qələbə yalnız döyüş meydanında qazanılmır. Belə bir qələbənin əldə edilməsinin arxasında milli güc, ardıcıl dövlət və ordu quruculuğu siyasəti, iqtisadi potensial, səmərəli kommunikasiya strategiyası, həmçinin ideoloji iş kimi mühüm amillər dayanır. Kitabda Azərbaycanın Ali Baş Komandanı İlham Əliyevin döyüş əməliyyatlarının strateji idarə olunmasındakı rolu, ölkə daxilində və beynəlxalq arenada fəal kommunikasiya fəaliyyəti, həmçinin dezinformasiya ilə mübarizə xüsusilə vurğulanıb.

Elçin Zaman, "İki sahil"