20 mart 2025 11:01
618

Azərbaycan xalqının tarixi ənənələrini yaşadan milli bayram

Şəmkir rayonunda “Novruz Azərbaycan xalqının tarixi ənənələrini yaşadan milli bayramımızdır” adlı bayram tədbiri keçirilib.

YAP Şəmkir rayon təşkilatının Dəllər qəsəbə ərazi partiya təşkilatında  Novruz bayramı münasibəti ilə Zaur Abbasov adına tam orta məktəbinin həyətində tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Şəmkir rayon icra hakimiyyətinin başçısı Rəşad Tağıyev, YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev, idarə, müəsissə, təşkilat və hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, Zaur Abbasov adına tam orta məktəbin müəllim, şagird kollektivi  iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev tədbir iştirakçılarını Azərbaycan xalqının min illər boyu qəlbində yaşatdığı ən əziz günlərdən biri Novruz bayramı münasibətilə təbrik edib, hər bir ailəyə sevinc, firavan günlər, əmin-amanlıq, Bahar bayramının xalqımıza ruzi-bərəkət gətirməsini arzulayıb və sonra bayramın rəmzi Novruz tonqalını alovlandırıb.

Milli geyimli uşaqlar tonqalın ətrafında halay vurublar. Rayon rəhbəri ayrı-ayrı kollektivlərin hazırladıqları guşələrə yaxınlaşaraq bayram münasibəti ilə təşkil edilmiş süfrələrlə tanış olub və buraya gələnləri bayram münasibəti ilə bir daha təbrik edib.

Tədbir Zaur Abbasov adına tam orta məktəbin müəllim, şagird kollektivinin hazırladığı rəngarəng konsert proqramı ilə davam etdirilib.