Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov avqustun 6-da Ukraynaya rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Volodimir Zelenski tərəfindən qəbul edilib. Qəbulda Azərbaycan ilə Ukrayna arasında dostluq və qarşılıqlı hörmətə əsaslanan strateji tərəfdaşlıq münasibətlərinin inkişafının önəmi vurğulanıb. Eyni zamanda, Volodimir Zelenskinin cari ilin aprel ayında Azərbaycana həyata keçirdiyi səfərin və səfər çərçivəsində əldə olunmuş razılaşmaların ikitərəfli münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsi baxımından əhəmiyyət daşıdığı bildirilib. Görüşdə regional təhlükəsizlik məsələləri, Ukraynada mövcud vəziyyət, habelə beynəlxalq gündəlikdə duran digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb. Azərbaycanın Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə ardıcıl dəstək verdiyi bir daha diqqətə çatdırılıb.
Zelenski Ukraynaya humanitar dəstəyə görə Prezident İlham Əliyevə və Azərbaycan hökumətinə dərin minnətdarlığını bildirib. Azərbaycan ilə Ukrayna arasında münasibətlərin bundan sonra da inkişaf etdirilməsi və müxtəlif sahələr üzrə əməkdaşlığın genişləndirilməsinə dair ortaq fikir ifadə olunub. Görüş zamanı Ukrayna tərəfinin Azərbaycanın nümayiş etdirdiyi prinsipial mövqeyə, xüsusən də müharibənin ilk günlərindən etibarən göstərilən fasiləsiz humanitar dəstəyə görə dərin minnətdarlığını ifadə etməsi Bakının beynəlxalq aləmdə etibarlı tərəfdaş imicini daha da gücləndirdi. Eyni zamanda, bu qəbul Azərbaycanın beynəlxalq böhranların həllində sülhməramlı, konstruktiv və balanslaşdırıcı vasitəçi rolunu oynamaq potensialına malik olduğunu bir daha nümayiş etdirdi.
Məlumdur ki, səfər çərçivəsində Ceyhun Bayramov və onu müşaiyət edən heyət İrpen şəhərinin mərkəzində yerləşən akademik Zərifə Əliyeva adına parkda Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə Əliyevanın büstü önünə gül dəstələri qoyaraq, onun əziz xatirəsini dərin ehtiramla yad ediblər. Sonra Azərbaycanın maliyyə və humanitar dəstəyi ilə əsaslı şəkildə bərpa olunaraq yenidən istifadəyə verilmiş və akademik Zərifə Əliyevanın adını daşıyan Lisey (burada həm də Azərbaycan dili tədris olunur) və şəhər poliklinikası ilə tanış olub. Müharibə nəticəsində ciddi dağıntılara məruz qalmış İrpen şəhərində həyata keçirilən bu layihələr Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımın və bərpa prosesinə verdiyi töhfənin mühüm nümunələrindəndir. Məlumdur ki, İrpen şəhəri son illər Azərbaycan ilə Ukrayna arasında tarixi dostluq münasibətlərinin və humanitar əməkdaşlığın bariz nümunəsinə çevrilib. Xatırladaq ki, İrpen Azərbaycanın Laçın şəhəri ilə qardaşlaşmış şəhərdir.
Səfər çərçivəsində C. Bayramov ukraynalı həmkarı Andrey Sibiqa və Ukrayna Prezident Ofisinin rəhbəri Kirill Budanov, Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi İqor Klimenko ilə görüşərək siyasi, iqtisadi, hümanitar, o cümlədən regional və beynəlxalq təhlükəsizlik məsələləri sahəsində əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.
XİN rəhbərinin bu səfəri bir daha göstərdi ki, Azərbaycan Prezidenti İlham Əliyev müstəqil və qətiyyətli siyasətindən heç vaxt geri çəkilməyib. Məhz onun Ukraynanaya iqtisadi -hümanitar dəstəyini davam etdirməsi də bu qəbildəndir. Ən başlıcası isə Azərbaycan dövlətinin rəhbəri həmişə Ukraynanın ərazi bütövlyünü dəstəklədiyini birmənalı olaraq dilə gətirmişdir. Çünki bu gün beynəlxalq hüquq və prinsiplər də dövlətlərarası münasibətlərdə hər bir ölkənin ərazi bütövlüyünü və suverenliyini müdafiə edir. Rusiya- Ukrayna müharibəsi başlayan gündən Azərbaycan dövləti Ukraynaya humanitar dəstəyini əsirgəməyib. Son dörd il yarımda ölkəmizdən Ukraynaya 10 min tonlarla hümanitar yardım, elektrik avadanlıqları (trasfarmatorlar, elektrik motorları və digər elektrik ləvazimatları )göndərilib.
Bundan başqa, müharibədən zərər çəkmiş və valideynsiz qalmış ukraynalı uşaqlar Bakıya gətirilərək onlara hərtərəfli diqqət və qayğı göstərilir. Həmin uşaqlar reablitasiya mərkəzlərində müharibənin yaratdığı psixoloji və mənəvi sarsıntılardan azad bir həyat yaşayırlar. Ölkəmizin bu hümanitar dəstəyini nəinki Ukrayna xalqı, ümumilikdə bütün sülhsevər dünya ictimiaiyyəti dəstəkləyir və alqışlayır.
Xatırladaq ki, Azərbaycanda keçirilən bir neçə beynəlxalq media forumlarında iştirak edən Ukraynalı jurnalistlər də ölkəmizin Ukraynaya dəstəklərini yüksək qiymətləndriblər. Onlar forumların açılış mərasimində iştirak edən Prezident İlham Əliyevə dərin minnətdarlıq hisslərini etiraf ediblər. Xatırladaq ki, belə tədbirlərin birində, yəni -II Şuşa Qlobal Media Forumunun iştirakçıları arasında tanınmış ukraynalı jurnalist Dmitri Qordon da yer almışdı. O, Prezident İlham Əliyevə müharibə şəraitində olan Ukrayna xalqına nə məsləhət görə biləcəyi ilə bağlı sual ünvanlamışdı. Ölkəmizin başçısı isə ukraynalılara heç vaxt işğalla razılaşmamağı məsləhət görüb: “Bizə reallıqlarla barışmalı olduğumuz barədə saysız-hesabsız mesajlar verilib. Lakin qərara aldıq ki, biz yeni reallıqlar yaradacağıq. Onlar da bu reallıqlarla barışmağa məcbur oldular. Ona görə də, artıq deyilənlərə qayıdaraq, mən heç vaxt təslim olmamağı və ərazi bütövlüyünün pozulması ilə barışmamağı məsləhət görərdim”. Qeyd edək ki, Rusiya Ukrayna müharibəsi başlayandan bəri dövlətimizin rəhbəri birmənalı olaraq bu müharibəni pisləmiş və iki ölkəni ədalətli sülhə nail olmağa çağırmışdır.
Elçin Zaman, “İki sahil”
Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyinin yeni mərhələsi
Avropadan Mərkəzi Asiyaya: Azərbaycan qlobal nəqliyyat xəritəsini yenidən yazır