08 avqust 2026 10:00
124

Vaşinqton görüşləri  ölkəmizə yeni geosiyasi üstünlüklər qazandırdı

Prezident İlham Əliyevin geosiyasi uğurlarandan biri də 2005-ci ilin avqustun 8- də dünyanın fövqəlgüc dövlətlərindən biri olan ABŞ-də elə həmin ölkənin Prezidenti Donald Trampla keçirdiyi görüşlər oldu. Xatırladaq ki, Donald Trampa qədərki dövrdə ABŞ rəhbərliyi davamlı olaraq ermənipərəst mövqe tutaraq Azərbaycanın Qarabağdakı hərbi uğurlarına qarşı çıxmaqla ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün bərpasına qısqanclıqla yanaşırdı. Yəni, ABŞ-nin əvvəlki Prezidenti Cozef Bayden administrasiyasının Azərbaycana qarşı sərgilədiyi ədalətsiz mövqe həmin dövrə kimi ikitərəfli münasibətlıərdə əldə olunmuş nəticələrə ciddi zərbə vururdu. Hətta Bayden senator olanda belə, Azərbaycana qarşı sanksiyaların təşəbbüskarlarından biri olmuş, prezident seçildikdən sonra isə onun administrasiyasının regiona münasibəti ikili standartlara söykənmişdir.

Təbii ki, son onilliklərdə Cənubi Qafqazda ədalətə və sülhə nail olunmamasının əsas səbəblərindən biri də məhz bu amildən qaynaqlanmışdır. Bayden Administrasiyası Azərbaycanın regionda aparıcı dövlət olmasını, onun potensialını nəinki düzgün qiymətləndirməmiş, hətta əleyhinə olmuşdur. Təbii ki, Donald Tram Prezident seçildikdən sonra ABŞ-ın xarici siyasətində önəmli irəliləyişlər baş verdi. Prezident İlham Əliyevin  vurğuladığı kimi, yeni rəhbər  dünyada sülh, barış yolunu tutmuş və dünya ölkələri ilə münasibətləırində də məhz bu amili əsas götürmüşdür. Bayden administrasiyasından fərqli olaraq Preizdent Tramp daha rasional, zamanın tələblərinə uyğun siyasət yürütmüş, bunun tərkib hissəsi kimi ölkəsinin Azərbaycanla əlaqələrini yenidən qiymətləndirmiş, Azərbaycanla əlaqələrinin inkişafını və regional sülhün təmin edilməsini əsas istiqamət kimi götürmüş və həyata keçirməyə başlamışdır. Buna görə də ABŞ-Azərbaycan əlaqələrinin transformasiyası və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olması bir birini tamamlayır və vahid bir prosesin tərkib hissələri kimi qiymətləndirilir. Bir sözlə, ABŞ-nin mövcud hakimiyyəti Azərbaycanın haqlı mübarizəsinə və siyasi xəttinə etimadını nümayiş etdirir. Burada qarşıya qoyulan əsas məsələ postmüharibə dövründə Azərbaycanla Ermənistan arasında imzalanması gözlənilən sülh müqaviləsini reallaşdırmaq istiqamətində qarşıya çıxan maneələri aradan qaldırmaq idi.   

Sözügedən həmin səfərdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Vaşinqtonda keçirilən üçtərəfli görüş Cənubi Qafqazda uzunmüddətli münaqişənin həllinə doğru atılan ən uğurlu  addımlardan biri kimi tarixə yazıldı. Xüsusilə Cənubi Qafqazda sülhün bərqərar olmasına mane olan digər region ölkələrinə sərt təpki göstərildi. Üçtərəfli görüşün əsas nəticəsi sülh sazişinin paraflanması, regionda yeni nəqliyyat-logistika reallıqlarının formalaşdırılması və yeni əməkdaşlıq perspektivlərinin yaranması oldu.

Burada dünyanın diqqətin çəkən mühüm siyasi mənzərə Prezident Donald Trampın Prezident İlham Əliyevi Ağ Evdə səmimi və dostcasına qarşılamsı oldu. Xüsusilə Ağ Evin  rəmzi açarlarının ölkəmizin başçısına verilməsi ABŞ rəhbərliyinin  xalqımıza və dövlətimizə sayğısının bariz nümunəsi idi. Eyni zamanda, rəsmi Vaşinrtonun Azərbaycan Prezidentinin siyasi fəaliyyətinə və beynəlxalq nüfuzuna sərgilədiyi səmimi duyğular idi. Bu, həmin dövr idi ki, beynəlxalq miqyasda dünya liderləri ABŞ kimi fövqəlgüc ölkənin rəhbəri ilə görüşmək üçün aylarla çalışırdılar. Çünki ABŞ Prezidenti dünya düzəninə yeni nizam gətirən dövlət adamı idi və onun digər ölkələrə münasibətindən çox şey asılı idi. Məhz belə bir zamanda Prezident İlham Əliyevlə Prezident Donald Tramp arasında aparılan məzmunlu və faydalı danışıqlar iki ölkə arasında etimad mühitini bərpa etdi və əlaqələri strateji tərəfdaşlıq müstəvisinə yönəltdi. Təbii ki, sözügedən görüş zamanı imzalanmış Anlaşma Memorandumu gələcək strateji əlaqələr üçün möhkəm hüquqi-siyasi  status qazandı. Bunun davamı olan çox mühüm sənəd isə cari fevralın 10-da Bakıda  imzalandı. Həmin sənəd «Azərbaycan Respublikası Hökuməti ilə Amerika Birləşmiş Ştatları Hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası» idi.  Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens imzalayıblar. Sözügedən sənədlə iki ölkənin strateji tərəfdaşlığı artıq hüquqi qüvvəyə minmiş oldu və region ölkələri anladılar ki, bundan sonra da Azərbaycanın iqtisadi və hərbi qüdrəti ancaq yüksələcəkdir.

