Noyabrın 8-i Azərbaycan xalqının şanlı tarixinə qızıl hərflərlə yazılmış, milli qürurumuzun, sarsılmaz iradəmizin və yenilməz birliyimizin rəmzinə çevrilmiş müqəddəs bir gündür. Bu gün xalqımız böyük fəxarət və sonsuz qürur hissi ilə Zəfər Gününü və Şuşa Şəhəri Gününü qeyd edir.
Qarabağ Zəfərinə aparan yolun möhkəm təməli Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu Öndərin müəyyənləşdirdiyi uzaqgörən dövlətçilik xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev dünyada söz sahibi olan, böyük iqtisadi və hərbi gücə malik qüdrətli Azərbaycan dövləti qurdu.
Həyata keçirilən kompleks tədbirlər, ardıcıl və çoxşaxəli diplomatik, iqtisadi və hərbi fəaliyyət ölkəmizi addım-addım bu ali hədəfə yaxınlaşdırdı. Azərbaycan Ordusu ən müasir silah-sursat və hərbi texnika ilə təmin olundu, şəxsi heyətin döyüş qabiliyyətinin artırılması və mənəvi-psixoloji ruhunun yüksəldilməsi üçün bütün zəruri addımlar atıldı.
İldən-ilə artan iqtisadi-hərbi potensial və sarsılmaz siyasi iradə nəticəsində BMT Təhlükəsizlik Şurasının illərdir kağız üzərində qalan 4 qətnaməsini Azərbaycan öz gücü ilə icra etdi. Bu müqəddəs missiyanın yerinə yetirilməsində Silahlı Qüvvələrimizin son 20-30 ildə yetişən vətənpərvər, fədakar gənc nəsli müstəsna rol oynadı. Xalqımızın öz Lideri ətrafında “Dəmir yumruq” kimi birləşməsi və nümayiş etdirdiyi görünməmiş milli həmrəylik qələbəmizin əsas təminatçısı oldu.
Vətən müharibəsinin ilk günlərindən Müzəffər Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi “Şuşasız bizim işimiz yarımçıq qalar” fikri hər bir əsgər və zabitimizin döyüş andına, əsas amalına çevrildi. 44 gün davam edən müharibə ərzində rəşadətli ordumuz Şuşaya doğru inamla irəlilədi.
2020-ci il noyabrın 8-də qəhrəman hərbçilərimiz çətin yolsuzluq şəraitində, sıldırım qayaları və dərin dərələri keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub çıxardılar. Şuşa əməliyyatı dünya hərb tarixinin ən unikal və parlaq səhifələrindən biri kimi Qarabağ Zəfərinin zirvəsində dayanır. Dövlətimizin başçısı ata vəsiyyətini şərəflə yerinə yetirərək Ulu Öndərin başladığı işi məntiqi sonluğuna çatdırdı və adını tariximizə Müzəffər Sərkərdə kimi həkk etdirdi.
Noyabrın 8-nin Zəfər Günü və Şuşa Şəhəri Günü elan edilməsi bu tarixi anın milli yaddaşımızda əbədiləşdirilməsinin təzahürüdür. 2023-cü ilin sentyabrında həyata keçirilən və cəmi 23 saat 48 dəqiqə davam edən lokal antiterror əməliyyatı ilə isə separatçılığa birdəfəlik son qoyuldu və suverenliyimiz ölkənin bütün ərazisində tam təmin edildi.
Tarixən Azərbaycanın ictimai-siyasi və mədəni həyatının mühüm mərkəzlərindən biri olan Şuşa işğal dövründə ağır dağıntılara və talanlara məruz qalmışdı. Lakin azadlığa qovuşduqdan dərhal sonra şəhərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanıldı. Şuşanın tarixi siması saxlanılmaqla məscidlər, muzeylər, tarixi abidələr bərpa olundu, işğal zamanı güllələnmiş Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin və Bülbülün büstləri yenidən öz əvvəlki yerlərinə qaytarıldı.
Prezident İlham Əliyevin sərəncamları ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edilmiş, “Şuşa İli” çərçivəsində möhtəşəm tədbirlər təşkil olunmuşdur. Şuşa, eyni zamanda, 2023-cü ildə “Türk dünyasının mədəniyyət paytaxtı”, 2024-cü ildə “İslam dünyasının mədəniyyət paytaxtı” və 2026-cı il üçün “İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” seçilərək beynəlxalq aləmdə də öz layiqli yerini tutmuşdur.
Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Şuşa şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı”na əsasən şəhərdə müasir infrastruktur, ekoloji təmiz nəqliyyat və sosial obyektlər şəbəkəsi qurulur. Şuşaya çəkilən 101 kilometrlik “Zəfər Yolu” şəhərin sürətli dirçəlişinin və yeni inkişaf dövrünün rəmzidir.
Böyük Qayıdış proqramı çərçivəsində Şuşa artıq öz doğma sakinlərinə qucaq açıb. Şəhər mərkəzində və ətraf kəndlərdə yüzlərlə ailə müasir yaşayış komplekslərinə köçürülüb. Yaşayış binaları, məktəblər, xəstəxanalar, otellər və mühüm dövlət xidməti mərkəzləri istifadəyə verilərək şəhərdə tamqüvvəli yaşam təmin olunub.
Anar Məmmədov,
Milli Məclisin deputatı
8 Noyabr Zəfər Günü Azərbaycan xalqının həmişə qürurla qeyd etdiyi bir bayram olacaq
"TikTok" montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı