29 aprel 2025 15:39
230

Pekindən dünyaya mesaj: İlham Əliyev Azərbaycanın diplomatik prioritetlərini açıqladı

2025-ci il aprelin 22-24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfəri çərçivəsində Pekində Azərbaycan-Çin münasibətlərinin tarixinə yeni bir səhifə yazıldı. Səfər zamanı iki ölkə arasında ümumilikdə 20 mühüm sənəd imzalandı. Bu sənədlər siyasi, iqtisadi, enerji, nəqliyyat, hüquq, texnologiya və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə xidmət edir.

Səfərin əsas nəticələrindən biri Azərbaycan və Çin arasında strateji tərəfdaşlıq münasibətlərinin rəsmi şəkildə formalaşdırılması oldu. Bu, iki ölkə arasında qarşılıqlı hörmət, suverenliyə riayət və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə Çin Xalq Respublikasının Milli İnkişaf və İslahat Komissiyası arasında “İstehsal güclərinin artırılması və investisiya əməkdaşlığı haqqında Çərçivə Sazişi” imzalandı. Bu sənəd qarşılıqlı sərmayələrin təşviqi, sənaye zonalarının inkişafı və birgə istehsal layihələrinin həyata keçirilməsi üçün hüquqi baza yaradır.

Bundan əlavə, yaşıl iqtisadiyyat, kənd təsərrüfatı və rəqəmsallaşma sahələrində əməkdaşlıqla bağlı da razılaşmalar əldə olundu.

Azərbaycanla Çin arasında bərpa olunan enerji sahəsində əməkdaşlığa dair üç sənəd imzalandı. Bu sazişlər xüsusilə enerji saxlama sistemləri, enerji səmərəliliyi və alternativ enerji mənbələrinin inkişafı sahələrini əhatə edir. Hədəf – Azərbaycanın “yaşıl enerji zonası” təşəbbüsünü Çin texnologiyası və investisiyası ilə gücləndirməkdir.

2024-cü ildə Azərbaycan-Çin tranzit daşımalarında 86 faiz artım qeydə alınıb. Bu artım Pekində imzalanan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə Əməkdaşlıq Memorandumu ilə daha da möhkəmləndi. Sənəd, Çin-Avropa dəmir yolu daşımalarında Azərbaycanın tranzit rolunu artırmağa, Bakı-Tbilisi-Qars xəttinin və Bakı Limanının imkanlarını genişləndirməyə yönəlib.

Azərbaycanla Çin arasında adi pasport sahibləri üçün qarşılıqlı vizasız rejimin tətbiqi barədə saziş də imzalanıb. Bu, iki ölkə arasında turizm və humanitar əlaqələrin genişlənməsinə şərait yaradacaq.

Bundan başqa, təhsil, səhiyyə, mədəniyyət və idman sahələrində əməkdaşlıq üzrə sənədlər də razılaşdırılıb. Təhsil müəssisələri arasında mübadilə proqramları, birgə elmi tədqiqat layihələri və mədəniyyət tədbirləri nəzərdə tutulur.

Pekində imzalanan sənədlər Azərbaycan-Çin münasibətlərində yeni dövrün əsasını qoydu. Bu sənədlər təkcə ikitərəfli əlaqələrin deyil, həm də regional əməkdaşlığın və qlobal iqtisadi inteqrasiyanın güclənməsinə töhfə verir. Prezident İlham Əliyevin səfəri, Azərbaycanın Asiya məkanında strateji mövqeyini daha da möhkəmləndirdi və ölkəmizin beynəlxalq arenadakı təsir imkanlarını artırdı.

Emin Əliyev,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi