12 noyabr 2026 18:15
78

Bu gün biz azad Qarabağda qurub-yaradırıq

Dövlətimizin başçısı İlham Əliyevin Cəbrayıla, Zəngilana, Ağdama, Şuşaya və Xankəndiyə səfərləri Zəfər Gününün 6-cı ilinin təqdimatı oldu  

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimizin  6-cı ildönümünü böyük qürur hissi ilə, təntənəli şəkildə qeyd etdik. Çüstəqillik tariximizə yazılan 8 noyabr 2020-ci il həm  Zəfər Gününün, həm də Qarabağın tacı, Azərbaycanın, Türk və İslam dünyasının mədəniyyət paytaxtı Şuşanın işğaldan azad edilməsinin daim yaddaşlarda qalması ilə  yanaşı, buna qədərki dövrün geniş  təhlilinə, indiki və gələcək nəsillərə çatdırılmasına bir çağırışdır. Dövlətimizin başçısı İlham Əliyevin  Zəfər Günü ərəfəsində azad edilmiş  ərazilərimizə səfərləri, bu məkanlardan xalqımıza təbrikini çatdırması artıq hər birimizin səbirsizliklə gözlədiyi tarixi məqamlardan biridir. Cənab İlham Əliyevin  noyabrın 6-da Cəbrayıla, Zəngilana, Ağdama, Şuşaya və Xankəndiyə başlanan səfərləri noyabrın 8-də  Xankəndi şəhərində Zəfər abidəsini ziyarət edərək önünə əklil qoyması, Azərbaycan xalqını Zəfər Günü münasibətilə təbriki ilə tarixə yazıldı.

Dövlətimizin başçısının azad edilmiş ərazilərə hər səfəri mühüm sosial obyektlərin açılışı və təməlqoyma mərasimlərinin keçirilməsi ilə yadda qalır. Bu səfərlər, həmçinin Böyük Qayıdışa dair I Dövlət Proqramından irəli gələn vəzifələrin uğurlu icrası  Qarabağ və Şərqi Zəngəzurun bərpası, yenidən qurulması və əhalinin doğma yurdlarına qayıdışı prosesinin əsas hərəkətverici qüvvəsidir. 2020-ci il Vətən müharibəsindən dərhal sonra başlayan bu səfərlər və 2022-2026-cı illəri əhatə edən Dövlət Proqramı Azərbaycanın müasir inkişaf strategiyasının ən mühüm istiqamətlərindən birini təşkil edir. Belə ki, cənab İlham Əliyev bu torpaqlara səfərləri zamanı görülən işlərlə tanış olur, dövlətimizin başçısının iştirakı ilə yeni yaşayış komplekslərinin, sənaye parklarının, məktəblərin, xəstəxanaların və yol-nəqliyyat qovşaqlarının təməlqoyma və açılış mərasimləri keçirilir. Prezident İlham Əliyev, həmçinin  doğma yurdlarına qayıdan keçmiş məcburi köçkünlərlə görüşərək onlara yeni mənzillərin açarlarını təqdim edir və yaşayış şəraitləri ilə maraqlanır. Cənab İlham Əliyevin sözügedən səfəri də bu baxımdan diqqətdə oldu. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 6-da Cəbrayıl rayonunda “Sunbeverage” MMC-nin alkoqolsuz içki istehsalı müəssisəsinin açılışında iştirak etdilər. Müəssisə Şərqi Zəngəzur iqtisadi rayonunda qida sənayesinin inkişafına töhfə verməklə yanaşı, əhalinin məşğulluğunun təmin edilməsində də böyük rol oynayır. Eyni zamanda, bu layihənin reallaşması ölkəmizin ixrac potensialının artırılmasına öz töhfəsini verir.

