07 avqust 2026 18:35
144

Azərbaycan-ABŞ ikitərəfli münasibətlərində növbəti geosiyasi mərhələ

Bakı və Vaşinqton arasında əsası qoyulan dinamik tərəfdaşlıq Strateji Tərəfdaşlıq Xartiyasının imzalanması ilə rəsmiləşərək iki ölkə arasındakı diplomatik, hərbi və iqtisadi əlaqələrin yeni hüquqi-siyasi bazasını yaradıb

Dialoqun Bünövrəsi

Cənubi Qafqazın geosiyasi mənzərəsi və Azərbaycan-Amerika Birləşmiş Ştatları (ABŞ) münasibətləri son illərdə keyfiyyətcə yeni, strateji müstəviyə qədəm qoymuşdur. Vaşinqton və Bakı arasında formalaşan bu yeni əməkdaşlıq dinamikası xüsusilə ABŞ Prezidenti Donald Trampın birinci və ikinci prezidentlik dövrləri, habelə Azərbaycan Prezidenti İlham Əliyevlə qurulan birbaşa diplomatik dialoq fonunda daha da sürətlənmişdir.

Azərbaycan-ABŞ əlaqələrinin mühüm xüsusiyyətlərindən biri dövlət başçıları səviyyəsində qarşılıqlı hörmətə əsaslanan birbaşa təmasların olmasıdır. Donald Trampın siyasi səhnədəki birinci fəaliyyəti dövründən etibarən Prezident İlham Əliyev ilə aktiv məktub mübadiləsi həyata keçirilmişdir. Donald Tramp müxtəlif illərdə Azərbaycanın təşəbbüskarı olduğu Cənub Qaz Dəhlizi layihəsini, həmçinin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfələri yüksək qiymətləndirən rəsmi məktublar ünvanlamışdır. Eləcə də ABŞ Müstəqillik Günü və Azərbaycanın Respublika Günü çərçivəsində tərəflər arasında strateji tərəfdaşlığın vacibliyini vurğulayan məktublaşmalar müntəzəm xarakter almışdır. D.Trampın yenidən prezident seçilməsi fonunda Prezident İlham Əliyev tərəfindən ünvanlanan təbrik məktubu və ardınca baş tutan təmaslar iki ölkə arasında diplomatik körpülərin daha da möhkəmlənməsinə zəmin yaratmışdır.

Prezident İlham Əliyevin ABŞ-a səfəri ikitərəfli münasibətlərdə həlledici dönüş nöqtəsi oldu desək, yanılmarıq. 8 Avqust 2025-ci il tarixində Vaşinqtonda reallaşan yüksəksəviyyəli görüşlər Cənubi Qafqazda post-münaqişə dövrünün reallıqlarını rəsmiləşdirdi. Bəyanatlarda Cənubi Qafqazda dayanıqlı sülhün bərqərar olunması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə riayət edilməsi əsas prioritet kimi göstərildi. ABŞ tərəfi Azərbaycanın regionda əsas nəqliyyat və enerji qovşağı kimi rolunu tam dəstəklədiyini bəyan etdi. Vaşinqton Sammitinin ən mühüm nəticələrindən biri Azərbaycan hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında Strateji Tərəfdaşlıq haqqında Xartiyanın hazırlanmasına dair əldə olunmuş rəsmi razılaşma oldu. Bu sənəd sadəcə niyyət protokolu deyil, müdafiə, təhlükəsizlik, rəqəmsal iqtisadiyyat, enerji transformasiyası və regional logistika sahələrində uzunmüddətli çərçivəni müəyyən edən hüquqi-siyasi bazanın təməlini qoydu. Həmçinin, ikitərəfli müdafiə və hərbi-texniki əməkdaşlığın qarşısındakı ən böyük maneələrdən biri olan “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin tətbiqi məsələsində Donald Tramp Administrasiyası qətiyyətli addım atdı. D.Trampın müvafiq qərarı ilə 907-ci düzəlişin icrası donduruldu. Bu adım ABŞ-ın Azərbaycanla sərhəd təhlükəsizliyi, terrorizmə qarşı mübarizə və Xəzər dənizində təhlükəsizlik təşəbbüsləri çərçivəsində birbaşa yardım və hərbi-texniki dəstək göstərməsinə hüquqi yol açdı. Regionun nəqliyyat xəritəsini dəyişdirən əsas amillərdən biri Zəngəzur dəhlizinin beynəlxalq dəstək qazanması oldu. ABŞ Administrasiyası bu infrastrukturu TRİPP (Trump Route for International Peace and Prosperity / Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu) çərçivəsində dəstəklədiyini bəyan etdi. ABŞ-ın dəstəyi ilə TRİPP layihəsi çərçivəsində Zəngəzur dəhlizi beynəlxalq ticarət və kommunikasiya xətti kimi tanınaraq praktiki müstəvidə reallaşma mərhələsinə keçdi.

