04 avqust 2026 22:15
76

Türk dünyasının inkişafına təkan verəcək strateji tərəfdaşlıq

Azərbaycan-Qırğızıstan Müttəfiqlik müqaviləsindəki  hədəflər…

Bu, türk dünyasının inkişafına təkan verəcək strateji məsələdir  

Azərbaycan son illərdə Türk Dövlətləri Təşkilatı (TDT) daxilində geosiyasi və iqtisadi  inteqrasiyanı gücləndirməyi bir dövlət siyasəti olaraq uğurla  inkişaf etdirir. Bu mənada, ötən həftə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qırğız Respublikasına həyata keçirdiyi dövlət səfəri nəinki iki dost və qardaş ölkənin münasibətlərində, ümumilikdə TDT məkanında keyfiyyətcə yeni mərhələnin əsasını qoydu.  Xüsusilə səfər çərçivəsində  Çolpon-Ata şəhərində imzalanan Müttəfiqlik Müqaviləsi Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında əməkdaşlığın hüquqi və siyasi bazasını strateji tərəfdaşlıqdan daha yüksəyə, müttəfiqlik səviyyəsinə yüksəltdi.

Bu müqavilə təhlükəsizlik, iqtisadiyyat, nəqliyyat, enerji və humanitar sahələrdə uzunmüddətli əməkdaşlığa əsaslanan yeni siyasi platformanın əsasını qoydu. Ən başlıcası isə Dövlətlərarası Şuranın III iclasının keçirilməsi göstərdi ki, münasibətlər artıq yalnız siyasi dialoqla məhdudlaşmır, konkret icra mexanizmləri vasitəsilə davamlı inkişaf modelinə çevrilir.

Sözügedən səfərdə ən mühüm nəticələrindən biri iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində atılan addımlar oldu. Azərbaycan və Qırğızıstan arasında imzalanan sənədlər investisiya, energetika, nəqliyyat, logistika, statistika, maliyyə bazarları və rəqəmsal təhlükəsizlik kimi mühüm sahələri əhatə edir. Eyni zamanda, Azərbaycan–Qırğız İnkişaf Fondunun fəaliyyətinin genişləndirilməsi barədə İkinci Əlavə Saziş iki ölkə arasında birgə investisiya layihələrinin maliyyələşdirilməsi baxımından mühüm əhəmiyyətə malikdir. Bu fond gələcəkdə sənaye, kənd təsərrüfatı, logistika, turizm və istehsal sahələrində iri layihələrin həyata keçirilməsinə imkan yaradacaq.

İki dost və qardaş ölkənin biri-birinin iqtisadiyyatına yatırdıqları investisiyaların da həcmi hər il artır. Belə ki, 2026-cı ilin iyulun 1-nə olaq dövrədək  Azərbaycanda kənd təsərrüfatı, sənaye, tikinti, ticarət, nəqliyyat, xidmət sektorlarında Qırğızıstan investisiyalı 97 kommersiya qurumu qeydiyyatdadır, onlardan 39-nun fəaliyyəti aktivdir.

Həmçinin indiyədək  Azərbaycandan Qırğızıstana birbaşa investisiya axınlarının həcmi 68,8 milyon dollar təşkil edir. Qırğızıstandan isə Azərbaycana birbaşa investisiya 25,2 milyon dollardır və bu, əsasən qeyri-neft-qaz sektorunun payına düşür. Bu ilin yanvar-iyun aylarında Azərbaycan və Qırğızıstan arasında ticarət dövriyyəsi təxminən 29 milyon ABŞ dolları olub. Yarım ildə Azərbaycandan Qırğızıstana 25,5 milyon dollarlıq məhsul ixrac olunub, Qırğızıstandan ölkəmizə isə 3,4 milyon dollarlıq məhsul idxal edilib. Keçən il isə iki ölkə arasında ticarət dövriyyəsi 77,1 milyon dollardan çox olub.
Cari ilin birinci rübünə dair iqtisadi göstəricilər də əməkdaşlıq üçün geniş potensialın mövcud olduğunuəks etdirir. Türk dövlətlərinin ümumi ÜDM-i 673,6 milyard ABŞ dollarına, əhalisi 178,8 milyon nəfərə, ümumi ticarət dövriyyəsi isə 326 milyard ABŞ dollarına çatıb. Qırğızıstan iqtisadiyyatı 10,1 faiz, sənaye istehsalı 14 faiz, əsas kapitala investisiyalar 25,5 faiz, bank sektorunun aktivləri isə 23 faiz artıb. 

Məhz bu uğurlar Qırğızıstanın regionun ən dinamik inkişaf edən iqtisadiyyatlarından birinə çevrildiyini göstərir. Azərbaycan isə nəqliyyat-logistika infrastrukturu, enerji layihələri və investisiya mühitinin inkişafı sahəsində topladığı təcrübə ilə Qırğızıstan üçün mühüm tərəfdaş rolunu oynayır. Bu baxımdan iki ölkənin iqtisadi modelləri bir-birini tamamlayır.

Səfər çərçivəsində imzalanan sənədlər arasında yükdaşımalar, gəmiçilik və gəmiqayırma sahəsində əməkdaşlıq haqqında sazişlər xüsusi diqqət çəkir. Bu sənədlər Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) boyunca yükdaşımaların daha da genişləndirilməsinə xidmət edəcək. Azərbaycan Xəzər dənizinin qərb sahilində, Qırğızıstan isə Mərkəzi Asiyanın mərkəzində yerləşərək Avropa ilə Asiya arasında mühüm tranzit mövqeyə sahibdir. 

Məlumdur ki, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və Xəzər üzərindən həyata keçirilən multimodal daşımalar Qırğızıstan üçün Avropa bazarlarına çıxış imkanlarını daha da artırır. Həmçinin yükdaşımalar, logistika və rəqəmsal nəqliyyat həlləri üzrə imzalanan memorandumlar Orta Dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsinə töhfə verəcək.

Sözügedən səfər zamanı energetika sahəsində əməkdaşlığa dair memorandum və 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsi neft məhsullarının tədarükü, enerji təhlükəsizliyi və gələcək yaşıl enerji layihələri üçün hüquqi baza yaradır. Bununla yanaşı, kibertəhlükəsizlik, maliyyə bazarlarının tənzimlənməsi və statistika sahəsində imzalanmış memorandumlar iqtisadi münasibətlərin rəqəmsal transformasiyasına xidmət edən mühüm addımlar hesab olunur.

Sevindrici məqamdır ki, bu dövlət səfəri nəticəsində əldə olunan razılaşmalar yalnız iki ölkənin milli maraqlarına xidmət etmir, eyni zamanda Orta Dəhlizin inkişafı, regional ticarətin genişlənməsi, investisiya axınının artırılması və TDT-nin  vahid iqtisadi məkan kimi formalaşmasına mühüm töhfələr verir. Yəni, iki qardaş ölkənin müttəfiqliyi Türk dünyasında siyasi həmrəyliklə yanaşı, iqtisadi inteqrasiyanın da yeni mərhələsinin təməl prinsiplərindən birinə çevrilir.

Elçin Zaman, "İki sahil"