Bəs 8 avqust Vaşinqton görüşləri Azərbaycana konkret olaraq hansı geosiyasi üstünlüklər  gətirdi? İlk  olaraq  Prezident Trampın «Azadlığı Dəstəkləmə Aktına» 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə sərəncam imzalaması mühüm nailiyyət idi. Bununla da iki ölkə arasındakı ikitərəfli münasibətlərdə mövcud olmuş bəzi mənfi nüanslardan biri aradan qaldırılmış oldu. Məhz bu müsbət tendensiya bundan sonra ABŞ-Azərbaycan arasında müdafiə, təhlükəsizlik, yeni texnologiyalar, ticarət, nəqliyyat digər qarşılıqlı maraq doğuran istiqamətlərdə praktik əməkdaşlıq üçün geniş əsaslar yaradacaq.

Bundan başqa, 8 avqust Vaşinqton səfəri Azərbaycan-Ermənistan  münasibətlərinin inkişafı və xüsusilə sülh prosesi üçün normal və əlverişli mühitin formalaşması mənasında da əhəmiyyətli olmuşdur.  Burada Azərbaycan Prezidenti İlham Əliyev  və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Birgə Bəyannamə imzalandı. Həmçinin iki ölkənin  xarici işlər nazirləri ATƏT-in Minsk Qrupunun buraxılması barədə birgə müraciət imzaladılar. Minsk Qrupunun ləğvi isə sülh sazişinin imzalanması üçün Azərbaycanın irəli sürdüyü əsas şərtlərdən  idi.

Vaşinqton ggrüşlərinin  digər böyük əhəmiyyəti  ölkəmizin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikasına çıxışın məhz  Ermənistan ərazisindən yaradılması məsələsi oldu. Bu, məşhur  Zəngəzur dəhlizidir. ABŞ Prezidenti Donald Tramp həmin dəhlizə regional və beynəlxalq kontekstdə yeni münasibət sərgilədi. Onun təşəbbüsü ilə dəhliz beynəlxalq ticarət və tranzit imkanlarının genişləndirilməsi və təhlükəsizliyi üçün «Trump Route for International Peace and Prosperity» (TRIPP) adlandırıldı. Bununla bağlı kommersiya və təhlükəsizlik mexanizmləri üzərində ilkin razılaşma əldə edildi. Bu, Cənubi Qafqazın  və ümumilikdə Orta dəhlizin logistika və tranzit xəritəsini yenidən qura bilər.

Yazımızda Vaşinqton görüşlərinindəki uğurlardan yazsaq da lakin  hələ də sözügedən tədbirdə irəli sürülən sülh müqaviləsi imzalanmayıb. Buna səbəb isə Ermənistanın kotstitutsya dəyişikliklərini ləngitməsidir. Qeyd edək ki, bu ölkənin hazırkı konstitusiyasında hələ də Azərbaycana qarşı ərazi iddiaları mövcuddur. İndiki məqamda Azərbaycan dövləti Ermənistanı bu məsələdə realist olmağa və sülhə mane olacaq məsələri tezliklə həll etməyə səsləyir. Əks halda bütün məsuliyyət Ermənstanın üzərinə düşəcək.

Əslində, Ermənistan özünü sülh tərəfdarı kimi təqdim etsə də, bu, heç də belə olmamışdır. Ona görəki, hələ 2020-ci ildən əvvəl  də Ermənistanın  Azərbaycanıq yeni ərazilərini işğal etmək planları mövcud idi. Həmçinin İkinci Qarabağ müharibəsində Ermənistan ordusunun Azərbaycanın dinc şəhərlərini raket atəşinə tuturdu. Bundan başqa, 44 günlük müharibədən sonra Ermənistanda revanşist planlar hazırlanırdı. Lakin məhz 2023-cü ilin sentyabrın 19-da  Azərbaycan Ordusunun  lokal xarakterli antiterror tədbirləri sayəsində separatçı xuntanın ləğv edilməsi Ermənistanın Baş naziri  Nikol Paşinyana onları gözləyən acı reallıqları anlatdı.

Xatırladaq ki, İkinci dünya müharibəsi 1945-ci ildə başa çatsa da, Almaniya ilə Fransa arasında sülh müqaviləsi yalnız 1963-cü ildə Yelisey razılaşmaları ilə təsdiqləndi. Prezident İlham Əliyev isə 2023-cü ildə antiterror əməliyyatından cəmi iki il sonra 2025-ci il avqustun 8-də Ermənistanı Vaşinqtonda sülhə məcbur etdi. Burada iki ölkə arasında sülh müqaviləsinin paraflanması Prezident İlham Əliyevin qətiyyətli  fəaliyyətinin nəticəsi və müharibədə qalib olan dövlət Sərkərdəsinin  masadakı siyasi zəfəri idi.

Elçin Zaman, "İki sahil"