Cəbrayıl rayonunun Soltanlı kəndinin birinci mərhələsinin açılışı oldu. Məlumat üçün bildirildi ki, Soltanlı kəndi 1993-cü ildə Ermənistan tərəfindən işğal edilmişdi. İşğal dövrünədək əhali əsasən pambıqçılıq, taxılçılıq, baramaçılıq, üzümçülük və heyvandarlıqla məşğul olub. Azərbaycan Silahlı Qüvvələri 2020-ci il oktyabrın 19-da kəndi işğaldan azad edib. Ümumi sahəsi 108,5 hektar olan Soltanlı kəndində 420 fərdi ev inşa edilib. Evlər 2, 3, 4, 5 otaqlıdır və müasir kommunikasiya şəbəkəsi - su, işıq, qaz, Günəş panelləri, yüksəksürətli internetlə təmin olunub. Kənddaxili yollara asfalt döşənib. Layihə üzrə Soltanlı kəndində ikimərtəbəli inzibati bina, uşaq bağçası, həkim-tibb məntəqəsi, həmçinin çoxfunksiyalı bina tikilib. Kənddə aptek, market, dərzi, gözəllik salonu və digər xidmət mərkəzləri üçün nəzərdə tutulmuş bir və ikimərtəbəli hissələrdən ibarət olmaqla çoxfunksiyalı bina inşa edilib. Kənddə inşa olunmuş 140 yerlik körpələr evi-uşaq bağçasında balacaların rahatlığının təmin olunmasına xüsusi diqqət yetirilib.

Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən uğurlu təhsil siyasəti nəticəsində son illərdə yüzlərlə yeni məktəb binası tikilib, mövcud təhsil müəssisələri isə əsaslı təmir olunub. Bu siyasətin mühüm istiqamətlərindən biri də işğaldan azad olunmuş torpaqlarımızda Böyük Qayıdış Proqramı çərçivəsində hərtərəfli infrastrukturun yaradılmasıdır ki, təhsil müəssisələri də burada xüsusi yer tutur.  Sözügedən səfər zamanı dövlətimizin başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak etdilər.  Zəngilanda yeni təhsil kompleksinin istifadəyə verilməsi doğma torpaqlarına qayıdan ailələrin övladları üçün hər cür şəraitin yaradıldığının, onların keyfiyyətli təhsil almalarına göstərilən diqqət və qayğının əyani təzahürüdür. Müasir tədris imkanlarına malik bu kompleks gənc nəslin bilikli, savadlı yetişməsinə, onların peşə vərdişlərinin inkişafına mühüm töhfə verəcək. Səfər çərçivəsində Şuşa Dövlət Peşə Təhsil Mərkəzinin də  əsaslı təmirdən sonra açılışı oldu. Qeyd etdiyimiz kimi, ölkə miqyasında son illərdə yüzlərlə yeni məktəb binasının inşası, mövcud tədris ocaqlarının əsaslı təmiri və ən son texnoloji avadanlıqlarla təchiz olunması gənc nəslin yüksək standartlara cavab verən təhsillə təmin edilməsinə geniş imkanlar açıb. Bu baxımdan Şuşa Dövlət Peşə Təhsil Mərkəzi böyük əhəmiyyətə malikdir. Mərkəz bölgədə geniş vüsət alan bərpa və quruculuq işlərində bilavasitə iştirak edəcək yerli ixtisaslı kadrların, peşəkar mütəxəssislərin hazırlanmasında mühüm platformaya çevriləcək.

