07 avqust 2026 10:33
91

Kazım Qarabəkir Paşanın həyat və mübarizə yolu

Yüz səkkiz il əvvəl avqust günlərdə Türkiyə və Azərbaycanın başı üzərində dəhşətli təhlükələr dolaşırdı. Lakin sayca özündən dəfələrlə güclü olan düşmənlərin qarşısında sarsılmaz qala kimi duran qorxmaz və ağıllı oğullarımız   əsl qəhrəmanlıq nümunələri göstərirdilər. İstər zabit olsun, istərsə də sıravi əsgər. Onların arasında adı hərb tarixinə yazılan bir komandan da vardı.

Kazım Qarabəkir Paşa. Bu ad və soyad Azərbaycan xalqı üçün həmişə əzizdir. Biz onun adını böyük hörmət və məhəbbətlə çəkirik. İgid paşa xalq qəhrəmanımız səviyyəsində tanınır. 

Kazım 1882-ci ildə Məhməd Əmin Paşa və Hacı Həvva xanımın ailəsində dünyaya gəlib. Onun ata tərəfdən kökü oğuz türklərinin Əfşar boyuna gedib çıxır. Əfşarlar tarix boyu döyüşkənlikləri ilə tanınıblar.İkiMükəmməl hərbi təhsil alaraq ömrünü bu sahəyə bağlayıb. 1924-cü ildə, qırx iki yaşında ikən, Aydınlı Camal bəyin qızı İclal xanımla evlənib. Bu evlilikdən 1927-ci ildə Həyat və Əməl adında əkizlər və sonra Timsal adında üç qız övladı olub.

Gənc yaşlarında hərb sənətinə marağı onu bu sahəyə bağlayıb. İki hərbi məktəb bitirəndən sonra orduda müxtəlif vəzifələrə təyin olunub.

I Dünya müharibəsində bacarıqlı sərkərdə kimi ad-san qazanıb. Baxmayaraq ki, eyni zamanda bir neçə dövlətlə müharibə aparan Türkiyə məğlubiyyətə uğrayıb, amma düşmənlərə ağır zərbələr də vurub.

Kazım Qarabəkir Paşa Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün ən yaxın silahdaşlarından biri, görkəmli hərbi və siyasi xadim, I Dünya Müharibəsi zamanı Osmanlı imperiyasının Şərq cəbhəsi qoşunlarının komandanı olub. Erməni generallarından Andronuk Ozanyanın və Dronun (Dramastas Kanayanın) başçılığı ilə Naxçıvana soxulan erməni qoşunlarını məğlub edib. Naxçıvanı düşmən hücumlarından və ərazi işğalından qoruyub. Paşanın komandanlıq etdiyi qoşunlar Göyçə gölünə (ermənilər Sevan gölü deyirlər) qədər irəliləyib. 1918-ci ilin avqust-sentyabr aylarında azad etdiyi yerlərdə səngərləri möhkəmlədib. Lakin Avropanın və Qərbin qalib dövlətləri  Türkiyədən kəskinliklə tələb ediblər ki, öz qoşunlarını İrəvan bölgəsindən geri çəksin. Dalana dirənmiş Türkiyə Antanta dövlətlərinin saysız ağır tələblərini və bu tələbi yerinə yetirməli olub.

Xatırladaq ki, görkəmli sərkərdə Kazım Qarabəkir Paşa 1918-ci ildə Osmanlı imperatorluğu ilə yeni qurulan Azərbaycan Demokratik Cümhuriyyəti arasında imzalanmış dostluq və qarşılıqlı yardım haqqında müqaviləyə uyğun olaraq Atatürkün əmri ilə Naxçıvanı erməni-daşnak qüvvələrindən xilas etməyə göndərildi. Belə ki, 1917-ci il bolşeviklərin oktyabr inqilabından sonra Türkiyə ilə Sovet Rusiyası arasında imzalanan Ərzincan müqaviləsinə əsasən ruslar Şərqi Anadoludan çəkilməli idilər. Lakin onlar işğal etdikləri ərazilərdən çəkilərkən həmin yerləri ermənilərin ixtiyarına verməyə çalışırdılar. O sırada Naxçıvan da vardı. Ruslar çalışırdılar ki, Türkiyəyə qarşı döyüşən ermənilərdən ibarət nizami qoşun hissələri təşkil etsinlər. Etdilər də.

