AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən təyyarənin dekabrın 25-də Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində xəsarət alan və Bakıya gətirilən 12 nəfərin (8 kişi, 3 qadın) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
“İki sahil” xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Məlumat verildiyi kimi, Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması nəticəsində yaralanan şəxslər TƏBİB-in tabeliyindəki Yeni Klinikaya hospitalizasiya olunub. Tibb müəssisəsinin Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində müayinə olunan xəstələrdən bir nəfər Reanimasiya, digərləri isə müvafiq şöbələrə yerləşdirilib. Hazırda 12 nəfərin (8 kişi cinsli, 3 qadın cinsli) müayinə və müalicələri davam etdirilir, vəziyyətləri stabildir.
1 nəfərin (qadın cinsli) vəziyyəti orta ağır, 1 nəfərin (kişi cinsli) vəziyyəti isə stabil ağır olaraq qiymətləndirilir. Hər birinin sağlamlıq durumu həkimlərin nəzarətindədir. Qeyd edək ki, pasiyentlərə əsasən müxtəlif bədən nahiyələrinin sınığı, əzilməsi, travması, eləcə də tənəffüs çatışmazlığı, pnevmotoraks diaqnozları təyin edilib.
Üst damaq, baldır və çanaq nahiyəsində sınıq qeydə alınan şəxs (kişi cinsli) üzərində cərrahi əməliyyat uğurla icra olunub. Xarici fiksator cihazı ilə osteosintez əməliyyatı olunan xəstənin vəziyyəti stabildir. Qeyd edək ki, təyyarədə olan 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb. Hər iki pilot da daxil olmaqla 3 ekipaj üzvü həlak olub, 2 ekipaj üzvü isə sağ qalıb. Dekabrın 26-da Azərbaycana 14 yaralı və 4 nəfərin meyiti gətirilib.