Prezident İlham Əliyev noyabrın 7-də Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının Təcili tibbi yardım şöbəsinin açılışında, Kitabxanas və İnnovasiya Mərkəz binalarının təməlqoyma mərasimlərində iştirak etdi. Bildirildi ki, Qarabağ Universitetinin İnnovasiya Mərkəzi innovasiya və sahibkarlıq ekosisteminin inkişafı, elmi-tədqiqat nəticələrinin praktiki tətbiqinin təşviqi, müasir texnologiyaların və innovativ ideyaların dəstəklənməsi baxımından mühüm infrastruktur obyektlərindən biri olacaq. Mərkəz tələbələrin yaradıcılıq, tənqidi düşünmə və problem həlletmə bacarıqlarının inkişafına, innovativ təşəbbüslərinin dəstəklənməsinə, həmçinin universitet-sənaye əməkdaşlığının genişləndirilməsinə xidmət edəcək. Mərkəz, eyni zamanda, Qarabağ regionunun sosial-iqtisadi inkişafına töhfə verən təşəbbüslərin dəstəklənməsi, yerli ehtiyaclara uyğun innovativ həllərin hazırlanması və universitetlə dövlət qurumları, özəl sektor və digər tərəfdaşlar arasında əməkdaşlığın inkişaf etdirilməsi baxımından əhəmiyyətli rol oynayacaq. Mərkəz universitetdə innovasiya mədəniyyətinin formalaşmasına, elmi biliklərin iqtisadi və sosial dəyərə çevrilməsinə, həmçinin Qarabağ regionunda texnoloji inkişafın, sahibkarlığın və bilikəsaslı iqtisadiyyatın təşviqinə töhfə verəcək.

Xankəndi Stadionunun əsaslı yenidənqurmadan sonra, Ağdam Sənaye Parkında “Komfy” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) ortopedik döşək istehsalı müəssisəsinin, Ağdam Sənaye Parkında “ASMC” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) metal məmulatları istehsalı müəssisəsinin  açılışında iştirak edən cənab İlham Əliyev  Ağdam Rayon Mərkəzi Xəstəxana binasının tikintisi, Ağdam Zeytun müəssisəsində yaradılan şəraitlə tanış oldu.

Səfər zamanı  Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva  Zəngilan rayonunun Cahangirbəyli kəndinin birinci mərhələsinin açılışında iştirak etdilər, Zəngilan rayonunun  Cahangirbəyli və Cəbrayıl rayonunun  Soltanlı kəndlərinə köçən sakinlərlə görüşdülər. Görüşün Zəfər bayramı ərəfəsinə təsadüf etdiyini vurğulayan cənab İlham Əliyev bildirdi ki,   altı il bundan əvvəl şanlı Ordumuz düşməni torpaqlarımızdan qovaraq haqq-ədaləti bərpa etdi. Artıq 6 il ərzində biz quruculuq işləri ilə məşğuluq. Yeni salınan kəndlər, şəhərlər, köçkünlərin doğma torpaqlara qayıtmasıbu günün reallıqlarıdır. Uzun illər ağır şəraitdə yaşamış köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi. Hər bir vətənpərvər insan sizin tezliklə doğma diyara qayıtmağınızı arzulayırdı: “Bu gün biz demək olar ki, müntəzəm olaraq yeni gözəl kəndlər, şəhərlər salırıq, sıfırdan qururuq. Çünki mənfur düşmən bizim bütün şəhər və kəndlərimizi yerlə-yeksan etmişdi, o cümlədən Cahangirbəyli, Soltanlı kəndlərini də tam dağıtmışdı. Bu gün bu iki kəndə təqribən 700-ə yaxın ailə qayıdır. Sizin üçün gözəl evlər tikilib. Əminəm ki, siz bu şəraitdən səmərəli şəkildə istifadə edəcəksiniz. Əsas məsələ odur ki, artıq köçkünlük həyatı arxada qalır.”

44 günlük Vətən müharibəsinin  rəmzinə çevrilən “Dəmir yumruğa” diqqəti yönəldən Prezident İlham Əliyev bu çağırışı etdi ki, bu Zəfər bizim qəlbimizdə əbədi yaşayacaq. Xalqımız və gələcək nəsillər bu Zəfərlə daim fəxr edəcəklər. Çünki biz ədaləti, öz ləyaqətimizi bərpa etdik və döyüş meydanında qan tökərək öz haqqımızı bərpa etdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Onların əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Onların qanı yerdə qalmayıb. Onların qisası döyüş meydanda alınıb və bu gün onların əziz xatirəsinə ən böyük hörmət əlaməti bax, Qarabağın, Şərqi Zəngəzurun belə gözəl dirçəldilməsidir. Biz müharibədə Qələbə qazanmışıq. Sülh şəraitində yaşayan xalqımız da qurub-yaradır. Ermənilər 30 il bu torpaqları viran qoymuşdular, bir daşı daş üstə qoyulmamışdır. Biz isə cəmi altı il ərzində 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq, onlar üçün mümkün olan ən gözəl şərait yaratmışıq.

