01 noyabr 2026 15:12
112

Avropada dərinləşən böhran -  TƏHLİL

Son illərdə Avropa dövlətlərində müşahidə olunan sosial narazılıqlar, kütləvi etirazlar, hökumət böhranları, fermer və sənaye işçilərinin tətilləri, miqrasiya ətrafında mübahisələr və siyasi qütbləşmə “köhnə qitə”nin üzləşdiyi çoxşaxəli problemləri gündəmə gətirib.

Bir sıra Avropa ölkələrində cəmiyyətin müxtəlif təbəqələri hökumətlərin iqtisadi, sosial və miqrasiya siyasətindən narazılıqlarını küçə etirazları vasitəsilə ifadə edirlər. Lakin bu hadisələri yalnız bir səbəblə izah etmək düzgün olmazdı. Mövcud vəziyyət uzun müddət ərzində toplanmış iqtisadi, siyasi, sosial və təhlükəsizlik problemlərinin bir-birinə təsirinin nəticəsidir. Avropada baş verənləri anlamaq üçün emosional siyasi qiymətləndirmələrdən daha çox statistik göstəricilərə və beynəlxalq təşkilatların hesabatlarına nəzər salmaq lazımdır.

Avropada sosial narazılığın əsas səbəblərindən biri əhalinin gündəlik xərclərinin artmasıdır. Enerji, ərzaq, kirayə və mənzil qiymətlərinin yüksəlməsi xüsusilə aşağı və orta gəlirli ailələrə ciddi təsir göstərir. Avropa Parlamentinin 2026-cı ilin yazında keçirdiyi “Eurobarometer” sorğusuna əsasən Avropa İttifaqı (Aİ) vətəndaşlarının 36 faizi yaşayış xərclərinin artmasını öz ölkələrində əsas problemlərdən biri hesab edir. Vətəndaşların 29 faizi yaxın illərdə həyat səviyyəsinin aşağı düşəcəyini gözləyir. Avropalıların 82 faizdən çoxu ölkələrində mənzilin əlçatanlığı ilə bağlı narahatlıq keçirir. Avropa Komissiyasının 21 may 2026-cı il tarixli iqtisadi proqnozunda Aİ üzrə iqtisadi artımın 2025-ci ildəki 1,5 faizdən 2026-cı ildə 1,1 faizə enəcəyi, inflyasiyanın isə 2,5 faizdən 3,1 faizə yüksələcəyi proqnozlaşdırılmışdı. Aydın olur ki, Avropa məkanında iqtisadi böhranın baş verəcəyi qabaqcadan bilinirdi. Belə olan halda Avropa liderləri heç bir tədbir görmədən insanları taleyin ümidinə buraxdılar.

Həm Ukrayna ilə Rusiya, həm də İran ilə ABŞ arasındakı qarşıdurma Avropanın enerji təhlükəsizliyinə böyük təhdid yaradıb. Rusiyanı cəzalandırmaq üçün ondan neft, qaz və digər neft məhsullarının idxalından imtina edən Avropa enerji çatışmazlığı ilə qarşılaşdı. Bu azmış kimi Yaxın Şərqdəki gərginliyin nəticəsində Hörmüz boğazının bağlanması Avropada enerji böhranı yaratdı və qiymətlər rekord həddə artdı. Aİ dövlətlərinin bu gün böhranla və xaosla üz-üzə qalmaları onu deməyə əsas verir ki, kollektiv Avropa uzun illər ərzində enerji, ərzaq və milli təhlükəsizlik məsələlərinə diqqət ayırmayıblar. Digər dövlətlərdə “demokratik” hərəkətlərinə dəstək verərək milyonlarla avro məbləğındə vəsait ayırıb “rəngli inqilablara” rəvac verən Avropa özünün iqtisadi və siyasi problemlərini həll etmək iqtidarında olmayıb. Avropa liderlərinin populistliyi, qlobal problemlərə daha çox diqqət ayırıb siyasi reallıqdan uzaq olan bəyanatlar səsləndirərək özlərini tarixi şəxsiyyət hesab etmələri nəticə etibarı ilə dövlətləri böhranla üzləşdirdi. İş o yerə gəlib çatdı ki, Ukrayna məsələsinə görə həm Avropanın daxilində, həm də ABŞ ilə münasibətlərdə ziddiyyət yarandı. ABŞ Avropadan idxal olunan mallara əlavə gömrük rüsumu tətbiq edərək qitənin iqtisadiyyatına zərbə vurdu. Daxildə isə Ukraynaya maliyyə vəsaitinin dayandırılması tələbləri eşidilir ki, bu da qitənin təhlükəsizliyi üçün təhdid yaradır.

Avropa dövlətlərində baş verən etirazlar, siyasi böhranlar və sosial narazılıqlar təsadüfi hadisələr deyil. Onların arxasında uzun müddət ərzində formalaşmış iqtisadi və sosial problemlər, geosiyasi qarşıdurmalar, enerji təhlükəsizliyi, miqrasiya siyasəti və siyasi idarəetmə ilə bağlı çətinliklər dayanır. Əsas məsələ bu problemlərin bir-biri ilə asılı olması, bir-birini artırmasıdır. Məsələn, enerji qiymətlərinin artması istehsal xərclərini yüksəldir, bu isə məhsul və xidmətlərin bahalaşmasına səbəb olur. Bahalaşma əhalinin alıcılıq qabiliyyətini zəiflədir, sosial narazılıq artır və nəticədə hökumətlərə qarşı siyasi təzyiq güclənir.

Hazırda xaosun qarşısını almaq üçün hökumətlərin heç bir planı və ya yol xəritəsi yoxdur. Avropanın ümidi Yaxın Şərqdə gərginliyin və Ukrayna ilə Rusiya arasındakı müharibənin başa çatmasına bağlanıb. Hər iki geosiyasi prosesin nəticəsindən asılı olmayaraq başa çatması dünya bazarında enerji daşıyıcılarının qiymətinin enməsinə və Avropanın enerji probleminin həll olunmasına səbəb olacaq. Enerji bazarının neftlə tam təmin olunması istehlak mallarının da qiymətinin aşağı düşməsinə və inflyasiyanın dayanmasına gətirib çıxarar ki, bu da Avropada nisbi sabitliyin təmin olunmasına yardım edər. Lakin hələlik hər iki münaqişə davam edir və nə vaxt başa çatacağı bəlli deyil. Qlobal xarakterli problemlərin nə vaxt həll olunacağı məlum olmadığına görə iğtişaşlar zəncirvari reaksiya ilə Avropa dövlətlərinə yayılır. Fransa, İtaliya, Belçika, Albaniya, Serbiyanın ardınca Almaniya da xaosa qərq olub. Siyasi müşahidəçilər yaxın günlərdə Polşa, Macarıstan və başqa Avropa dövlətlərində də kütləvi aksiyaların keçiriləcəyini bildirirlər. Bir məsələni də qeyd edək ki, kütləvi aksiyalar heç də sakit tərzdə deyil, xaosla, mağazaların qarət olunması, inzibatı binaların dağıdılması ilə müşahidə olunur ki, bu da əhalinin həddən artıq qəzəbli olduğunu göstərir.

AZƏRTAC