04 avqust 2026 23:15
122

Türk dünyasının yeni strateji sütunu: Bakı-Bişkek müttəfiqliyi

Azərbaycanla Qırğızıstan arasındakı münasibətlərin yaranmasında və möhkəmlənməsində hər iki ölkənin titul xalqlarının ortaq kökdən gəlməsi ilə yanaşı, eyni zamanda tarixi talelərinin oxşarlığı və müstəqilliyin əldə edilməsi prosesinin analogiyası mühüm amillər kimi çıxış edir. Hər iki ölkə 1991-ci ildə keçmiş SSRİ-nin süqutundan sonra dövlət müstəqilliyini bərpa etmişlər. İki dost və qardaş ölkə arasında diplomatik münasibətlər 1993-cü ilin yanvarında qurulsa da, ötən müddətdə 100-dən artıq sənəd imzalansa da, son illərədək ölkələr arasındakı münasibətlərin inkişafının çox da sürətlə getdiyini söyləmək doğru olmazdı. Bunun isə əsas səbəbi qardaş ölkədə ictimai-siyasi vəziyyətin qeyri-sabitliyindən qaynaqlanırdı. Qırğızıstan-Azərbaycan münasibətləri 2021-ci ilin yanvarında Qırğızıstanda baş verən son hakimiyyət dəyişikliyindən sonra – Sadır Japarovun ölkə prezidenti seçilməsi ilə vüsət aldı və hazırda əlaqələr dostluq və qardaşlıq ruhuna uyğun şəkildə dinamik inkişafdadır.

Təsadüfi deyil ki, məhz 2022-ci ildən başlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevin Qırğızıstana, Qırğız Prezidenti Sadır Japarovun isə ölkəmizə dəfələrlə müxtəlif səviyyəli səfərləri baş tutmuşdur. Bunu səfər zamanı (qarşılıqlı mükafatlandırma mərasimində) dövlət başçımızın səsləndirdiyi sözlər də sübut edir: “...Məhz Sizin prezidentliyiniz dövründə bizim aramızdakı təmaslar müntəzəm xarakter daşıyır. Mənim Qırğızıstana səfərlərimi və Sadır Nurqojoyeviçin Azərbaycana səfərlərini saysaq, onlarla qarşılıqlı səfər həyata keçirilib”. Yeri gəlmişkən, iki ölkə məhz bu mərhələdə əvvəlcə strateji tərəfdaşa çevrilmiş, 2022-ci il aprelin 20-də Bakıda “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” imzalanmış, son səfər zamanı isə münasibətlər ən yüksək səviyyəyədək inkişaf etdirilmişdir.

Bu baxımdan bu il iyulun 31-də Azərbaycan dövlət başçısının Qırğız Respublikasına dövlət səfəri də diqqətəlayiq və məhsuldar olmuşdur: ölkələr arasında daha 15 sənədin imzalanması, xüsusilə “Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilə” münasibətlərin artıq kulminasiya nöqtəsində olduğunu, qarşılıqlı əlaqələrdə tamamilə yeni mərhələnin başlandığını sübut edir. Paytaxt Bişkekdə Prezident İlham Əliyevin həmkarı Sadır Japarov ilə birgə mətbuat bəyanatında səsləndirdiyi fikirlər də iki qardaş ölkə arasında strateji münasibətlərin artıq keyfiyyətcə yeni və daha yüksək – tərəfdaşlıqdan müttəfiqlik mərhələsinə adlamasının sadəcə sənəd üzərində qalmayacağının ictimai bəyanı kimi əlamətdar olmuşdur. Dövlət başçımızın səsləndirdiyi “Müttəfiqlik münasibətləri çox böyük məsuliyyət deməkdir və biz bu məsuliyyətə hazırıq”, – tezisi iki dövlətin sadəcə formal tərəfdaş olmadığını, həm beynəlxalq platformalarda, həm iqtisadi sahədə, həm də regional təhlükəsizlik məsələlərində tam qarşılıqlı dəstək nümayiş etdiriləcəyini təsdiqləyir. Bu müttəfiqlik Türk Dövlətləri Təşkilatı (TDT), BMT və digər beynəlxalq platformalarda vahid mövqedən çıxış etmək iradəsini daha da möhkəmləndirir.

