Bu ölkənin xarici işlər naziri Melani Coli artıq neçənci dəfədir bütün etik çərçivə və normaları aşaraq anti-Azərbaycan ruhlu bəyanatlarla çıxış edir
Fransa ilə yanaşı, “ermənidən artıq erməni olan” dövlətlərin sırasında Kanada da var. Mövcudluğu ərzində dünyada baş verən ciddi münaqişələrə reaksiya verməyən, əsasən neytral qalmağa üstünlük verən Kanada hökumətində son bir neçə ildə saxta “erməni sevgisi” pik həddə yüksəlib. Anti-Azərbaycan isterika isə ölkə rəhbərliyində özünü daha qabarıq göstərir. Bu ölkənin rəsmiləri hətta bir müddət öncə Azərbaycana qarşı sanksiyaların tətbiqindən də dəm vururdular. Ermənistanı "su yolu"na döndərən Kanadanın xarici işlər naziri Melani Coli anti-Azərbaycan isterikanın başında durur. O, riyakarcasına Azərbaycandan tələb edib ki, Qarabağdan könüllü çıxan insanların qayıtmasına şərait yaratsın. Özü də Kanadanın xarici işlər naziri artıq neçənci dəfədir ki, bütün etik çərçivə və normaları aşaraq anti-Azərbaycan ruhlu bəyanatlarla çıxış edir. Ermənistanın 30 illik işğalı zamanı səsi çıxmayan Kanada bütün beynəlxalq hüquq normalarını pozduğunu da anlamır. Nə BMT-nin bölgəyə səfər edən missiyasının, nə də Beynəlxalq Qızıl Xaç Komitəsinin hesabatlarına nəzər salır. Aprelin 24-də kanadalı nazir yenə qərəzini və ermənipərəstliyini gizlətməyib. O, özünün X sosial şəbəkə hesabında videosunu paylaşaraq bunları qeyd edib: “1915-ci ildə 1,5 milyondan çox erməni öldürüldü. Biz elə etməliyik ki, onların adları və hekayələri heç vaxt unudulmasın. Bu gün biz 2023-cü ildə öz torpaqlarından zorla qovulmuş 120.000 Dağlıq Qarabağ ermənisinin dərin dözümlülüyünü etiraf edirik”.
Açıq-aşkar görünür ki, xanım nazir bölgədəki reallıqlar barədə məlumatsızdır. Daha doğrusu, pis bilir. Görünür, bu ya Kanadanın Cənubi Qafqaz regionundan az qala on min kilometr uzaqlıqda yerləşməsi, ya nazirin işinə laqeyd yanaşması, ya da Colinin ermənipərəstliyinin yüksək dərəcəsi ilə bağlıdır. Sonuncu variant daha ağlabatandır. Məsələ ondadır ki, Kanadada böyük erməni diasporu mövcuddur. Onların sayı ilə bağlı son göstəricilərə görə, Kanadada 64 min 740 nəfər erməni yaşayır. Onlardan 30 min 130 nəfəri erməni dilini öz ana dili hesab etdiyini bildirib. Digər qiymətləndirməyə görə isə Kanadadakı ermənilərin sayı 100 min nəfərə yaxındır. Özlərini “kanadahayer” adlandıran erməni diasporunun əksəriyyəti Yaxın Şərqdən və bəzi Avropa ölkələrindən gələnlərdir. Sovet İttifaqının dağılmasından sonra, ələlxüsus son illərdə Kanadaya Ermənistandan mühacirət edənlərin sayında artım müşahidə olunur. Kanada erməniləri əsasən ölkənin mərkəzində yerləşən Ontario əyalətində (Toronto və Ottava şəhərlərində) və fransızdilli əhalinin çoxluq təşkil etdiyi Kvebek əyalətində (Monreal və Laval şəhərlərində) məskunlaşıblar.
