Dayaz siyasət yeridən Fransa prezidenti Emmanuel Makron zəhlətökən atmilçəyi kimi ölkəmizin işlərinə qonmaqdan əl çəkmir. Bir tərəfdən burnuna vurub qaytarılsa da başqa tərəfdən soxulur. Hər yerdə bir dəstə erməni və ya ermənipərəst tapıb üstümüzə salışdırır, özü isə marığa yatıb gözləyir. Axmaq düşüncələri ilə Cənubi Qafqazda ayağına yer etmək üçün Azərbaycanı sıxışdırıb tabe etmək kimi eqoist planlar cızır. Özünü “böyük siyasətçi” hesab edən bu adam əslində orta səviyyədən də aşağı yer tutur. Makronun burnu bu dəfə Korsikadan çıxır. Özü də yenə Azərbaycan əleyhinə.
Bakı Təşəbbüs Qrupu (BTQ) Korsika Assambleyasının qondarma "Artsax Respublikası" və Azərbaycanda cinayət məsuliyyətinə cəlb olunmuş Ermənistan vətəndaşları ilə bağlı qəbul etdiyi ilkin qanunvericilik təşəbbüsünü qətiyyətlə pisləyir.
Bu barədə BTQ-nin yaydığı bəyanatda qeyd olunub ki, birtərəfli, təxribat xarakterli və siyasi motivlərlə hazırlanmış təşəbbüsdür: "Suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmamaq kimi fundamental prinsiplərə zidd olan bu təşəbbüs rəsmi Paris tərəfindən irəli sürülən geosiyasi narrativləri təkrarlayır. Bu təşəbbüsü dəstəkləyən şəxslərin davranışı Korsika xalqının siyasi iradəsinin müstəqil ifadəsi kimi qiymətləndirilə bilməz. Onlar Fransanın xarici siyasət gündəmini ötürən vasitələr kimi çıxış etməyi seçərək Korsikanın milli maraqlarını, dilini, mədəniyyətini və kimliyini müdafiə etməli olan nümayəndələrdən daha çox, Parisin siyasi alətlərinə- faktiki olaraq marionetlərinə çevrilmişlər".
Məlumatda həmçinin qeyd olunub ki, bu mövqenin ikiüzlülüyü xüsusilə diqqət çəkir. Belə ki, Korsikanın problemləri başdan aşır, özü də bu problemləri ona üstdən aşağı baxan Fransa yükləyib. Belə bir vəziyyətdə olan ölkənin Azərbaycanın daxili işlərinə qarışması, ona irad tutması tamamilə absurddur və qəbuledilməzdir.
Minlərlə kilometr uzaqda öz müqəddəratını təyinetmə hüququndan yüksək səslə danışan eyni siyasi dairələr, Korsikanın özündə Korsika xalqının ən elementar dil və siyasi hüquqlarını təmin etmək istəmir. Fransa Konstitusiyasının 2-ci maddəsinə əsasən, fransız dili respublikanın yeganə rəsmi dilidir. 2025-ci ilin iyun ayında isə Fransa Dövlət Şurası Korsika hakimiyyət orqanlarının həmin qərarlardan verdiyi apellyasiya şikayətini qəbul etməkdən boyun qaçırıb.
Bundan əlavə, Fransa 1999-cu ildə Regional və ya Milli Azlıqların Dilləri üzrə Avropa Xartiyasını imzalasa da, bu günədək onu ratifikasiya etməyib. Bu, bütöv bir xalqı saymazlıq deməkdir.
Cənubi Qafqazla bağlı təşəbbüslər qəbul etməzdən əvvəl həmin nümayəndələr bir neçə suala cavab verməlidirlər: Nə üçün onlar Korsika dilinə status verməkdən imtina edən dövlətə tabe olaraq qalırlar? Nə üçün rəsmi Paris tərəfindən həyata keçirilən mərkəzləşdirici və məqsədyönlü milli aşınma siyasətinə qarşı eyni qətiyyəti nümayiş etdirmirlər? Nə üçün xaricdə dekolonizasiya ritorikasından istifadə etdikləri halda, Korsikanın kimliyi, təhsili, dili və siyasi qərarverməsi üzərində Fransa hökmranlığının davam edən təcavüzkar nəticələrini görməzlikdən gəlirlər?
Vurğulanıb ki, BTQ Korsika xalqı ilə Fransa hökumətinin maraqlarına qul kimi xidmət edən və özlərinin milli maraqlarını müdafiə etmək əvəzinə Parisə siyasi itaəti seçən şəxslərlə mübarizə aparanlar arasında aydın fərq qoyur. Korsika xalqı doğma dilini qoruyan, milli mədəniyyətini yaşadan və xalqın öz siyasi gələcəyini müəyyən etmək hüququnu ardıcıl şəkildə müdafiə edən nümayəndələrə layiqdir, müstəmləkəçi Fransanın xarici siyasətinin maşasına çevrilmiş nümayəndələrə deyil. Bakı Təşəbbüs Qrupu Korsika Assambleyasının diqqətini, ilk növbədə, Korsika xalqının həll olunmamış hüquqlarına yönəltməyə çağırır. Assambleya Fransadan Korsika dilinin tam tanınmasını, onun təhsil, idarəetmə və ictimai həyatda maneəsiz istifadəsinə təminat verilməsini, regional və ya Azlıqların Dilləri üzrə Avropa Xartiyasının ratifikasiya edilməsini, Korsika xalqının milli kimliyinin və mədəniyyətinin qorunmasını, Korsika xalqının siyasi iradəsinə və öz müqəddəratını təyinetmə hüququna hörmət göstərilməsini tələb etməlidir.
Bakı Təşəbbüs Qrupu Korsika Assambleyasını siyasi və institusional müstəqilliyini qorumağa və Fransa dövlətinin milli gündəmini irəli aparan bir alətə çevrilməsinə imkan verməməyə çağırıb: "Korsika xalqının nümayəndə orqanı olaraq Assambleya Korsika xalqının dil, mədəniyyət və siyasi hüquqlarını müdafiə etməli, Korsikanın kimliyini və arzularını zəiflədən siyasətlərin legitimləşdirilməsi üçün istifadə olunmasına yol verməməlidir".
“Özünə umac ova bilməyənlərin başqasına əriştə kəsməsi” gülüncdür və istehza doğurur.
Vəli İlyasov, “İki sahil”