08 iyul 2026 14:23
93

Auditorlar Palatası fəaliyyətini rəqəmsallaşma, peşə etikası və beynəlxalq əməkdaşlıq istiqamətində gücləndirir

Səbuhi Gülməmmədov: 2026-cı ildə əsas hədəfimiz auditin keyfiyyətini yüksəltmək, rəqəmsal transformasiyanı sürətləndirmək və beynəlxalq əməkdaşlığı yeni mərhələyə daşımaqdır

Audit sahəsində müasir çağırışlara uyğun islahatların davam etdirilməsi, rəqəmsal texnologiyaların tətbiqinin genişləndirilməsi və beynəlxalq əməkdaşlığın dərinləşdirilməsi Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyətində əsas prioritet istiqamətlər kimi müəyyənləşdirilib. Qurum qarşıdakı dövrdə audit xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, peşə etikasının möhkəmləndirilməsi və institusional inkişafın sürətləndirilməsi istiqamətində kompleks tədbirlər həyata keçirməyi planlaşdırır.

Azərbaycan Respublikası Auditorlar Palatasının icraçı direktoru Səbuhi Gülməmmədov "İki sahil" qəzetinə müsahibəsində Palatanın yaxın dövr üçün əsas hədəfləri və strateji fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib.

Səbuhi Gülməmmədov bildirib ki, Auditorlar Palatası 2026-cı il üzrə fəaliyyətini bir sıra strateji prioritetlər əsasında qurur. Onun sözlərinə görə, bu istiqamətdə əsas məqsədlər Prezident İlham Əliyevin 2026-cı ilin fevral ayında imzaladığı rəqəmsal inkişafa dair Fərmanın tələbləri və Rəqəmsal İnkişaf üzrə Şuranın fəaliyyəti çərçivəsində idarəetmə və nəzarət mexanizmlərinin rəqəmsallaşdırılmasına uyğun müəyyənləşdirilib.

İcraçı direktor qeyd edib ki, qarşıdakı dövrdə elektron sənəd dövriyyəsinin daha da genişləndirilməsi, auditor sertifikatlarının QR kod vasitəsilə təqdim olunması, onların həqiqiliyinin onlayn qaydada yoxlanılması imkanlarının yaradılması və rəqəmsal xidmətlərin əlçatanlığının artırılması əsas fəaliyyət istiqamətlərindən olacaq. O vurğulayıb ki, audit prosedurlarının daha səmərəli təşkili məqsədilə süni intellekt texnologiyalarının öyrənilməsi və onların audit prosesinə tətbiqi imkanları da araşdırılır.

Səbuhi Gülməmmədov bildirib ki, Beynəlxalq Audit Standartlarının praktikada düzgün tətbiqinin təmin edilməsi, auditorlar üçün metodiki vəsaitlərin hazırlanması və peşəkar dəstək mexanizmlərinin genişləndirilməsi də Palatanın əsas prioritetləri sırasındadır. O qeyd edib ki, eyni zamanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə istiqamətində auditor təşkilatlarının və sərbəst auditorların məlumatlılığının artırılması, monitorinq mexanizmlərinin gücləndirilməsi, eləcə də keyfiyyətə nəzarət sisteminin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi üzrə işlər davam etdiriləcək.

İcraçı direktor vurğulayıb ki, bu il Auditorlar Palatasının fəaliyyətə başlamasının 30 ili tamam olur və yubiley münasibətilə geniş tədbirlər proqramı hazırlanıb. O bildirib ki, Auditorlar Palatasının sədrinin 2025-ci il 26 avqust tarixli sərəncamı ilə Təşkilat Komitəsi yaradılıb və yubiley tədbirlərini əhatə edən geniş Tədbirlər Planı təsdiqlənib. Onun sözlərinə görə, proqram çərçivəsində "Auditorlar Palatası – 30 il" kitabının Azərbaycan və ingilis dillərində hazırlanaraq nəşr olunması, təqdimat mərasiminin keçirilməsi, beynəlxalq elmi-praktik konfransın təşkili, eləcə də Palatanın keçdiyi inkişaf yolundan bəhs edən "Auditorlar Palatası – 30 il" sənədli filminin hazırlanması nəzərdə tutulur.

Səbuhi Gülməmmədov qeyd edib ki, əldə olunan nailiyyətlərlə yanaşı, qarşıdakı dövr üçün yeni strateji hədəflər də müəyyənləşdirilib. O bildirib ki, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla auditin aparılmasına dair proqram təminatının əldə edilməsi, Türkiyə, Pakistan və İsrail təcrübəsinin öyrənilməsi, Peşəkar Mühasiblərin Beynəlxalq Etika Məcəlləsi üzrə nəzəri və praktiki sertifikat proqramlarının hazırlanması, 2026-cı ilin "Auditdə peşə etikası ili" elan olunması, auditdə rəqəmsallaşma və innovasiyaların geniş tətbiqi, "Auditdə süni intellekt" konsepsiyasının hazırlanması, sertifikatların QR kod sistemi ilə verilməsi, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin gücləndirilməsi, eləcə də haqsız rəqabətin qarşısının alınması əsas fəaliyyət istiqamətlərini təşkil edir.

Səbuhi Gülməmmədov vurğulayıb ki, son dövrdə Auditorlar Palatasının beynəlxalq əməkdaşlıq fəaliyyəti, xüsusilə türkdilli dövlətlərlə münasibətlər yeni mərhələyə qədəm qoyub. O qeyd edib ki, 2026-cı il iyunun 25-də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə keçirilən "Dövlətin və təsərrüfat subyektlərinin mənafelərinin müdafiəsində auditin rolu" mövzusunda beynəlxalq konfrans çərçivəsində Türkiyənin İctimai Nəzarət, Mühasibat və Audit Standartları Təşkilatı (KGK), Qazaxıstan Auditorlar Palatası və Özbəkistan Auditorlar Palatasının nümayəndələri ilə məhsuldar görüş keçirilib.

İcraçı direktor bildirib ki, həmin görüşdə audit və mühasibatlıq sahəsində institusional əməkdaşlığın genişləndirilməsi, auditin keyfiyyətinə nəzarət, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə, auditorların sertifikatlaşdırılması və haqsız rəqabətin qarşısının alınması istiqamətlərində birgə fəaliyyət imkanları müzakirə olunub. O vurğulayıb ki, görüşün ən mühüm nəticələrindən biri türkdilli dövlətlərin audit və mühasibatlıq qurumlarını bir araya gətirəcək Türk Dünyası Auditorlar Şurasının yaradılması ilə bağlı ilkin razılığın əldə olunmasıdır.

Səbuhi Gülməmmədov qeyd edib ki, bu təşəbbüs vahid institusional əməkdaşlıq platformasının formalaşdırılmasına, auditin keyfiyyətinə nəzarət sahəsində təcrübə mübadiləsinin genişlənməsinə, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizədə ortaq metodoloji yanaşmaların hazırlanmasına, auditorların sertifikatlarının qarşılıqlı tanınması imkanlarının araşdırılmasına və haqsız rəqabətə qarşı birgə fəaliyyətin gücləndirilməsinə xidmət edəcək. Onun sözlərinə görə, bu əməkdaşlığın Auditorlar Palatasının 30 illik yubileyinə həsr olunacaq tədbirlər çərçivəsində cari ilin sentyabr ayında rəsmiləşdirilməsi qarşıya qoyulan ən mühüm strateji hədəflərdən biridir.

Yaqut Ağaşahqızı, “İki sahil”