Azad edilmiş ərazilərdə görülən işlər vətəndaş məmnunluğunun prioritetliyini bir daha təsdiqləyir
Hər bir inkişafın əsasında iqtisadi tərəqqi dayanır. Ölkə iqtisadiyyanının dayanıqlı inkişafının təmin edilməsi üçün bütün zəruri addımlar atılır. Bu gün Azərbaycanın beynəlxalq maliyyə qurumlarının hesabatlarında rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi tanınması uğurlu iqtisadi siyasətin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həya keçirilməsi Azərbaycanın beynəlxalq səviyyədə iqtisadi möcüzələr ölkəsi kimi nüfuz qazanmasında özünün aydın ifadəsini tapir. Təbii resurslardan səmərəli istifadə qeyri-neft sektorunun uğurlu inkişafını şərtləndirir. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, məşğulluq imkanlarının artırılması, sosial sahədə xidmətlərin elektronlaşması, operativliyin və şəffaflığın təmin edilməsi istiqamətində ardıcıl islahatlar iqtisadi inkişafla bağlıdır. Dövlət siyasətinin əsas prioritetlərindən olan əhalinin məşğulluq imkanlarının artırılması istiqamətində aktiv məşğulluq tədbirlərinin dairəsi genişləndirilir, əhalinin sosial müdafiəsi gücləndirilir və regionlarda yeni imkanlar yaradılır. Azərbaycanın dünyada sosial dövlət kimi nüfuz qazanması səbəbsiz deyil. Sosial dövlətdə islahatların mərkəzində məhz vətəndaş və onun məmnunluq faktoru dayanır. Günümüzün əsas hədəfi budur ki, hər bir vətəndaşa bərabər imkanlar yaradılmalı, göstərilən xidmətlər hər kəsə əlçatan və rahat olmalıdır. Məhz bu amillərə söykənərək böyük əminliklə qeyd edirik ki, Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadəsi, eyni zamanda, əldə olunan gəlirlərin təyinatı üzrə xərclənməsi, şəffaflıq prinsipinin təmin olunması əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımların davamlılığını təmin edir.

Son 7 ildə beş sosial paket…
Dövlətimizin başçısı İlham Əliyevin çıxışlarında da bu reallıq hər zaman xüsusi vurğulanır ki, neftlə zəngin çox ölkələr olmasına baxmayaraq, bu resurslar heç də onlara uğur gətirmir. Əhali arasında təbəqələşmə prosesi sürətlə gedir. Lakin Azərbaycanın iqtisadi strategiyasını dünya təcrübəsinə əsasən düzgün müəyyənləşdirməsi bu problemlərin yaşanmamasını təmin etdi. Prezident İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüs, qəbul etdiyi qərarlar, imzaladığı Fərman və sərəncamlar xalq tərəfindən dəstəklənir, böyük rəğbətlə qarşılanır. Son 7 ildə beş sosial paketin icrası özündə mühüm məqamları ehtiva edir. Belə ki, ölkəmizdə 2018-2025-ci illərdə 4 milyondan çox vətəndaşı əhatə edən beş ardıcıl sosial islahat paketi icra olunub. Bu mühüm tədbirlər nəticəsində minimum əməkhaqqı 400 manata, minimum pensiya isə əhəmiyyətli məbləğə çatdırılmış, həmçinin əhalinin həssas qruplarının müavinət və təqaüdləri dəfələrlə artırılmışdır. Müavinətlər, təqaüdlər və digər sosial yardım mexanizmləri mütəmadi olaraq indeksləşdirilib və orta hesabla 20 faizədək artırılıb. 2026-cı il yanvarında yerli televiziya kanallarına müsahibəsində “Bizim bütün siyasətimiz həm sosialyönümlüdür, həm də ki, investisiyayönümlüdür. Hər ikisi arasında çox həssas balans, tarazlıq olmalıdır. Əgər olmasa, onda heç bir ölkə uğur qazana bilməz” söyləyən Prezident İlham Əliyev onu da bildirdi ki, iqtisadi islahatlardan, neft-qaz layihələrindən əldə edilən gəlirlər ilk növbədə sosial sahəyə yönəldilir.
Əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi prioritetdir
Sosial sahənin çoxşaxəliliyini nəzərə alsaq, həmçinin bura özünüməşğulluq proqramını da əlavə etsək, əhalinin sosial müdafiəsinin gündən-günə daha da gücləndirilməsi üçün mühüm layihələrin icrasının prioritetliyini daha aydın görərik. Dövlət başçısının Sərəncamı ilə təsdiq edilmiş “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nda da sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyasının gücləndirilməsi əsas istiqamətlərdən biri kimi əksini tapıb. Prezident İlham Əliyevin bu ilin 20 iyul tarixində imzaladığı Sərəncamla “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı” təsdiqləndi. Tədbirlər Planına əsasən, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi genişləndirilməli və səmərəliliyi artırılmalı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyası gücləndirilməlidir. Həmçinin sosial dialoq inkişaf etdiriləcək və qeyri-formal əmək münasibətlərinin qarşısı alınacaq. Sənədə əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi istiqamətlər də daxildir.
Ölkəmizdə özünüməşğulluğun inkişafına yönələn addımlar sırasında ABAD mərkəzlərinin yaradılmasını da qeyd etməliyik. Bu mərkəzlər ailə təsərrüfatlarına asan dəstəyi göstərməklə həm özünüməşgulluğun inkişafına, həm də bu əsasda insanların sosial rifah halının yaxşılaşmasına öz töhfələrini verirlər. Özünüməşğulluq proqramının əhatə dairəsi genişlənir. Hətta Azərbaycan beynəlxalq maliyyə institutlarını da bu proqrama cəlb edib. Ümumilikdə əhalinin məşğulluğunun təminatı Prezident İlham Əliyevin sosial-iqtisadi siyasətində mühüm yer tutur. Bunun nəticəsi olaraq, ölkədə çoxsaylı yeni iş yerləri açılmaqla, aktiv məşğulluq proqramlarının əhatə dairəsi də ildən-ilə əhəmiyyətli dərəcədə genişləndirilir. Ölkə Prezidentinin tapşırığı ilə icra olunan özünüməşğulluq proqramı mühüm sosial-iqtisadi əhəmiyyəti ilə seçilən proqram olmaqla işsiz və işaxtaran şəxslərin kiçik biznesə çıxışına dəstək verir.

Hər kəsin “DOST”u
Prezident İlham Əliyev dövlət başçısı kimi fəaliyyətə başladığı ilk gündən sosial-iqtisadi göstəricilərin rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapmasını qarşıya əsas hədəf kimi qoydu. Sosial xidmət sahəsində təkmilləşmə, yenişləşmə diqqətdən kənarda qalmır. Aparılan uğurlu sosial islahatlar proqramının mühüm nailiyyətləri sırasında DOST Konsepsiyası xüsusi yer tutur. Prezident İlham Əliyevin Fərmanı ilə 2019-cu ildən DOST Agentliyi yaradılıb. Sosial xidmətlərin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli şəkildə təqdim olunması agentliyi və mərkəzləri hər kəsin, xüsusilə həssas qrupların “DOST”una çevrilir. DOST mərkəzləri vasitəsilə sosial xidmətlərin vahid pəncərə prinsipi əsasında göstərilməsi, sosial ödənişlərin elektronlaşdırılması, məşğulluq proqramlarının genişləndirilməsi, özünüməşğulluq layihələri, aktiv əmək bazarı tədbirləri və peşə hazırlığı proqramları sosial layihələrin institusional əsaslarını möhkəmləndirib. Dövlət tərəfindən həyata keçirilən sosial mənzil layihələri, ipoteka mexanizmlərinin təkmilləşdirilməsi, regionlarda sosial infrastrukturun – məktəblərin, xəstəxanaların, uşaq bağçalarının və sosial xidmət müəssisələrinin tikintisi və yenidən qurulması da sosial rifahın yüksəldilməsinə yönələn kompleks siyasətin tərkib hissəsidir.