Hazırda işğaldan azad edilmiş ərazilərimiz sözün əsl mənasında dirçəlir, şəhərsalmanın müasir təcrübəsinin təqdimatı kimi diqqətdədirlər. Şuşa, Xankəndi, Füzuli, Zəngilan  və Laçın kimi şəhərlər  beynəlxalq forumlara, Zirvə görüşlərinə,  mədəniyyət tədbirlərinə ev sahibliyi edərək regionun dünyaya inteqrasiyasını sürətləndirir. Şəhər və kəndlərin sıfırdan, müasir memarlıq standartları, yaşıl enerji zonası və “ağıllı şəhər”, “ağıllı kənd” texnologiyaları əsasında qurulması beynəlxalq səviyyədə təqdir edilir. Bölgənin zəngin təbii resurslarının, kənd təsərrüfatı, sənaye və turizm potensialının ölkə iqtisadiyyatına tam inteqrasiyası və qayıdan əhalinin məşğulluğunun təmin olunması istiqamətində mühüm addımlar atılır.

Dövlətimizin başçısı İlham Əliyev Xankəndi şəhərində Azərbaycan xalqına Zəfər Günü ilə bağlı təbrikini çatdırarkən  bir daha tarixi Zəfərimizə gedən yolu, 30 illik işğal dövrünün reallıqlarını, Azərbaycanın dünya güclərinin ikili standartlara əsaslanan siyasəti ilə uz-üzə qaldığını, Ermənistanın yeni ərazilər uğrunda müharibə planlarını geniş təhlil edərək vurğuladı ki, “Qarabağ Azərbaycandır və nida” bildirmişdim. O nida işarəsini biz 2023-cü il sentyabrın 20-də bax, burada - Xankəndidə qoyduq. Birgünlük antiterror əməliyyatı Ermənistanın işğalçı ordusunun 15 minlik işğalçı korpusunu tamamilə iflic vəziyyətə salmışdır, çox dəqiq və peşəkarcasına aparılmış hərbi əməliyyat nəticəsində Ermənistan məcburən ikinci dəfə təslim olmuşdur. Bu gün biz azad Qarabağda qurub-yaradırıq. Bu gün biz - bu torpaqların sahibləri bütün dünyaya göstəririk ki, bura bizim torpağımızdır. Çünki biz qurub-yaradan xalqıq. İşğal dövründə Ermənistan ancaq bizim təbii sərvətlərimizi talayırdı, meşələrimizi qırırdı, mədənlərimizi qanunsuz olaraq istismar edirdi. Biz isə şəhərləri sıfırdan qururuq. “Bu təbrik sözlərimi mən Xankəndidə, Zəfər tağının önündə deyirəm. Bu, bizim şanlı Zəfərimizin şərəfinə ucaldılmış ikinci zəfər tağıdır. Birincisi Bakıda, ikincisi isə burada, Xankəndidədir. Bakıda Zəfər tağının yanında Zəfər Muzeyi də fəaliyyət göstərir. Hər bir şəhidimizin adı muzeydə həkk olunub. Xankəndidə də Zəfər Muzeyi olacaq. Artıq Zəfər Muzeyinin yaradılması ilə bağlı son tamamlama işləri aparılır. Onun məkanı keçmiş icra hakimiyyətinin binasıdır, hansı ki, vaxtilə Azərbaycana qarşı təcavüzün, işğalçılıq siyasətinin beşiyi idi. O, bir şeytan yuvası idi. O binaya mən şanlı Zəfərimizdən sonra - 2023-cü ilin oktyabrında gələndə, ilk növbədə, binanın pəncərələrini açdım ki, o şeytan ruhu oradan çəkilsin” söyləyən Prezident İlham Əliyev bildirdi ki,  indi həmin o binada Zəfər Muzeyi yerləşəcək. O binada oturanlar - hərbi cinayətkarlar öz layiqli cəzalarını alıblar. Onlar Bakıya tanklarla gəlmək istəyirdilər, Bakıda çay içmək istəyirdilər. Təkəbbürlü bəyanatlar verirdilər, çünki sığınmışdılar bəzilərinin qucağına və hesab edirdilər ki, əbədi işğalçılıq siyasətini aparacaqlar. Biz isə onlara göstərdik kim kimdir. Biz Azərbaycan xalqının ləyaqətini, mətanətini, iradəsini göstərdik və bu gün onlar Azərbaycan həbsxanalarında çay içirlər, öz layiqli cəzalarını alıblar.