O zaman rusların köməyi  ilə ermənilərdən ibarət üç alay təşkil edildi və döyüşçülərin sayı 17 minə çatdırıldı. 1918-ci ilin əvvəllərində qatil Andronikin rəhbərliyi ilə həmin daşnak diviziyası Ərzurum, Qars, Van, Bitlis, Muş, Naxçıvan və Zəngəzur da daxil olmaqla bölgədə erməni dövləti yaratmaq üçün bu ərazilərə hücum edib əhalini qılıncdan keçirir, kəndləri yandırır, amansız qətllər törədirdi. Neçə vaxtdan bəri aparılan Brest-Litovsk danışıqları da bir nəticə vermirdi. Çünki danışıqlarda əsas söz sahibləri xristian ölkələrinin nümayəndələri idi və onlar Ermənistanın daha çox Azərbaycan ərazilərini ələ keçirməsinə şərait yaradırdılar.

Vəziyyət o yerə çatmışdı ki, Qafqazda yaşayan müsəlmanlar, eləcə də Naxçıvan əhalisi ermənilərin bölgədə həyata keçirdiyi vəhşiliklərin qarşısını almaq üçün türk ordusunun vəziyyətə münasibət bildirməsini tələb etdilər.  Atatürkün əmri ilə Şərq cəbhəsinin komandanı Kazım Qarabəkir Paşa vaxt itirmədən özünü naxçıvanlıların köməyinə yetirdi. Kazım Qarabəkir Paşanın komandanlığı altında döyüşən Qafqaz-Türk İslam  Ordusu Naxçıvana yürüş edərək daşnakları geri oturdub Naxçıvanın yerli özünüidarə hökumətinin qurulmasına yardım etdi. Qəlbən Naxçıvana bağlı olan türk komandanı gedərkən bölgənin təhlükəsizliyi məqsədi ilə yerli əsilzadələrə Araz-Türk Respublikasının qurulmasını məsləhət görürdü.  Qeyrət göstərən Naxçıvan xanları, bəyləri və ziyalıları bu respublikanı qurdular. Onların sırasında görkəmli yazıçı-dramaturq, ictimai xadim Hüseyn Cavid də vardı.

Tarixi Qars müqaviləsi imzalanandan sonra geniş hərbi əməliyyatlar dayandırıldı. Nəticədə Türkiyə  qarşısıalınmaz təzyiqlərlə üzləşərək bir çox ərazilərini itirdi. Sonralar bəziləri qaytarılsa da, bəziləri isə indi də işğal altında qalır.

Kazım Qarabəkir paşa 1948-ci il yanvarın 26-da vəfat edib. Lakin onun Türkiyə və Azərbaycan dövlətinə xidmətləri həmişə minnətdarlıqla yad olunur. Qars Gömrük Müdirliyinin əməkdaşları binanın həyətində generalın xatirəsini anıblar. Həmin bina vaxtilə Kazım Qarabəkir Paşanın evi və sonra qərargahı olub. Yaxın illərdə Qars Gömrük İdarəsinin müdiri Muzaffer Özkan və işçiləri paşanın qızı Timsal xanımı dəvət edərək abidənin qarşısında xatirə fotosu çəkdiriblər, onun xatirəsini dərin hörmətlə yad ediblər.

Xalqımızın böyük oğlu, müdrik dövlət xadimi Heydər Əliyev Qars müqaviləsinin tarixi əhəmiyyəti haqqında danışarkən belə deyib: "... Qarsda Azərbaycan xalqı üçün çox əhəmiyyətli olan Qars anlaşması, müqaviləsi imzalandı. Onu Türkiyə imzaladı, Rusiya imzaladı, Azərbaycan imzaladı, Ermənistan imzaladı. Bu imzalarla Naxçıvanın Azərbaycanın tərkibində olması təsdiq edildi. Burada da əsas rolu Türkiyə oynadı. Həmin o Qars müqaviləsinin altında bizim hörmətli paşamız Kazım Qarabəkir Paşanın imzası var".

Vəli İlyasov, “İki sahil”