Hazırda Azərbaycanın təkmil iqtisadi inkişaf modeli dünyaya nümunədir. Ümummilli Lider Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə xüsusi önəm verməsi bugünümüzə və gələcəyə hesablanmış addım oldu. Neft-qaz gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması iqtisadiyyatda şaxələndirilmə siyasətinin uğurla həyata keçirilməsini şərtləndirir. 2003-cü ildən Prezident İlham Əliyev iqtisadi artımın qeyri-neft sektorunun hesabına olmasını əsas hədəf kimi qarşıya qoydu. Bu hədəfə nail olmaq üçün regionların malik olduğu potensialdan səmərəli istifadə etmək üçün Regional inkişaf proqramları icra edilməyə başladı. 4 Dövlət Proqramının icrasının uğurlu nəticələri paytaxt və bölgələrin inkişafında özünün aydın ifadəsini tapır. Regionların inkişafı yeni iş yerlərinin yaradılması, məşğulluq probleminin həlli kimi dəyərləndirildi. Prezident İlham Əliyevin çağırışlarında bu məqam xüsusi vurğulandı ki, iş yerlərinin yaradılması daimi proses olmalıdır. Onu da qeyd edək ki, həyata keçirilən çoxşaxəli tədbirlər sayəsində işsizliyin səviyyəsi getdikcə aşağı düşüb və hazırda 5 faizdir.

Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni dayaq nöqtəsi olacaq
Tarixi Zəfərimizdən sonra təsdiqlənən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” Azərbaycanın bugünkü və gələcək inkişafının yol xəritəsi oldu. Bu sənəddə əksini tapan beş əsas hədəf ölkəmizin iqtisadi inkişafının ümumi mənzərəsini təqdim edir. Milli Priortetlərdə azad edilmiş torpaqlarımızın malik olduğu iqtisadi imkanlar və onlardan səmərəli istifadə xüsusi yer alır. Əminliklə deyə bilərik ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaq. Bu ərazilərdə əhalinin özünüməşğulluğunun təmin edilməsi üçün zəruri addımlar atılır. Əsas hədəf vətəndaş məmnunluğunun yüksək səviyyədə təmin edilməsidir. Azərbaycanda vətəndaş məmnunluğunun təmin olunması, xidmətlərin sosial ədalətlilik prinsipi əsasında təqdim edilməsi, əhalinin sosial-iqtisadi həyat şəraitinin yaxşılaşdırılması üçün sosial müdafiənin bütün sahələrində ciddi islahatlar aparılması beynəlxalq təşkilatlar tərəfindən örnək göstərilir. Prezident İlham Əliyevin sosial-iqtisadi siyasəti müasir çağırışlara cavab verən sosial müdafiə sisteminin qurulmasını şərtləndirir.
Vətəndaş məmnunluğunun təmin edilməsi işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyas alan bərpa-quruculuq işlərində də özünün aydın ifadəsini tapir. Bu torpaqların bərpası, milli iqtisadiyyata sürətli inteqrasiyası, dayanıqlı inkişafın təmin olunması, orada ən müasir infrastrukturun qurulması, mədəni-tarixi abidələrin bərpası və layiqli yaşayış şəraitinin yaradılması istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu çərçivədə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayır. Bu ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət-özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənir.
