29 aprel 2025 01:25
198

Bakı Qobal Cənubun güclü səsinə çevrilir

Bu gün bütün dünyanın diqqəti Azərbaycana  yönəlib. Bakı Konqres Mərkəzində dünya əhalisinin təxminən 80 faizə yaxın hissəsini özündə birləşdirən 116 ölkədən nüfuzlu Qeyri-Hökumət Təşkilatları (QHT) rəhbərlərinin, vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə keçirilən Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının konfransında Qlobal Cənub QHT Platforması təsis olunub. Həqiqətən də bu nəhəng tədbir Asiya, Afrika, Latın Amerikası, Okeaniya bölgələrini-dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisələrdən biridir.

Bakı Konqres Mərkəzində iki gün davam edəcək “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfransda dünyanın aparıcı QHT-lərindən nümayəndələr çıxış edərək 70 il əvvəl İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyətini bir daha vurğulayırlar. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır.

Bir məsələni xüsusi ilə qeyd edək ki, Qlobal Cənub QHT Platforması ideyası COP29 dövründə yaranıb. Azərbaycanın COP29-da əsas prioritetlərindən biri inklüzivlik və şəffaflıq prinsipləri idi. 2024-cü il noyabrın 15-də COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə Qoşulmama Hərəkatı ölkələrinin QHT-lərinin Cənub-Cənub əməkdaşlığı üzrə beynəlxalq konfransı keçirilib. Beynəlxalq konfransın yekununda Qoşulmama Hərəkatı ölkələrini təmsil edən QHT-lər Cənub-Cənub əməkdaşlığı vasitəsilə iqlim fəaliyyətinin inkişafında QHT-lərin roluna dair birgə bəyanat mətnini razılaşdırıb. Bununla əlaqədar 140-a yaxın ölkədən 1000 nəfərdən çox QHT təmsilçisi və ictimai fəal birgə bəyanat imzalayıb. 100-dən çox ölkədən 500-ə yaxın QHT-nin birləşdiyi COP29 QHT Koalisiyasının sonrakı dövrdə Qlobal Cənub QHT Platformasının təsisatlanması məqsədilə təşəbbüs qrupuna çevrilməsi birgə, koordinasiyalı fəaliyyətə ehtiyacı aydın nümayiş etdirib.

Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə yeni və ədalətli dünya nizamı üçün gərgin fəaliyyəti, irəli sürdüyü mühüm təşəbbüslər, COP29 zamanı “Bakı dönüşü”nün əldə olunması Qlobal Cənubda Azərbaycan dövlətinə böyük rəğbət yaradıb. Bu tədbir Azərbaycanın vətəndaş cəmiyyətinin həyatında yeni başlanğıc kimi qiymətləndirilir.  Təbii ki, Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu vasitəçi, körpü olmasının növbəti təzahürüdür. Qlobal Cənub QHT Platforması bu strateji coğrafiyada ölkələrin üzləşdikləri problemlərin beynəlxalq səviyyədə eşidilməsinə güclü dəstək verməyi, BMT daxil olmaqla, beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etməyi,  qlobal koordinasiyanı aparmağı nəzərdə tutur. Bu, ölkələrinin üzləşdiyi ədalətsizliyə - yoxsulluq, iqlim dəyişmələrinin fəsadları, müstəmləkəçilik keçmişi, rəqəmsal uçurum, ticarət bərabərsizliyi və digər məsələlərə qarşı birgə səylərlə mübarizə aparmaq platformasıdır. O, həmçinin Cənub-Cənub əməkdaşlığını təşviq edir.

Milli maraqlara, çoxtərəfli əməkdaşlığa əsaslanan uğurlu xarici siyasəti ilə ayrı-ayrı güc mərkəzləri arasında strateji rolunu getdikcə gücləndirən, 30 ilə yaxın müddətdə hərbi təcavüzlə üzləşən, qırx dörd günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə ilə ərazi bütövlüyünü, 24 saatlıq lokal antiterror tədbirləri ilə suverenliyini bərpa edən Azərbaycan az inkişaf etmiş, inkişaf etməkdə olan ölkələrin və bütövlükdə Qlobal Cənubun üzləşdiyi problemləri dərindən dərk edir. Rəsmi Bakı bu məkanda həmrəyliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə daim sadiqdir.

Çox təəssüf ki, hazırda Qlobal Cənubu təmsil edən bir sıra ölkələrin hələ də əziyyət çəkdikləri əsas problemlərdən biri bəzi Qərb ölkələrinin yürütdüyü neokolonializm siyasətidir. Azərbaycan müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edir, xalqlara faciələr, köləlik, iztirab gətirən bu cür davranışların qəbuledilməzləyini daim vurğulayır.

Prezident İlham Əliyevin Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının təsis konfransının iştirakçılarına ünvanladığı müraciətdə bildirilir ki, Azərbaycan hər zaman qarşılıqlı hörmət və birgə inkişaf prinsiplərinə əsaslanan siyasət aparıb: “Azərbaycanın Qlobal Cənub ilə Qlobal Şimal arasında fəal dialoq, o cümlədən qarşılıqlı anlaşma mühiti yaratması, uzun illər ərzində nail olunması mürəkkəb olan konsensus üçün davamlı şəkildə tarazlaşdırıcı mövqe tutması COP29 zamanı “Bakı sıçrayışı”nın əldə edilməsi ilə nəticələnmişdir. Biz Azərbaycanın ev sahibliyi ilə keçirilmiş və 197 ölkədən 80 minə yaxın iştirakçının qatıldığı COP29-da tarixi uğurlara imza atdıq və ölkəmiz haqlı olaraq COP29 irsi ilə fəxr edir. Azərbaycan fəal diplomatiya vasitəsilə Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq, daha inklüziv və effektiv dialoqu inkişaf etdirmək üçün bu gün də əzmlə çalışır. Lakin bu prosesdə uğura nail olmaq yolunda ən böyük maneə Qlobal Cənub və Qlobal Şimal arasında illər ərzində formalaşmış etimadsızlıqdır. Biz bu disbalansı aradan qaldırmaq məqsədilə Qlobal Cənub ilə Qlobal Şimal arasında körpü rolunu öz üzərimizə götürərək etimad quruculuğu işinə yeni töhfələr vermək əzmindəyik”.

Qətiyyətlə demək olar ki, Qlobal Cənub platforması qlobal və regional məsələlərin həllində Asiya, Afrika, Latın Amerika, Pasifik regionundan olan QHT-lərin səsi olacaqdır. Ölkəmizin başçısının bildirdiyi kimi, Qlobal Cənubun güclü səsinə çevrilən Azərbaycan bu platformanın məhz Bakıda təsis olunmasını Qoşulmama Hərəkatına və COP29-a sədrlik dövrlərində fəaliyyətinə verilən yüksək qiymət kimi qəbul edir. Əminliklə demək olar ki, Qlobal Cənub QHT Platforması xalqlarımızın səsinin eşidilməsi, mövqelərinin dünya ictimaiyyətinə çatdırılması, onların haqlarının qorunması və hüquqlarının təmin edilməsi işinə böyük töhfə verəcəkdir: “Azərbaycan ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə əməl edən, xalqların siyasi sistemlərinə, mədəni, etnik, dini fərqliliklərinə hörmət edən, dinlərarası, sivilizasiyalararası, mədəniyyətlərarası dialoqu daim güclü təşviq edən ölkədir. İnanıram ki, birgə fəaliyyətimizlə xalqlarımız üçün daha işıqlı bir gələcək, yeni, ədalətli dünya düzəni qura bilərik”.

Zahid Rza, “İki sahil”