05 avqust 2026 01:12
91

Paşinyanın yeni hökumətinin prioritetləri nələrdir?

Ermənistanda 7 iyun 2026-cı il tarixində keçirilən parlament seçkiləri ölkənin həm daxili siyasi xəritəsini, həm də Cənubi Qafqazdakı geostrateji mövqeyini müəyyən edən mühüm dönüş nöqtəsi oldu. Seçkilərin nəticələri və seçkidən sonra formalaşan yeni hökumət Ermənistanın növbəti inkişaf mərhələsini şərtləndirən bir neçə əsas istiqaməti üzə çıxardı. İlk öncə onu xatırladaq ki, seçki nəticələrinə əsasən, Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi "Vətəndaş Müqaviləsi" partiyası təxminən 49.8 faiz səs toplayaraq parlamentdə 64 mandat qazandı və təkbaşına hökumət qurmaq hüququnu qoruyub saxladı. "Güclü Ermənistan" alyansı (Samvel Karapetyan) - 23.3 faiz səs (29 mandat), "Ermənistan" bloku (Robert Koçaryan) - 9.9 faiz səs (12 mandat) qazandı. Bu nəticə Paşinyanın 2018-ci ildən bəri həyata keçirdiyi siyasi xəttə və regional sülh gündəliyinə cəmiyyət tərəfindən verilən növbəti etimad mandatı kimi qiymətləndirildi.

Yeni hökumətin xarici siyasətində ən diqqətçəkən məqam şaxələndirmə (diversifikasiya) xəttinin dərinləşməsidir. Belə ki, Yerevan Avropa İttifaqı ilə iqtisadi və siyasi əlaqələri gücləndirməyi, vizasız gediş-gəliş rejiminə keçidi və idarəetmə islahatlarını prioritet elan edib. Həmçinin Ermənistan Avrasiya İqtisadi İttifaqı (Aİİ) çərçivəsində iqtisadi asılılığını dərhal kəsə bilməsə də, Moskvanın birtərəfli siyasi təsir imkanlarını neytrallaşdırmağa çalışır. Yeni hökumətin qarşısında duran ən əsas geostrateji vəzifə isə regional təcridə son qoymaqdır. Sirr deyil ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin yekunlaşdırılması və sərhədlərin delimitasiyası iqtisadi sabitlik üçün əsas şərt kimi görülür. Seçkiöncəsi sülh sazişinin imzalanması prioritet kimi təqdim edildiyi üçün artıq əməli addımlara keçilməyin vaxtı çatdığını yeni komanda anlayır. Bunun üçün isə Konstitusiyada dəyişikliyin reallaşması vacib şərtdir. Ermənistan Konstitusiyasının preambulasında yer alan və 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad edən müddəalar Azərbaycanda ölkəyə qarşı ərazi iddialarının hüquqi əsasının qorunub saxlanılması kimi dəyərləndirilir. Məhz buna görə də Paşinyan hökuməti seçkilərdən sonra bu məsələni daha açıq şəkildə ictimai müzakirəyə çıxarmağa başlayıb və yeni konstitusiya layihəsinin hazırlanmasının dövlətin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsi olduğunu vurğulayır. Bu proses üçün isə əvvəlcə yeni layihə hazırlanmalı, parlamentdə təsdiqlənməli və nəhayət, referenduma çıxarılmalıdır. Revanşist qüvvələr və kilsənin bu prosesə qarşı çıxacağı, milli maraqlardan geri çəkilmə kimi cəmiyyətə sırıyacağı artıq indidən müşahidə edilir. Amma söyləmək lazımdır ki, konstitusiya dəyişikliyinin vaxtının uzadılması Ermənistan xarici siyasətinə mənfi təsir göstərməklə yanaşı, Azərbaycanın səbr kasasının daşması ilə də nəticələnə bilər və Paşinyan komandası bu faktı gözəl anlayır. Eyni zamanda, yeni hökumət bilir ki, referendumun uğurlu nəticəsi, İrəvanın regionda yeni hüquqi-siyasi reallığı qəbul etdiyini nümayiş etdirən ən mühüm addımlardan biri kimi qiymətləndirilə bilər. Əks halda, prosesin uzanması və ya referendumun uğursuz nəticələnməsi həm Azərbaycanla yekun sülh sazişinin imzalanmasını gecikdirə, həm də Paşinyanın üçüncü hökumətinin siyasi legitimliyi və islahat gündəliyi üzərində əlavə təzyiq yarada bilər.

İrəvanın yeni dövrdə xarici siyasətinin digər mühüm istiqaməti də Türkiyə ilə münasibətlərin normallaşdırılmasıdır ki, bu da Azərbaycanla sülh müqaviləsinin imzalanmasından birbaşa asılıdır. Ankara ilə birbaşa diplomatik əlaqələrin qurulması və kommunikasiya xətlərinin açılması Ermənistanı Şərq-Qərb nəqliyyat dəhlizlərinə inteqrasiya edə bilər. Regional nəqliyyat dəhlizlərinin açılması və logistika imkanlarının genişləndirilməsi fonunda xarici investisiyaların cəlb edilməsi də gündəmin ön sırasındadır. Ermənistan hazırda Avropaya və Qara dəniz limanlarına (Batum, Poti) əsasən Gürcüstan üzərindən çıxır. Türkiyə sərhədinin (məsələn, Margara və ya Akyaka/Qars keçidləri) açılması Ermənistana birbaşa Türkiyənin inkişaf etmiş avtomobil və dəmir yolu şəbəkəsi vasitəsilə Aralıq dənizi və Egey dənizi limanlarına, eləcə də Mərkəzi Avropaya daha qısa və ucuz marşrutla inteqrasiya olunmaq imkanı verə bilər. Sovet dövründən qalan, lakin 1993-cü ildən dayandırılan Qars-Gümrü dəmir yolu bərpa edilərsə, Ermənistan birbaşa Türkiyə dəmir yolu şəbəkəsinə və oradan da Avropaya bağlanan Marmaray xəttinə qoşula bilər. Bu, yükdaşımalarında dəniz və avtomobil nəqliyyatından asılılığı azaldaraq daha sürətli tranziti təmin edər.

Bir sözlə, Türkiyə kimi böyük iqtisadiyyatla birbaşa ticarətin başlaması Ermənistana ucuz xammal, tikinti materialları və geniş istehlak bazarı gətirəcək. Azərbaycanın bərpa olunan enerji, logistika və nəqliyyat imkanlarından ortaq istifadə regionda qarşılıqlı iqtisadi asılılıq yaradacaq ki, bu da gələcəkdə yeni münaqişələrin yaranma ehtimalını sıfıra endirəcək. Konstitusiya dəyişikliyi və sülh müqaviləsi Ermənistan üçün "keçmişin yükündən azad olaraq gələcəyə baxmaq" fürsətidir. İqtisadi inteqrasiya və regional layihələrdə iştirak ölkənin suverenliyini zəiflətməyəcək, əksinə iqtisadi cəhətdən güclü və müstəqil Ermənistanın gələcək inkişafının ən real zəmanəti olacaq.

Sevinc Azadi, “İki sahil”