Bəyanatda siyasi iradənin konkret iqtisadi göstəricilərə və layihələrə çevrilməsi xüsusi diqqət çəkir. Birgə Azərbaycan-Qırğız İnvestisiya Fondunun maliyyə vəsaitinin indiki mərhələdə iki dəfə artırılaraq 200 milyon dollara çatdırılması iqtisadi əlaqələrin böyük sürətlə genişləndiyini sübut edir. Bu vəsait birgə istehsalat, sənaye və yeni iş yerlərinin yaradılmasına yönəldiləcəkdir. Səfər zamanı məşhur İssık-Kul gölünün sahilində Azərbaycan kapitalı ilə inşa edilən ilk beşulduzlu “Bakı” hotelinin açılışı Azərbaycanın Mərkəzi Asiyaya yatırdığı birbaşa brend investisiyaların və turizm sektorundakı fəal iştirakının rəmzidir.

Azərbaycan Prezidenti Qırğızıstanın post-münaqişə reallıqlarında və Böyük Qayıdış prosesindəki töhfəsi kimi xüsusi vurğuladığı Qırğızıstan tərəfindən Ağdamda inşa edilən “Manas” adını daşıyan orta məktəb qırğız xalqının Qarabağın yenidən qurulmasına verdiyi mənəvi və praktiki dəstəkdir. Bu fakt Qazaxıstanın Füzulidə tikdiyi Kurmanqazı Mərkəzi və Özbəkistanın Füzulidə inşa etdiyi Mirzə Uluqbəy adına məktəblə eyni xəttə dayanaraq Türk dünyasının Qarabağda birgə quruculuq iradəsini növbəti dəfə nümayiş etdirir. Yeri gəlmişkən, hələ 1995-ci il avqustun 28-də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev Bişkekdə “Manas” dastanının 1000 illik yubiley tədbiri münasibətilə iştirak etdiyi təntənəli yığıncaqda demişdi: “Manas” dastanının 1000 illik yubileyi qırğız xalqının böyük tarixini dünyaya bir daha nümayiş etdirir. Qardaş qırğız xalqı “Manas” dastanının qoyduğu yolla gedir. Min il, əsrlərdən-əsrlərə böyük yol keçmiş “Manas”ın dahi fikirləri, dahi sözləri bu yolu daim işıqlandırmışdır. “Manas” qırğız xalqının müdrikliyinin rəmzidir, zəkasının, qəhrəmanlığının, cəsarətinin rəmzidir. “Manas” qırğız xalqının daim vətənpərvər olduğunu, adətsevər, azadlıqsevər olduğunu, cəsarətli olduğunu bütün dünyaya nümayiş etdirir. “Manas” qırğız xalqının böyük mədəni və mənəvi sərvətidir, bütün dünya sivilizasiyasının, bəşəriyyətin dəyərli sərvətidir, türk dünyasının, türkdilli xalqların, İslam dünyasının böyük mənəvi sərvətidir. “Manas” eyni zamanda Azərbaycan xalqına məxsusdur, Azərbaycan xalqının da mənəvi, mədəni sərvətidir. Manas bizim hamımızın, xalqlarımızın hamısının ulu babasıdır”.

