12 oktyabr 2026 21:23
116

Sülhü çirkin niyyətlərinə qurban vermək istəyənlər

2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Sülh Sammiti Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasında mühüm diplomatik mərhələ oldu. Prezident Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamə və “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin qurulması haqqında” Sazişin paraflanması praktiki əməkdaşlıq üçün yeni imkanlar açdı.

Təəssüf ki, ABŞ-ın bəzi konqresmenləri çirkin mahiyyət daşıyan anti-Azərbaycan fəaliyyətlərini davam etdirirlər. Elə erməni lobbi və diaspor təşkilatlarının təsiri altında olan ABŞ Konqresinin 100-dən çox üzvünün, o cümlədən 26 senator və Nümayəndələr Palatasının 75 təmsilçisinin Dövlət katibi Marko Rubioya ünvanladıqları 5 oktyabr 2026-cı il tarixli müraciət də bunu sübut edir. Ən əsası budur ki, onlar müraciətlərində Azərbaycanla bağlı bir sıra önəmli məsələləri nəzərə alınmayıblar. Bu da ABŞ-ın diplomatik səyləri nəticəsində Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin irəliləyişini çətinləşdirmək riski daşıyır.  Bu, həm də onların Cənubi Qafqazda sülhün bərqərar olmasına maneçilik törətmək məqsədi daşıyan ambisiyalarını reallaşdırmaq istəklərindən, aranı qarışdırmaq niyyətlərindən xəbər verir. Məsələn, onlar hazırda Bakıda həbsdə olan şəxsləri “siyasi və hərbi liderlər” kimi təqdim ediblər. Halbuki bu ifadə reallığı əks etdirmir. Həmin şəxslər Azərbaycanın suveren ərazisində müharibə cinayətləri də daxil olmaqla, ağır cinayətlərə görə mühakimə olunublar, onların əməlləri sübut edildikdən sonra Bakı Hərbi Məhkəməsinin 5 fevral 2026-cı il tarixli hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər.

Bununla yanaşı, bədnam müraciətdə təxminən 241 kvadratkilometr ərazi Azərbaycanın işğalı altında olan Ermənistan ərazisi kimi təqdim edilib. Halbuki həmin ərazilər tarixən Azərbaycana məxsus olub. Azərbaycan həmin əraziləri erməni barbarlarından azad etməklə öz suverenliyini bərpa edib. Digər tərəfdən, belə iddialar irəli sürülərkən Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiyası və demarkasiyası prosesi, müvafiq hüquqi sənədlər və tərəflər arasında əldə olunmuş razılaşmalar əsas götürülməyib. Ərazi məsələlərinin birtərəfli təqdim edilməsi isə qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət etmir.

Yeri gəlmişkən, həmin müraciətlə bağlı Milli Məclisin deputatları, bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri və nümayəndələri ABŞ Konqresinin senatorlarına və Nümayəndələr Palatasının üzvlərinə məktubla müraciət ediblər. Müraciətdə Azərbaycanla ABŞ arasında münasibətlərin inkişafı, regionda sülh prosesinin dəstəklənməsi və ikitərəfli əməkdaşlığa mane olan məsələlərin aradan qaldırılması ilə bağlı mühüm fikirlər ifadə olunub. Bu müraciətdə həm də 907-ci düzəlişlə bağlı fikirlər diqqəti cəlb edir: “Konqresi, həmçinin “Azadlığa Dəstək Aktı”nın 907-ci maddəsinin tam ləğvini nəzərdən keçirməyə çağırırıq. 907-ci maddə artıq tarixi şəraiti, mövcud geosiyasi reallıqları və Azərbaycan–Ermənistan münasibətlərinin hazırkı vəziyyətini əks etdirmir”. Həqiqətən də, 907-ci maddənin mövcudluğu ABŞ-Azərbaycan münasibətlərinin tam potensialından istifadə edilməsinə mane olan amillərdən biridir. Şübhəsiz, 907-ci maddənin tam ləğvi həm də Vaşinqtonun Cənubi Qafqazda davamlı sülhün təmin olunmasına verdiyi dəstəyin mühüm göstəricisi olardı. Bu mənada ABŞ-ın siyasi dairələri regionda yaranmış yeni reallıqları obyektiv qiymətləndirməli, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına və ABŞ-Azərbaycan tərəfdaşlığının inkişafına töhfə verən mövqe ortaya qoymalıdırlar.

Qvami Məhəbbətoğlu, “İki sahil”