29 aprel 2025 19:41
139

İspaniyada işıqların kəsilməsi nəticəsində beş nəfər ölüb - "El Pais"

Aprelin 28-də İspaniyada elektrik enerjisinin kəsilməsi nəticəsində azı 5 nəfər ölüb. Üç nəfərin ölümünə səbəb elektrik generatorunun nasazlığı olub.

“İki sahil” bu barədə "El Pais" nəşrinə istinadla xəbər verir. 

Ourense şəhərində Mülki Qvardiya evli cütlük və onların oğlunun ölümünü araşdırır. Onların cəsədləri aprelin 29-da səhər saatlarında tapılıb. Məhkəmə ekspertləri ölümün mümkün səbəbinin nasaz generator səbəbindən dəm qazından zəhərlənmə olduğunu bildirirlər.

Nəşr yazır ki, işıqların kəsilməsi zamanı yanğınsöndürənlər dəm qazından zəhərlənən 9 nəfəri xilas ediblər.

Valensiyada oksigen aparatına qoşulan 46 yaşlı qadın elektrik kəsilməsindən sonra dünyasını dəyişib. Həkimlər gələnə qədər polis ona ürək-ağciyər reanimasiyası keçirməyə çalışıb. Həkimlər ölümü təsdiqləyib.

Carabanchel şəhərində elektrik kəsildikdən sonra evində baş verən yanğın nəticəsində daha bir qadın ölüb. Polis yanğının şamdan başladığını güman edir.

Aprelin 28-i günorta saatlarında İspaniyanın əksər hissəsi, Portuqaliya, Andorra və Fransanın bir sıra bölgələri işıqsız qalıb. Dəqiq səbəblər məlum deyil. İspaniyada aprelin 29-da səhərə qədər ev təsərrüfatlarının 99,16%-nə elektrik enerjisinin verilməsi bərpa edilib.