30 aprel 2025 01:58
105

Gərək günəş dağları aşıb sönməyəydi...

Çox istəyirdim ki, tanınmıș jurnalist, istedadlı yazıçı-publisist Afət  Sadiqoğlunun mənsur șerlərindən, sonədli povest və xatirələrindən  ibarət “Mənim çiçəkli dünyam” kitabı haqqinda nə isə yazam, qələmin  qüdrəti, sözün sehri ilə o “çiçəkli dünya”nın heykəlini yonam. Bunun  üçün də müəllifin ömür-gün yoldaşı, müqtədir qələm sahibi Xuraman xanımdan bəzi məlumatlar əldə etməyə çalışırdım. 

Ancaq “Sən saydığını say, gör fələk nə sayır” deyib ulularımız. Kor tale, amansız fələk naşı karvanbașı kimi hər șeyin yolunu-yönünü dəyişdi. Afət müəllimin min bir əzabla araya-ərsəyə gətirdiyi  “çiçəkli dünyası”nda güclü firtınalar qopdu. Bu firtına onun canından  çox sevdiyi, qoxlayıb sinəsinə basdığı Şəfa adlı tər çiçəyini, ətirli  bənövşəsini vaxtsız-vədəsiz soldurdu. Elə o gündən həmin çiçəkli dünya dəhşətli zimistana döndü... 

Deyirlər ispaniyalı Kolumb yeni kəşflər etmək üçün Hindistana  üz tutub, ancaq onun əvəzinə sirli-sehirli Amerikaya gedib çıxıb. Taleyin  hökmü ilə mənim əlimdəki qələm də yolunu azdı, səmtini dəyişdi.  Beləcə Xuraman Şəfanın ana fəryadından, harayından, övlad həsrətindən  binalanmıș “Zamansız və amansız ölümlər. Analar yanar ağlar...” adlı bir  ünvana yön aldı qələm. O ünvana ki, orada Xuraman xanımın qəfil  namərd gülləsinə tuş gələrək əbədiyyətə qovuşan gül balası, ömrünün  mənası- Şəfanın nakam taleli əbədi dünyası vardır. “Zamansız və amansız  ölümlər. Analar yanar ağlar...” kitabı 30 aprel 2009-cu ildə Azərbaycan  Dövlət Neft Akademiyasında törədilən terror zamanı həlak olanların  xatirəsinə həsr edilib. Həlak olanların arasında Xuraman  xanımın cıyərparası Şəfa Məmmədova da var idi. 

...İndi bu kitabı yana-yana vərəqləyirəm. Bu, dərddən, ələmdən  nakam övladın həsrəti ilə yaşayan ananın hayqırtısından yonulmuş bir  abidə-kitabdır. Onu vərəqlədikcə fikirlərimin, düşüncələrimin  tənhalığında boğuluram. O gücsüz anlarında gözünün nuru, bașının tacı,  dizinin taqəti olan qızı-sirdaşı ilə sanki “həmsöhbət” olan ananın gücünə  heyran qalıram. Kitabın səhifələrində “Həyat qəribədir...bu qəribəliklərin  burulğanında yașayırıq” deyən, Xuraman  xanımın qələm yoldaşı, qəm yükünün ortağı Yeganə xanımın...”Şəfa qayıdacaq...anasını  necə xəbərsiz tərk etdisə, eləcə də evinin qəfil qonağı olacaq” təsəllisi bu  tənhalıq girdabından çəkib çıxarır məni. Təsəllimiz yalnız ağrılı șer  misralarında, kədərli ifadələrdə deyil, bir də Şəfanın pak, təmiz gəncliyə,  gələcək nəsillərə örnək olacaq keçdiyi șərəfli həyat yolundadır.  Bir anlığa gözüm kitabdakı şəkil-xatirələrə dikilir. Bu xatirələrin  işığında biz Şəfanı gəzir, yenidən tapırıq, təzədən kəşf edirik onu. İlahi, qısa, lakin mənalı ömrünü o tarix üçün deyil, əbədiyyət üçün yaşayıb. Tanrı onu yaradarkən bu mələk simalı bəndəsindən heç nəyi  əsirgəməyib. Yalnız bəxtdən, taledən savayı. Xeyirxahlıq, mehribanlıq, șəfqətlilik, səliqə-səhman, bütövlük, sədaqət... Elə cəmiyyətin təməli- “kiçik dövlət” sayılan ailə, ailə tərbiyəsi... Coșğunluğu həyat eșqi ilə  birləşdirmək. Bəli, səmimiyyət, məhəbbəti ülviləşdirmək, ismət, həya- Şəfa adlı dünyamızın qütb ulduzu idi. O,  həm də istedadı, qabiliyyəti ilə elm adlı dəryanın dərinliklərinə işıq  saçırdi. Ali məktəb, magistratura, dissertant... Ruhən ölmüş bir namərdin qəfil gülləsinə tuș gəlməsəydi bəlkə də Şəfa elmimizin ən  yüksək zirvələrindən birini çox tezliklə fəth edəcəkdi. 

