16 aprel 2025 11:45
1781

DSMF-yə sədr təyin olundu - DOSYE

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinə sədr təyin olunub.

“İki sahil” xəbər verir ki, bununla bağlı nazir Anar Əliyev Əmr imzalayıb.

Əmrə əsasən, Zəka Aqil oğlu Mirzəyev DSMF-nin İdarə Heyətinin sədri vəzifəsinə təyinat alıb.

BDU-nun Beynəlxalq münasibətlər və Beynəlxalq hüquq fakültəsini beynəlxalq hüquq ixtisası üzrə bakalavr, magistr və aspirantura pillələrini bitirən Z.Mirzəyev 2000-ci ildən özəl sektorda çalışıb.

2005-ci ildə Maliyyə Nazirliyində baş məsləhətçi kimi dövlət qulluğuna daxil olub. 2009-cu ildən həmin nazirliyin Maliyyə xidmətləri üzrə siyasət şöbəsinin sektor müdiri, 2016-cı ildən müdir müavini vəzifələrində çalışıb.

2018-ci ildə Dövlət Sosial Müdafiə Fondunun Hərbi və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinin, 2019-cu ildə Xüsusi Şərtlərlə Təyinat İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

2020-ci ildən DSMF-nin İdarə Heyətinin sədr müavini vəzifəsini icra edib.

20-dən çox elmi məqalənin müəllifi, biri dərslik olmaqla 4 kitabın həmmüəllifidir.