08 iyul 2026 14:00
118

Fast food-ların tez-tez istehlakı bəzi funksional həzm pozğunluqları ilə bağlı şikayətlərin yaranmasına səbəb ola bilər - MÜSAHİBƏ

Fast food məhsullarının gündəlik qidalanmada payının artması həzm sistemi xəstəlikləri və metabolik pozğunluqların geniş yayılmasına təsir göstərən əsas amillərdən biri kimi qiymətləndirilir. Yüksək yağ, şəkər və emal olunmuş karbohidratlarla zəngin qidaların müntəzəm istehlakı mədə-bağırsaq sisteminin fəaliyyətinə, bağırsaq mikrobiotasına və ümumi sağlamlığa müxtəlif istiqamətlərdə təsir göstərə bilər.

Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov “İki sahil”ə özəl müsahibəsində fast foodun mədə-bağırsaq sistemi, qaraciyər və öd yollarına təsiri, uşaqlarda yaratdığı risklər, qazlı və enerji içkiləri ilə birlikdə qəbulunun fəsadları, eləcə də sağlam qidalanmanın profilaktik əhəmiyyəti ilə bağlı sualları cavablandırıb.

-Fast food qidalanma mədə-bağırsaq sistemində hansı əsas patoloji mexanizmləri işə salır?

-Fast-food məhsullarının tez-tez və balanssız şəkildə qəbulu həzm sisteminə müxtəlif istiqamətlərdə təsir göstərə bilər. Yüksək yağ tərkibli qidalar mədənin boşalmasını ləngidə və qidanın mədədə daha uzun müddət qalmasına səbəb ola bilər. Bu da bəzi insanlarda ağırlıq, köp və turşunun yuxarı qalxması hissi yarada bilər. Az lifli qidalanma bağırsaqların normal fəaliyyətinə təsir göstərə bilər. Şəkər və emal olunmuş karbohidratların həddindən artıq qəbulu, transyağlar və qızartma zamanı yaranan bəzi birləşmələr uzun müddətdə orqanizmdə yüngül iltihabi proseslərin yaranmasına şərait yaradan amillərdən hesab olunur. Eyni zamanda, bu cür qidalanma bağırsaq mikrobiotasının tərkibinə də müəyyən təsir göstərə bilər. Burada əsas məsələ ayrı-ayrı məhsullardan daha çox ümumi qidalanma vərdişidir.

-Bu tip qidaların müntəzəm qəbulu xroniki qastrit və reflüks xəstəliyinin formalaşmasında nə dərəcədə həlledici rol oynayır?

-Burada dürüst olmaq lazımdır. Xroniki qastritin əsas səbəbi adətən fast food deyil. Birinci yerdə Helicobacter pylori infeksiyası və bəzi ağrıkəsicilərin uzunmüddətli istifadəsi dayanır. Fast food məhsullarının tez-tez qəbulu isə mövcud həzm sistemi şikayətlərinin artmasına səbəb ola bilən risk amillərindən biridir. Reflüks baxımından yağlı və iri porsiyalı yeməklər bəzi insanlarda əlamətlərin güclənməsinə səbəb ola bilər. Eyni zamanda, artıq çəki və digər həyat tərzi amilləri də bu prosesdə mühüm rol oynayır. Yəni, fast food reflüks üçün yeganə səbəb deyil, lakin bəzi hallarda əlamətlərin şiddətlənməsinə təsir göstərə bilər.

Liflə zəngin qidaların az, yüksək yağlı və şəkərli qidaların isə çox qəbul edilməsi
bağırsaq mikrobiotasının tərkibində müəyyən dəyişikliklərə səbəb ola bilər

-Fast foodun bağırsaq mikroflorasına təsiri orqanizmin ümumi immun sistemində hansı dəyişikliklərə səbəb olur?

-Bağırsağımızda trilyonlarla bakteriya yaşayır və onlar həzmlə yanaşı immun sisteminin fəaliyyətində də mühüm rol oynayır. Liflə zəngin qidaların az, yüksək yağlı və şəkərli qidaların isə çox qəbul edilməsi bağırsaq mikrobiotasının tərkibində müəyyən dəyişikliklərə səbəb ola bilər. Bu dəyişikliklər uzun müddətdə orqanizmin metabolik və immun tarazlığına müəyyən təsir göstərə bilər.

-Müasir qastroenteroloji praktikada fast food istehlakı ilə funksional və orqanik mədə-bağırsaq xəstəlikləri arasında necə fərqləndirmə aparılır?

-Burada iki böyük qrupu ayırd etmək lazımdır. Funksional xəstəliklərdə, məsələn funksional dispepsiya və ya qıcıqlanmış bağırsaq sindromunda xəstə ağrı, köp, tez doyma kimi şikayətlər yaşayır, lakin müayinələrdə struktur dəyişiklik aşkar edilmir. Orqanik xəstəliklərdə isə xora, iltihab, çölyak xəstəliyi və ya şiş kimi struktur dəyişikliklər müəyyən olunur. Fast food məhsullarının tez-tez istehlakı bəzi funksional həzm pozğunluqları ilə bağlı şikayətlərin yaranmasına və ya mövcud əlamətlərin güclənməsinə səbəb ola bilər. Lakin diaqnoz yalnız qidalanmaya əsasən qoyulmur. Təhlükə əlamətləri olduqda mütləq əlavə müayinələr aparılır.

