Cənubi Qafqaz regionunda həm geopolitik, həm də geoiqtisadi baxımdan prioritet layihələrdən biri Zəngəzur dəhlizidir. Bu layihənin reallaşdırılmasında Azərbaycan təşəbbüskar və icraçı ölkə, Türkiyə isə strateji tərəfdaş və layihənin Avropa ilə Mərkəzi Asiya arasındakı qovşağı rolunu oynayır. Azərbaycan Zəngəzur dəhlizinin açılmasını regional nəqliyyat şəbəkələrinin bərpası və ölkənin geoiqtisadi mövqeyinin gücləndirilməsi üçün əsas strateji hədəf kimi irəli sürüb. İlk növbədə Naxçıvan Muxtar Respublikası arasında birbaşa, maneəsiz quru və dəmir yolu əlaqəsini bərpa etmək Azərbaycan üçün strateji zərurətdir. Türkiyə isə Zəngəzur dəhlizini Türk dünyasının quru bağlantısı və özünün logistik gücünün artırılması baxımından mühüm layihə kimi qiymətləndirir.
Qars-İğdır-Aralık-Dilucu marşrutu üzrə, Naxçıvanla sərhəddə yerləşən 224 kilometrlik dəmir yolunun tikintisi ilə Türkiyənin şərq bölgəsində region üçün, dünya üçün əhəmiyyətli bir layihənin – qlobal strateji dəyəri olan yeni bir dəmir yolu layihəsinin əsası qoyulub. Hələ 2023-cü ilin sentyabrında Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan Qars-Naxçıvan dəmiryolu layihəsi ilə bağlı niyyət protokolu imzalayıb. Bununla da, Qars-İğdır-Aralıq-Dilucu (Naxçıvan sərhəddi) dəmir yolu xəttinin tikintisinə başlanılıb. Dəmir yolu nəzərdə tutulduğu kimi, iki xətli, elektrikləşdirilmiş və siqnallaşdırılmış şəkildə inşa edilir. Bu layihə Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində atılmış mühüm tarixi addım hesab olunur. Yeni dəmir yolu illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşımaya imkan yaradacaq. Saatda 160 kilometrədək sürətə hesablanmış layihə çərçivəsində 24 tunel, 10 körpü, 144 yeraltı keçid, 27 yerüstü keçid, 480 suötürücü və s. inşası planlaşdırılıb. Bundan başqa, bir çox hissələrdə qrunt möhkəmləndirmə işləri və digər torpaq işləri aparılır.
Azərbaycan Zəngəzur dəhlizinin öz ərazisindən keçən hissəsində 110 kilometrlik Horadiz-Füzuli-Ağbənd dəmir yolu tikintisinin 72 faizindən çoxunu başa çatdırıb. Xəttin tikintisinin 5 il müddətində tam yekunlaşması planlaşdırılıb. 75 kilometr hissəyə dəmir yolu xətti döşənib və il ərzində isə bu hissənin 85 kilometrə qədər artırılması planlaşdırılır. Qeyd edək ki, yolun tam hazır olmamasına baxmayaraq, artıq Soltanlı stansiyasına qədər hissədə dəmir yolu xətti istismara verilib və “Araz Vadisi İqtisadi Zonası”nın müştəriləri və rezidentləri bu dəmir yolu bağlantısından istifadə edərək Qarabağ bölgəsinə, azad olunmuş ərazilərə yük daşımalarını həyata keçirməyə başlayıblar.
