Prezident cənab İlham Əliyev cari ilin aprel ayının 25-də Çinin “CGTN” telekanalına verdiyi müsahibəsi ilə bir daha Azərbaycanla Çin Respublikası arasında mövcud olan dostluq və strateji əməkdaşlıq münasibətlərinin olduqca yüksək səviyyədə olduğunu, eləcə də bu əlaqələrin ölkələrimiz üçün artan istiqamətdə davam etdirilməsi prinsiplərinin üzərində qurulmasını bir daha bütün dünyaya çatdırmışdır.
Altı ildən sonra yenidən baş tutan Prezident İlham Əliyevin Çinə rəsmi səfəri bir çox uğurlu fəaliyyətin davamı və yeni uğurların başlanğıcı üçün bir təkan oldu. Ötən ilin iyul ayında iki ölkə arasında Strateji Tərəfdaşlıq Haqqında Bəyannamənin qəbul edilməsi ilə dövlətlərin əməkdaşlığı olduqca mühüm tarixə çevrilmişdir.
Azərbaycan hər zaman “Vahid Çin” siyasətini qətiyyətlə dəstəkləyən, eləcə də, Tayvanda qeyri-qanuni seçkiləri ictimaiyyət qarşısında açıq şəkildə pisləyən ilk ölkələr sırasındadır. Ölkə rəhbərlərinin sonuncu görüşündə Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanat imzalamış və bununla da ölkələrarası münasibətlər daha da yüksəlmişdir. Bu görüşdə həmçinin, bir çox sahəni əhatə edən 20-dən artıq sənəd imzalanmışdır ki, bu sənədlər Azərbaycanın güclü iqtisadiyyatının qurulmasına və inkişafına yol açmışdır. Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələrinin Qurulması Haqqında Birgə Bəyanatla ölkələrimiz milli maraqlara aid məsələlərdə həmrəylik və dostluq nümayiş etdirir.
İmzalanmış Bəyanat təkcə siyasi və diplomatik münasibətləri deyil, həm də dövlətlərarası ticarət, daşımalar, xalqlararası əlaqələr, humanitar tərəfdaşlıq kimi çox sayda məsələləri əhatə edir. Dünyanın hərtərəfli inkişaf etmiş və nəhəg ölkələrindən olan Çin ilə bu Bəyanatın imzalanması Azərbaycan üçün həqiqətən mühüm nailiyyətdir. Bu səbəbdən də həmin sənədin imzalanması ölkəmiz üçün olduqca vacib priroritetlərdəndir.
Prezident İlham Əliyevin Çinin Sədri cənab Si ilə görüşü həm də regional sabitlik, təhlükəsizlik və beynəlxalq münasibətlərin bir çox sahəsini əhatə edib. Məlum olduğu kimi, Azərbaycan Sədr Sinin inkişaf, təhlükəsizlik və sivilizasiyalar ilə bağlı bir neçə təşəbbüsünə qoşulub. Çinin “Bir kəmər, bir yol” təşəbbüsünü açıq şəkildə dəstəkləyən və bu təşəbbüsə qoşulan ilk ölkələrdən biri də Azərbaycandır.
İki ölkə arasındakı münasibətlərin inkişafında Ulu öndər Heydər Əliyevin də xüsusi yeri olub. Hələ 1994-cü ildə Ümummilli Lider Heydər Əliyevin diplomatik və uzaqgörən siyasəti nəticəsində bu ölkələr arasında münasibətlər möhkəm təməllər üzərində qurulmuşdur. Həmin vaxtdan Dövlətimizin prioritetləri sırasında Çin xüsusi yer tutur.
Son illərdə Çinin modernləşməsi, apardığı islahatlar, siyasi sabitliyin və təhlükəsizliyin qorunması bir çox ölkələr, hətta Azərbaycan üçün nümunə olub. Ölkəmiz Çinin keçdiyi tərəqqi yolundan yararlanmaqla güclü iqtisadiyyat qurmağa çalşmışdır. Bu gün Azərbaycanın xarici borcu ÜDM-in 7 faizindən azdır. Dövlətimizin mübadilə olunan valyuta ehtiyatları xarici borcundan 14 dəfə çoxdur. İşsizlik, yoxsulluq səviyyəsi 5 faizə endirilmiş, iqtisadiyyatımız şaxələndirilmişdir. İki ölkə arasında bərpaolunan enerji istehsalı istiqamətində əməkdaşlıq genişləndirilir. Çində istehsal olunan və Azərbaycanda quraşdırılmış Günəş panelləri Yaşıl enerji layihəsinin nəticəsidir.