Liderlər səviyyəsində təmasların davamlılığı və Strateji Tərəfdaşlıq Xartiyası

Vaşinqton anlaşmalarından sonrakı dövrdə Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında telefon danışıqları və məktublaşmalar intensiv xarakter almışdır. Tərəflər zəncirvari şəkildə həyata keçirilən layihələrin icra vəziyyətini, regional sabitliyi və yaşıl enerji keçidini diqqətdə saxlamışlar. Münasibətlərin kulminasiya nöqtəsi ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vensin Bakıya rəsmi səfəri oldu. 10 Fevral 2026-cı il tarixində Bakıda keçirilən rəsmi mərasimdə Prezident İlham Əliyev və Vitse-prezident C.D.Vens “Azərbaycan Respublikası hökuməti ilə Amerika Birləşmiş Ştatları hökuməti arasında Strateji Tərəfdaşlıq Xartiyası”nı imzaladılar. Bu tarixi sənəd iki ölkə arasında münasibətləri müttəfiqlik və strateji tərəfdaşlıq müstəvisinə qaldıraraq, Cənubi Qafqazda sülhün, təhlükəsizliyin və iqtisadi inkişafın uzunmüddətli təminatçısına çevrildi.

Xartiyada tərəflərin bir-birinin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə hörmətini bir daha təsdiqləməsi Prezident İlham Əliyevin beynəlxalq hüquqa əsaslanan dövlətçilik siyasətinin açıq təzahürüdür. Azərbaycan bu prinsipləri yalnız bəyanatlarda deyil, real diplomatik sənədlərdə də möhkəmləndirir. Sənəddə regional bağlantılar, Orta Dəhliz və Transxəzər nəqliyyat layihələrinə verilən xüsusi önəm Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətini bir daha ön plana çıxarır. Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkəmiz Şərqlə Qərbi birləşdirən etibarlı körpüyə çevrilib və bu xətt ABŞ tərəfindən də yüksək qiymətləndirilir.

Xartiyada TRIPP marşrutunun vurğulanması Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə maneəsiz bağlantı strategiyasının beynəlxalq dəstək qazandığını göstərir. Bu, dövlət başçısı İlham Əliyevin milli maraqları qlobal əməkdaşlıq formatında reallaşdırmaq bacarığının bariz nümunəsidir. Xartiyada süni intellekt, rəqəmsal infrastruktur və innovasiyalarla bağlı müddəalar göstərir ki, Prezident İlham Əliyev Azərbaycanın gələcəyini yalnız ənənəvi sahələrdə deyil, yüksək texnologiyalar və bilik iqtisadiyyatı üzərində qurur. Bu yanaşma ölkənin uzunmüddətli inkişaf strategiyasının əsasını təşkil edir.

ABŞ ilə rəqəmsal sahədə əməkdaşlıq Azərbaycanın qlobal texnoloji proseslərdən kənarda qalmadığını, əksinə, bu proseslərin aktiv iştirakçısına çevrildiyini nümayiş etdirir. Bu da dövlət başçısının modern çağırışlara çevik və strateji cavab verməsinin göstəricisidir. Eləcə də təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi Azərbaycanın regional sülhə verdiyi töhfələrin beynəlxalq səviyyədə tanındığını təsdiqləyir. Prezident İlham Əliyevin “sülh gündəliyi” bu gün konkret beynəlxalq tərəfdaşlıqlarla möhkəmlənir. Xartiyada humanitar minatəmizlənmə məsələsinin ayrıca yer alması dövlət başçısının postmünaqişə dövründə insan həyatını və təhlükəsizliyini əsas prioritet kimi müəyyən etdiyini göstərir. ABŞ-ın bu sahədə əməkdaşlığa hazır olması Azərbaycanın haqlı mövqeyinə beynəlxalq dəstəyin ifadəsidir. İnstitusional mexanizmlərin yaradılması və işçi qruplarının formalaşdırılması isə Prezident İlham Əliyevin siyasətinin yalnız bəyanatlarla məhdudlaşmadığını, konkret icra mexanizmlərinə əsaslandığını sübut edir. Bu, nəticəyə hesablanmış dövlət idarəçiliyinin nümunəsidir.

Nəticə etibarilə, Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası prezident İlham Əliyevin uğurlu, düşünülmüş və milli maraqlara söykənən siyasətinin növbəti parlaq nəticəsidir. Bu sənəd Azərbaycanın beynəlxalq mövqelərini daha da möhkəmləndirir, ölkəmizin sabit, güclü və etibarlı tərəfdaş kimi rolunu bir daha təsdiqləyir.

Sevinc Azadi, “İki sahil”