“Azərbaycan dövləti üzərinə düşən öhdəlikləri yüksək sürətlə yerinə yetirir. İlk növbədə dəmir yolu xətlərinin çəkilməsi və avtomobil yolu layihələrinin icra səviyyəsi artıq kifayət qədər yüksəkdir. 2027-ci ilin əvvəlinədək hər iki layihənin Ermənistan sərhədinədək çatdırılması planlaşdırılır”. Bunu xarici işlər naziri Ceyhun Bayramov avqustun 4-də İsveçrənin Xarici İşlər Departamentinin rəhbəri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassis ilə birgə keçirilən mətbuat konfransında söyləyib. O qeyd edib ki, Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 180 kilometr uzunluğunda dəmir yolu xətti mövcuddur. Lakin həmin xətt təxminən 30 il ərzində istismar olunmadığından onun bərpası üçün əlavə investisiyalara və genişmiqyaslı yenidənqurma işlərinə ehtiyac var. Bu istiqamətdə işlərə artıq başlanılıb. “Bundan başqa, mühüm layihələrdən biri də Qars–İğdır–Dilucu dəmir yolu layihəsidir. Qardaş Türkiyə ərazisində bu layihənin tikintisi artıq başlanıb və icra prosesi davam edir. Bütün bu layihələrin həyata keçirilməsi və vaxtında başa çatdırılması regionun inkişafı üçün yeni imkanlar yaradacaq. Bu, təkcə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat əlaqəsinin bərpasına xidmət etməyəcək, həm də Şərq-Qərb və Orta Dəhliz marşrutlarına yeni ölçü qazandıracaq”, - nazir əlavə edib.
Qeyd edildiyi kimi, dəmir yolu dəhlizinin tam gücü ilə işləməsi üçün, Türkiyə öz ərazisinə düşən 224 kilometrlik hissəni tikir, Naxçıvan sərhəddində olan, təqribən, 170 kilometrlik hissəni Azərbaycan tərəfi tikir. Burada 150 km öncədən mövcud idi və müəyyən rekonstruksiya işləri aparılacaqdır, 20 km dəmir yolu isə sıfırdan salınır. Bundan başqa, dəhliz uzun müddətdir blokada şəraitində olan Naxçıvan üçün iqtisadi inkişaf baxımından yeni imkanlar yaradacaq. Təbii ki, regionun digər ölkələri üçün, o cümlədən Ermənistan üçün də bu dəhliz faydalı ola bilər – ölkə tranzit mərkəzinə çevrilə, xarici bazarlara çıxış əldə edə və investisiyaların cəlbi baxımından təşviqedici olar.
Naxçıvan Bakı əlaqələrini intensivləşdirəcək bu dəmir yolunun bərpası və tikintisi təkcə regional deyil, həm də beynəlxalq diqqət mərkəzindədir. ABŞ da daxil olmaqla bir çox ölkələr bu prosesə ciddi maraq göstərir və strateji əhəmiyyətini vurğulayırlar. Həm də ona görə ki, Orta dəhlizlə davamlı olaraq artan yük axınını aşıra biləcək yeni dəhlizlərə (yollara) ehtiyac var. Daha konkret desək, bu gün təməli qoyulan yolun tamamlanması ilə yük axınlarının yeni bir marşrutu formalaşacaq. Hansı ki, bu yeni yol Bakı-Tbilisi-Qars xəttinə alternativ deyil, onu tamamlayan, yük axınlarını birgə aşırmağa imkan verən əməkdaşlıq yoludur. Beynəlxalq sülh və rifaha xidmət edəcək Zəngəzur dəhlizinə yalnız nəqliyyat və logistika nöqteyi-nəzərindən yanaşmaq onun əhəmiyyətini tam ifadə etmir. Bu layihə, həm də Azərbaycanla Türkiyə arasında, ümumilikdə isə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında iqtisadi və siyasi münasibətlərin güclənməsinə də xidmət edəcək. Tarixən parçalanmış marşrutların bərpası Türk dünyası arasında körpü funksiyasını yerinə yetirəcək. Eyni zamanda, Avrasiya məkanında nəqliyyat-tranzit fəaliyyətlərini gücləndirəcək mühüm bir marşruta çevriləcək. Beləliklə, Zəngəzur dəhlizi qarşıdakı onilliklərdə regional proseslərə təsir edən əsas layihələrdən biri kimi tarixə düşəcək.
Sevinc Azadi, “İki sahil”