Bu baxımdan, Prezident İlham Əliyevin mətbuat bəyanatında da ortaq mədəni-tarixi irsə verilən dəyər xüsusi yer tutur. Bakıda Çingiz Aytmatovun abidəsi və parkının açılması, Bişkekdə isə Qırğızıstan-Azərbaycan dostluğu parkının fəaliyyət göstərməsi xalqlarımız arasındakı mənəvi yaxınlığı canlı saxlayır. Hər iki ölkədə qarşılıqlı şəkildə – 2023-cü ildə Azərbaycanda Qırğız, 2024-cü ildə isə qardaş ölkədə Azərbaycan mədəniyyət günlərinin keçirilməsi isə fərdlər, ictimaiyyət və cəmiyyətlərarası inteqrasiyanı daha da gücləndirir. Prezident İlham Əliyevin 2022-ci ilin oktyabrın 11-də Bişkekə elə ilk səfəri zamanı Heydər Əliyev adına və Nizami Gəncəvi adına iki ümumtəhsil məktəbinin, Qırğızıstan-Azərbaycan Dostluq Parkının birgə açılışını mədəni-humanitar sahədə qardaş xalqlar arasında qırılmaz dostluq rəmzinə çevrilmişdir. Azərbaycan Prezidentinin ilk səfəri zamanı Bakı ilə Bişkekin qardaşlaşması, son səfər zamanı isə Şuşa şəhəri ilə Qırğız Respublikasının Çolpon-Ata şəhəri arasında qardaşlaşma əlaqələrinin yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması humanitar əlaqələrin miqyasının genişliyinə və bu sahədə iradənin qətiliyinə daha bir nümunədir.

Bəyanatın diplomatik baxımdan ən mühüm regional mesajlarından biri də Azərbaycanın Mərkəzi Asiya regionu ilə dərinləşən inteqrasiyasıdır. Prezident İlham Əliyevin Mərkəzi Asiya dövlət liderlərinin sammitinə tamhüquqlu üzv kimi qoşulması Azərbaycanın region ölkələri ilə strateji birliyini keyfiyyətcə yeni formata yüksəldir. Bu, Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarının vahid гео-iqtisadi və geosiyasi məkan kimi çıxış etməsini təmin edir.

Səfər çərçivəsində həm iki ölkə arasında münasibətlərin keyfiyyətcə geniş səviyyəyə yüksələrək strateji müttəfiqlik xarakteri qazanmasında, həm də Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında əlaqələrin inkişafında xüsusi rolu, eləcə də ölkələr arasında dostluğun möhkəmləndirilməsinə şəxsi töhfəsi və sadiqliyi nəzərə alınaraq Azərbaycan Prezidenti İlham Əliyevin Qırğız Respublikasının ali dövlət mükafatı – 1-ci dərəcəli “Manas” ordeni ilə təltif olunması münasibətlərin ruhunun ifadəsi baxımından əlamətdar hadisəyə çevrildi. Öz növbəsində Qırğız lideri Sadır Japarovun həm Qırğızıstanın inkişafına, həm də iki ölkə arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə görə Azərbaycanın ali mükafatı – “Heydər Əliyev” ordeni ilə təltif olunması Prezident İlham Əliyevin həm öz qırğız həmkarına, həm də Qırğız dövləti ilə münasibətlərin bugünkü səviyyəsinə verdiyi qiymətin və əhəmiyyətin göstəricisidir.

Beləliklə, Azərbaycan Prezidenti İlham Əliyevin bu bəyanatı “siyasi müttəfiqlik, iqtisadi investisiya və zəngin mədəni inteqrasiya” formuluna söykənir. Gəlinən nəticə isə budur ki, Azərbaycan ilə Qırğızıstan arasındakı münasibətlər artıq ikitərəfli çərçivəni aşaraq Türk dünyasının daxili birliyinə, Orta Dəhlizin iqtisadi gücünün artırılmasına və regional təhlükəsizliyin möhkəmlənməsinə xidmət edən strateji sütunlardan birinə çevrilmişdir.

Elman Cəfərli,
YAP Naxçıvan şəhər təşkilatının sədri,
tarix üzrə fəlsəfə doktoru, dosent