O da xüsusi qeyd edildi ki, bu Zəfər tağına gedən pilləkənin hər pilləsində Vətən müharibəsinin hər bir günü həkk olunub. Bu pilləkənlə qalxan hər bir insan haqlı olaraq qürur hissi keçirir, 44 günlük şanlı yürüşümüzün tarixini bir daha yaşayır: “Bütün bu məsələlər təbiidir. Amma onu da bildirməliyəm ki, bu pilləkəndə, eyni zamanda, şəhidlərimizin qanı da həkk olunub. Çünki biz hər gün şəhidlər verirdik, hər gün qan tökülürdü. Buna baxmayaraq, xalqımız əsl vətənpərvərlik və həmrəylik göstərirdi və xalqdan gələn dəstək mənə Ali Baş Komandan kimi əlavə güc verirdi. Ancaq irəli getdik və bir gün də dayanmadıq, bir gün də geri addım atmadıq, düşməni torpaqlarımızdan qovduq, haqq-ədaləti bərpa etdik, bu gün ərazimiz azaddır və bütövdür.”

Azərbaycan xalqının daim bir amal ətrafında birliyi uğurlarımızın əsasıdır. Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir. Azərbaycan xalqı heç zaman keçmişini unutmur, bu günü ilə qürur duyur və gələcəyə böyük inamla  baxır.  Zəfər təbrikində “Bizi irəliyə aparan bizim milli-mənəvi dəyərlərimizdir” söyləyən cənab İlham Əliyev bildirdi ki,  Azərbaycan dövləti bu təməl üzərində qurulub. Milli-mənəvi dəyərlərimiz, Azərbaycan dəyərləri bizim üçün hər şeydən üstündür. Əsrlər boyu biz bu dəyərləri qəlbimizdə yaşatmışıq, qorumuşuq və gələcək nəsillərə əmanət kimi verəcəyik. Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir. Azərbaycançılıq bütün vətəndaşlarımızı birləşdirən fəlsəfədir. Azərbaycançılıq bizi irəliyə aparan məfkurədir. Azərbaycanda bütün etnik qruplar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır və bizi birləşdirən vətəndaşlıq, həmrəylik və azərbaycançılıq məfkurəsidir. Bu, bizim milli ideyamızdır. Bu, gələcəyə aparan yoldur. Bu gün Azərbaycanda hökm sürən ictimai-siyasi sabitlik, xoş ovqat, quruculuq meyilləri və cəmiyyətimizin vahid amal uğrunda birləşməsi bugünkü dünyada az-az rast gəlinən mənzərədir. Bu gün Azərbaycan güclü dövlətdir, həm siyasi, həm iqtisadi, həm hərbi nöqteyi-nəzərindən heç kimdən asılı olmayan dövlətdir, müstəqil siyasət aparan dövlətdir və ləyaqətli dövlətdir.

Yeganə Əliyeva, “İki sahil”