Demokratik Azərbaycan Naminə Gənclərin İctimai Birliyinin (DANİB) sədri, Forum iştirakçısı Elməddin Behbud “İki sahil” qəzetinə açıqlamasında bildirdi ki, Azərbaycanın QHT sektoru ölkənin vətəndaş cəmiyyətinin ana seqmenti kimi fəaliyyətinin miqyasını genişləndirərək müasir çağırışlara adekvat cavab verir: “İki gündür Azərbaycanın ev sahibliyi ilə keçirilən və 116 ölkədən 200 nəfərdən çox nümayəndənin iştirak etdiyi “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfrans yaxşı mənada rezonans doğrub. Bu mühüm beynəlxalq tədbir Asiya, Afrika, Latın Amerikası və Okeaniya regionlarını - dünya ölkələrinin üçdə iki hissəsini əhatə edən Qlobal Cənubun vətəndaş cəmiyyətinin həyatında əlamətdar hadisə hesab olunur. Bildiyimiz kimi, Platformanın yaradılması təşəbbüsü ilə 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycan Milli QHT Forumu çıxış edib”
DANİB sədri qeyd etdi ki, Qlobal Cənub QHT Platformasının Bakıda formalaşması Azərbaycanın Qlobal Şimal və Qlobal Cənub arasında uğurlu və effektiv vasitəçi olmasının bir daha təsdiqidir: “İki gün davam edən “Həmrəy fəaliyyət: yeni və ədalətli dünya üçün Qlobal Cənub QHT-lərinin gücləndirilməsi” adlı beynəlxalq konfransda dünyanın aparıcı QHT-lərinin liderlərinin çıxışları dinlənildi. Eyni zamanda, maraqlı qlobal diskussiyalar təşkil olundu. Konfransda 70 il öncə İndoneziyada qəbul edilmiş tarixi “Bandunq prinsipləri”nin əhəmiyyəti vurğulandı. Bu prinsiplər dövlətlərin daxili işlərinə qarışmanı rədd edir, dinc, ədalətli dünya nizamının yaradılmasını, ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət bəslənilməsini, xalqların bərabərliyinin təmin olunmasını təşviq edir, qarşılıqlı maraq və əməkdaşlığın, iqtisadi rifahın gücləndirilməsi üçün səfərbərliyə çağırır. Əminliklə deyə bilərik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, bilavasitə diqqəti ilə dəstəklənən QHT fəaliyyətinin inkişafı bu gün beynəlxalq miqyasda da etiraf olunmaqdadır. Bu münasibətlə ölkə QHT-lərini təbrik edirəm”.
Zahid Rza, iki sahil”