Bir neçə ildən sonra Azərbaycan elektrik enerjisini istehsal etmək üçün əsasən təbii qazdan istifadə etməyi dayandıracaq, elektrik enerjisini bərpaolunan enerji resurslarından əldə edəcək və təbii qazı yalnız beynəlxalq bazarlara ixrac edəcəkdir. Azərbaycan artıq küçələrdə hərəkət edən elektriklə işləyən 160 avtobus almış və əlavə 200 avtobusun alınması üçün podrat müqaviləsi bağlamışdır. Həmçinin bu il Azərbaycanda ildə 500 avtobus istehsal etmək gücündə olan BYD-nin elektrik avtobuslarının birgə istehsalına başlanılacaq. Məqsəd isə Bakının ictimai nəqliyyat sistemini və eləcə də Azərbaycanın bütün digər şəhərlərini tamamilə yaşıl nəqliyyata çevirməkdir.
Çinlə Azərbaycan arasında vətəndaşlar üçün vizasız rejimin tətbiq olunması ilə bağlı sənədin imzalanması möhtəşəm bir addımdır. Azərbaycan Çinlə olan dostluğunu və səmimiliyini nümayiş etdirmək üçün ötən il birtərəfli qaydada Çin vətəndaşlarını viza almaq tələbindən azad etmişdir. Keçən il viza rejimi ləğv ediləndən sonra ölkəmiz Çindən əvvəlki illərdən iki dəfə çox turist qəbul etmişdir. Əlbəttə ki, bu hal Azərbaycanın turizm sektorunun inkişafına da böyük təkan verəcək. Bundan başqa, ölkələrimizdə hər iki ölkədən təhsil alan 100-dən çox tələbə var. Azərbaycandan daha çox sayda tələbənin Çinə getməsi üçün böyük imkan var. Azərbaycanda Çin-Azərbaycan Universitetinin yaradılması dabaşlıca vacib məsələlərdəndir.
Bu gün Çin Azərbaycanın idxal baxımından bir nömrəli və ticarət dövriyyəsi baxımından 4-cü tərəfdaşıdır. Çində 6 Azərbaycan Ticarət Evi açılıb, Azərbaycandan Çinə şərab ixrac edilir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzərində yerləşdiyi üçün və bununla da coğrafi mövqeləri əlverişli olduğu üçün “Bir kəmər, bir yol” layihəsindən təkcə bir tranzit marşrutu kimi istifadə etməyi deyil, bu marşrut üzərində şirkətlər qurmağı da planlaşdırır. Bunun üçün Azərbaycan artıq bütün infrastrukturu - dəmir yollarını, dəniz limanlarını, magistral yolları, 8 beynəlxalq hava limanı inşa etmişdir. Ölkənin məqsədi bu marşrut üzərində biznes qurmaqdır.
Bu gün ölkənin nəqliyyat infrastrukturu və həmçinin gömrükdə idarəetmədə islahatlar, o cümlədən rəqəmsallaşma ilə əlaqədar Çindən Azərbaycan vasitəsilə Qara dənizə yüklərin daşınma müddəti cəmi 10 gündən 12 günədək davam edir. Ötən il Çinlə Azərbaycan arasında tranzit daşımalarında 86 faiz artım olub. Azərbaycan vasitəsilə nəqliyyat marşrutları həqiqətən də bu gün mövcud olan digər marşrutlar arasında ən təhlükəsiz, ən qısa və ən cəlbedici marşrutlardan biri olacaqdır. Bunun üçün Şanxay Əməkdaşlıq Təşkilatına daha yaxın olmaq lazımdır.
Azərbaycan həm də Qlobal Cənubun fəal üzvüdür. Ölkəmiz bunu təkcə Qoşulmama Hərəkatına sədrlik etməklə deyil, həm də COP29-da sədrlik etməklə də nümayiş etdirmişdir. Çin Azərbaycanda Qlobal Cənubun lideridir. Burada bu prinsiplər əsasında ölkələrin birləşdirilməsi baxımından Çin xüsusi rol oynayır. Qoşulmama Hərəkatının “Bandunq prinsipləri” ilə yanaşı, suverenlik, ərazi bütövlüyünə hörmət, daxil işlərə qarışmama, bərabərlik, çoxtərəflilik və heç bir ölkə və ya ölkələr qrupunun digərləri üzərində dominantlığına yol verilməmə prinsipləri Azərbaycan üçün olduqca vacibdir.
Beləliklə də, bütün bu sıx və eyni mövqeli əməkdaşlıq münasibətləri Azərbaycanla Çinin həm strateji, həm siyasi, həm də iqtisadi maraqlarının günü-gündən daha da artmasına, ölkələrimizin tərəqqisinə və əlaqələrinin daha da güclənməsinə səbəb olacaqdır.
Pərvanə Vəliyeva,
Milli Məclisin deputatı