İşğaldan azad edilmiş ərazilərdə iqtisadi canlanmanın sürətləndirilməsi və investisiya cəlbediciliyinin artırılması, müasir və effektiv istehsal, ticarət və xidmət infrastrukturunun yaradılması, innovativ texnologiyaların tətbiqi, sənaye potensialının reallaşdırılması, optimal güzəştlərin və stimullaşdırıcı mexanizmlərin hazırlanması, sahibkarlıq mühitinin yaxşılaşdırılması üçün əlverişli şərait yaradılması məqsədilə imzalanan “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamdan irəli gələn vəzifələrin uğurlu icrası bugünkü reallıqlarda özünün aydın ifadəsini tapir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də də bu çağırış xüsusi qeyd edilir ki, işğaldan azad edilmiş ərazilərin ölkənin iqtisadi və sosial simasında tarixi mövqeyi bərpa edilməlidir. Yeni bölgə iqtisadi fəaliyyətin aparıcı həlqələrindən birinə çevrilməli və ölkənin digər regionlarına uyğun inkişaf səviyyəsinə malik olmalıdır. Regionun dayanıqlı inkişafı burada iqtisadiyyatın ehtiyaclarının doğru resurslarla təmin edilməsindən asılı olacaq, təbii resurs bolluğu və qazanılan tarixi imic bu ərazilərə sərmayə cəlbinə imkan verəcəkdir. Möhkəm təməl üzərində qurulan yaşayışı təmin etməklə bölgənin ölkə üzrə iqtisadi fəaliyyətdə payını işğaldan öncəki vəziyyətə çatdıra və onu davamlı artıra bilərik. Bu prosesdə zəruri stimullara əsaslanan özəl təşəbbüslərin hərtərəfli təşviqi, eləcə də dövlət-özəl tərəfdaşlığının inkişafı vacibdir.
Bərpa-quruculuq işlərində əsas prioritetlərdən biri bu ərazilərə qayıdacaq soydaşlarımızın yüksək yaşayışını, sosial xidməti təmin etməkdir. Azərbaycan brendi kimi tanınan “ASAN xidmət”, DOST və ABAD layihələrinin uğurlu icrası, onların mərkəzlərinin coğrafiyasının genişləndirilməsi əsas hədəflərdəndir. Bu torpaqlarda vətəndaşların rahatlığı üçün “ASAN xidmət”, DOST və ABAD mərkəzlərinin və xidmət məntəqələrinin qurulması istiqamətində mühüm işlər həyata keçirilir. Bu tədbirlər həmin bölgələrdə qayıdış prosesini sürətləndirir və sosial xidmətlərin əlçatanlığını təmin edir. Bu günədək aparılan quruculuq işləri nəticəsində Zəngilan rayonunun Ağalı kəndində “Smart DOST” məntəqəsi, Şuşada DOST filialı, eləcə də Füzuli şəhərində Qarabağ Regional DOST Mərkəzinin məntəqəsi fəaliyyətə başlayıb. Azad olunmuş bölgələrdə, o cümlədən Ağdam və digər strateji yaşayış məntəqələrində müasir tələblərə uyğun xidmətlərin təşkili planlaşdırılır. Qayıdış bölgələrində sakinlərin özünüməşğulluq imkanlarını artırmaq, yerli istehsalı və sənətkarlığı dəstəkləmək üçün ABAD layihələrinin və digər sosial infrastrukturun qurulması davam etdirilir.
Azad edilmiş ərazilərdə bank xidmətlərinin yaradılmasını da xüsusi qeyd etməliyik. Biznes qurmaq istəyən sahibkarlar üçün güzəştli kreditlər və maliyyə resurslarına çıxış imkanları yaradılır. Bu torpaqlara qayıdan əhali və quruculuq işlərində çalışan işçilər üçün müasir rəqəmsal bankçılıq, lahiyələr və nağdsız ödəniş xidmətləri təmin edilir. Bərpa-quruculuq işlərinə və Böyük Qayıdış proqramının uğurlu icrasına dəstək məqsədilə aparıcı maliyyə institutları Şuşada, Zəngilanda, Xankəndində və digər yaşayış məntəqələrində filial və xidmət şəbəkələrini fəal şəkildə quraraq sosial-iqtisadi inkişafda yaxından iştirak edirlər. Müştərilər müxtəlif növ kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli xidmətlərdən faydalana bilirlər.
Göründüyü kimi, atılan bütün addımlar bir məqsədə xidmət edir - ölkənin dayanıqlı inkişafı təmin edilsin, əhali yüksək rifah şəraitində yaşasın, sosial xidmət müasir tələblərə çavab versin, onların ümumiləşdirilmiş ifadəsi olaraq vətəndaşlar onlara göstərilən diqqət və qayğıdan məmnun olsunlar.
Yeganə Əliyeva, “İki sahil”