İstənilən halda kanadalı nazirin ermənipərəst fikirləri şimal yarımkürəsinin, bütövlükdə dünyanın ən böyük dövlətlərindən biri, G-7 qrupunda təmsil olunan Kanadanın nüfuzuna böyük zərbədir. Rəsmi Ottava bu kimi əməlləri ilə özünü gözdən saldığının fərqində olmalıdır. Azərbaycan torpaqlarını 30 ilə yaxın işğal altında saxlamış, soyqırımı cinayətləri törətmiş, mülki infrastrukturu məqsədyönlü şəkildə kütləvi surətdə dağıtmış, mədəni irsimizi məhv etmiş, ətraf mühitimizə və biomüxtəlifliyə ziyan vurmuş Ermənistana hərtərəfli dəstək göstərən ölkəyə münasibət başqa cür ola bilməz. Onu da qeyd etmək lazımdır ki, Kanadanın bugünkü ermənipərəstliyində Fransa amilinin mühüm rolu var. Hələ 7 il öncə, Kanadanın o vaxtkı baş naziri, ölkənin fransızdilli əhalisinə aid olan Castin Trüdo Paşinyanın baş nazir seçilməsindən az sonra – 2018-ci il oktyabrın 7-12-də Beynəlxalq Frankofoniya Təşkilatının İrəvanda keçirilən XVII sammitində iştirak etmək üçün İrəvana səfərə gəlmişdi. Təbii ki, həmin sammitdə Fransa Prezidenti Emmanuel Makron da iştirak etdirdi. Rəsmi Paris və Ottavanın tez-tez vəziyyəti gərginləşdirən təşəbbüslərlə çıxış etdikləri heç kəsə sirr deyil. Kanada 2023-cü il oktyabrın 25-də Ermənistanda səfirlik açmışdı. Hazırda ermənipərəst açıqlaması ilə gündəmdə olan xarici işlər naziri M.Coli bu məqsədlə İrəvana səfər etmişdi. Bundan bir qədər öncə – avqustun 18-20-də isə Coli erməni diasporunun Monrealda keçirilən illik festivalında çıxış edərək Kanadanın Qarabağ erməniləri ilə bağlı məsələlərin həllində fəal rol oynayacağını bəyan etmişdi. O vaxt “ermənilər Artsaxda real təhlükə ilə üz-üzədir” – deyən nazir bildirmişdi ki, onun təmsil olunduğu hökumət Cənubi Qafqazda baş verən proseslərə fəal şəkildə müdaxilə edəcək.
Yeri gəlmişkən, qeyd edək ki, Kanada həm də Avropa İttifaqının Ermənistandakı hərbləşdirilmiş missiyasına (EUMA) qoşulan yeganə qeyri-Avropa ölkəsidir.
Kanadanın 44 günlük Vətən müharibəsi dövründə atdığı xoşagəlməz addımlar da yaddan çıxmamalıdır. Ottava müharibə zamanı Azərbaycanın işğalçı Ermənistan ordusuna qarşı “Bayraktar TB2” pilotsuz uçuş aparatlarından (PUA) istifadə etməsinə görə 2020-ci ilin oktyabrında Türkiyəyə müdafiə sənayesi məhsullarının ixracına embarqo tətbiq etmişdi. Castin Trüdo hökuməti iddia edirdi ki, PUA-larda Kanada texnologiyasından istifadə edilib. 2021-ci ilin aprelində isə “Telemus Systems” şirkətinin ixrac icazəsi ləğv edilmişdi. Nəticədə Kanadanın həm “Telemus Systems”, həm də “L3 Wescam” kimi şirkətləri milyonlarla dollar ziyana düşmüşdü. Bundan əlavə, Vətən müharibəsi zamanı Kanada xarici siyasət idarəsinə rəhbərlik etmiş Fransua-Filipp Şampan da Azərbaycanı ittiham edən bəyanatlar vermişdi.
Kanadanın özünün bir dövlət kimi yerli xalqların soyqırımı nəticəsində yaradılması bütün dünyaya məlum olan faktdır. Kanadanın Kamlups şəhərindəki hindu uşaqları üçün olan internat məktəbində adsız məzarlıqda 215 uşağın dəfn olunduğu, ümumilikdə 1831-1996-cı illərdə ölkə ərazisində fəaliyyət göstərən bu tip internat məktəblərində 150 minə yaxın hindu uşağının evlərindən və ailələrindən güclə ayrıldığı, bu uşaqlardan bir çoxunun fiziki və cinsi istimara, təcavüzə və yetərsiz qidalanmaya məruz qalmaları, bəzilərinin isə üzərilərində keçirilən tibbi sınaqlar səbəbindən ölmələri barədə məlumatlar da dünya mediasında kifayət qədər işıqlandırılan mövzulardır. Təsəvvür edin, öz hüdudları daxilində öz vətəndaşlarına, həm də uşaqlara qarşı törədilən cinayətlərə görə məsuliyyət daşımaqdan imtina edən bir ölkənin xarici işlər naziri Azərbaycanı entik dözümsüzlükdə ittiham etməyə çalışır. Yaxşı olardı ki, Kanada ilk növbədə öz daxili problemlərini həll etsin və əsrlər boyunca soyqırımlarına, etnik təmizləmələrə məruz qoyulan yerli xalqların, hinduların hüquqlarının bərpası barədə düşünsün.
Sevinc Azadi, “İki sahil”