Bu gün elmə nəinki qapıdan, hətta pəncərədən də deyil, bacadan  soxulmuş bəzilərinin dilinin dönmədiyi, adını kəkələyə-kəkələyə belə  söyləyə bilmədiyi “Hipooksiya və ozon qazının  pastnatal ontogenezdə müxtəlif toxumalarda qanın laxtalanmasına təsiri” adlı elmi-tədqiqat  işi Şəfanın fədakarlığı nəticəsində bəlkə də artıq həyata vəsiqə ala bilmişdi.  Yenə düșüncələr... cümlə qırıqliğı, fikir dağınıqlığı. Yarımçıq qalmış  bir övlad ömrünün acısını, ağrısını əks etdirən kitabı-ağılarla dolu bir dastanı qələmin  mürəkkəbində, sözün sehrində, qəzet səhifələrində tarixləşdirmək necə  də çətindir. Hələ qəlbimizin göynərtisinə cavab tapa bilmirik. Cavab  axtaranda da gözümüz göyə dikilir: “Sən də bizim kimi göyə baxırsan? Dönüb bir yerə baxsan ay Allah” fəryadı qopur içmizdən. Düşünürsən ki, bu əslində bir kitab deyil. Bir ananın övladının  namərd gülləsinin şaqqırtısı ilə yarımçıq qalmış ömür yolunun  müqəddəsliyinə ișıq tutan, körpü salan dastanı, həzin-həzin söylədiyi  “layla balam”ıdır. 

Bəli, bu “dastanda” ana dərdini, ana böyüklüyünü, ana müqəddəsliyini  onun bir cüt dənizə bənzər yașlı gözlərində, titrək sözlərində gördük. O  dastanda Şəfasızlığın hər cür zillətinə, ağrı-acılarına dözən qardaş  dozümü, dəyanəti gördük. Yaralı qəlbinə sığınıb için-için ağlayan qəmli ata  gördük. Bu dastanda həyat eșqi ilə alıșıb- yanan və qeybə çəkilən bir aşiq  gördük. O aşiq Şəfa adlı bir əfsanə idi. O, sanki bu işıqlı dünyamıza nağıllar  aləmindən gəlmişdi. İndi biz Şəfa adlı o əfsanənin adını ağılara  nağıllara çeviririk. Gün gələcək həsrətli nəğmələrə də çevriləcək bu ad. 

Ölüm... Bu elə qardır ki, hamimızın qapısında yağacaq. Ancaq vaxtsız  yağan qarın dondurduğu ürəklərin buzu isə asanlıqla əriməyəcək. Lakin bu  buzu əridərək gələcək üçün yaşamalıyıq, Xuraman ana!  Anar üçün, Aran üçün yaşamalıyıq. Yaxınlarımız, doğmalarımız naminə.  Bir də həftənin beș günü min bir əziyyətlə ișıq üzü görən “İki sahil”in  doğma kollektivi, sizin yazılarınızı səbirsizliklə gözləyən oxucularınız üçün ayaqda durmalıyıq. O zaman nakam gedənlərin ruhu da șad olar. Bu  bizin hamımızın Şəfaya əsl “mükafatımız” olar. Şair necə də gözəl deyib: 

“Nakam gedənlərə mükafat olsun: 

Bir nəğmə, bir bayatı, bir hekayə, 

Bir poema, bir roman 

Bir xatirə gecəsi, bir görüş, bir təntənə.

Nakam gedənlərə mükafat olsun: 

Əziz, doğma adlarının 

Nəvələrə qoyulması,

Bir də naxışlı baş dașı. 

Bir də anaların isti göz yașı,  qəlbimizin ağrısı 

Əbədi ayrılıqlara dözümü 

Birdə söyləmək ki, “Dərd içindəyik sizin yoxluğunuzdan”

Qalanlara təsəlli, gedənlərə mükafat,

Gedənlərin xəbəri heç olmasa da bundan. 

Zahid Rza “Iki sahil” 

2011-ci il, may