-Emal olunmuş qidaların uzunmüddətli istifadəsi mədə və bağırsaq selikli qişasında geri dönüşü olmayan dəyişikliklər yarada bilərmi?

-Yaxşı xəbər odur ki, erkən mərhələdə yaranan dəyişikliklərin əksəriyyəti geri dönə bilir. Selikli qişada daha ciddi dəyişikliklər isə adətən uzun illər davam edən müxtəlif risk amillərinin birgə təsiri nəticəsində formalaşır. Buraya qeyri-sağlam qidalanma ilə yanaşı, infeksiyalar, siqaret çəkmə, alkoqol istifadəsi, irsi meyllilik və digər amillər də daxildir. Sağlam həyat tərzi bu risklərin azalmasına kömək edir.

-Fast food qidalanma qaraciyər və öd sistemi patologiyalarının yaranmasında hansı risk faktorları sırasında yer alır?

-Yüksək kalorili, yağlı və şəkərli qidaların müntəzəm qəbulu, fiziki aktivliyin azlığı və artıq çəki ilə birlikdə qaraciyərin piylənməsi və metabolik pozğunluqlar üçün risk amillərindən biri hesab olunur. Öd sistemi xəstəliklərinin yaranmasında da qidalanma ilə yanaşı yaş, irsi meyllilik, artıq çəki və digər amillər rol oynaya bilər.

-Uşaq və yeniyetmələrdə formalaşan fast food asılılığı gələcəkdə hansı qastroenteroloji riskləri artırır?

-Uşaqlıq və yeniyetməlik dövründə qeyri-sağlam qidalanma vərdişlərinin formalaşması gələcəkdə artıq çəki, qaraciyər piylənməsi, metabolik pozğunluqlar və bəzi həzm sistemi xəstəliklərinin inkişaf riskini artıra bilər. Buna görə erkən yaşlardan balanslı qidalanma vərdişlərinin formalaşdırılması mühüm əhəmiyyət daşıyır.

Əsas məsələ bu cür qidaların gündəlik rasionda üstünlük təşkil etməməsi,
müxtəlif və balanslı qidalanma prinsiplərinə riayət olunması,
həmçinin aktiv həyat tərzinin qorunmasıdır

-Fast foodla yanaşı qeyri-sağlam içkilərin (qazlı içkilər, enerji içkiləri) qəbulu mədə-bağırsaq sistemində riskləri necə multiplay edir?

-Fast food məhsullarının qazlı və ya enerji içkiləri ilə birlikdə tez-tez qəbulu bəzi həzm sistemi narahatlıqlarının yaranma ehtimalını artıra bilər. Qazlı içkilər bəzi insanlarda reflüks əlamətlərini gücləndirə, şəkərli içkilərin həddindən artıq qəbulu isə artıq çəki və metabolik pozğunluqların inkişafına təsir göstərə bilər. Buna görə bu məhsulların ölçülü istehlakı tövsiyə olunur.

-Mədə-bağırsaq sistemində fast foodun yaratdığı ilkin funksional pozğunluqları hansı klinik əlamətlərlə aşkar etmək mümkündür?

-İlk əlamətlər yeməkdən sonra ağırlıq hissi, tez doyma, köp, qıcqırma, ürəkbulanma və nəcis vərdişlərinin dəyişməsi kimi özünü göstərə bilər. Lakin bu əlamətlər müxtəlif səbəblərlə də əlaqəli ola bilər. Şikayətlər davamlı xarakter daşıyırsa və ya təkrarlanırsa, xüsusilə arıqlama, qanazlığı və ya digər narahatedici əlamətlərlə müşayiət olunursa, həkimə müraciət etmək məqsədəuyğundur.

-Əhalinin gündəlik qidalanma modelində fast foodun məhdudlaşdırılması xəstəliklərin profilaktikasında nə qədər effektivdir?

-Sağlam qidalanma vərdişlərinin təşviqi həzm sistemi və ümumi sağlamlığın qorunması baxımından mühüm əhəmiyyət daşıyır. Məqsəd hər hansı qida məhsulunu tamamilə qadağan etmək deyil, onların balanslı və müxtəlif qidalanma çərçivəsində ölçülü şəkildə istehlakını təşviq etməkdir. Tərəvəz, meyvə, tam taxıl məhsulları və liflə zəngin qidaların gündəlik rasionda üstünlük təşkil etməsi sağlamlığın qorunmasına müsbət təsir göstərir.
Yekun olaraq qeyd etmək istərdim ki, fast food məhsullarının vaxtaşırı və balanslı qidalanmanın tərkib hissəsi kimi istehlakı adətən ciddi problem yaratmır. Əsas məsələ bu cür qidaların gündəlik rasionda üstünlük təşkil etməməsi, müxtəlif və balanslı qidalanma prinsiplərinə riayət olunması, həmçinin aktiv həyat tərzinin qorunmasıdır. Bu yanaşma həzm sistemi ilə yanaşı ümumi sağlamlığın qorunmasına da töhfə verir.

Yaqut Ağaşahqızı, “İki sahil”