24 iyul 2026 18:56
86

Yaponiya hökumətində dəyişiklik olacaq

Yaponiya Baş naziri Sanae Takaiti hökumətin reytinqinin düşməsi fonunda Nazirlər Kabinetində və hakim Liberal-Demokrat Partiyasının (LDP) rəhbər heyətində kadr dəyişiklikləri aparmağı planlaşdırır.

“İki sahil” xəbər verir ki, bu barədə "Kyodo" agentliyi mənbələrə istinadla məlumat yayıb.

Məlumata görə, əsas diqqət hazırda Satsuki Katayamanın tutduğu maliyyə naziri və Süniti Suzukinin tutduğu LDP-nin baş katibi postlarına yönələcək. Sonuncu, partiyanın ən nüfuzlu xadimlərindən biri olan keçmiş baş nazir Taro Asoya yaxın şəxs hesab olunur.

Bununla yanaşı, hökumətin tərkibinə LDP-nin hakim koalisiyadakı tərəfdaşı olan "Yaponiyanın Yenilənməsi Cəmiyyəti" partiyasının nümayəndəsinin də daxil olacağı gözlənilir. Həmçinin diqqət Takaitinin LDP sədri postu uğrunda keçmiş rəqiblərinin — müdafiə naziri Siciro Koizumi, XİN rəhbəri Tsimitsu Motegi, inzibati işlər və rabitə naziri Yoşimasa Hayaşi və LDP Siyasi Şurasının rəhbəri Takayuki Kobayaşinin öz vəzifələrini qoruyub saxlayacağı məsələsinə yönəlib.

Hökumətdəki dəyişikliklərin avqust və ya sentyabr aylarında baş tutacağı gözlənilir.