Dövlətimizin başçısı İlham Əliyev Prezident Donald Trampa ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda münasibətlərimizi keyfiyyətcə yeni mərhələ qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyini ifadə etdi
"Son dövrdə Azərbaycan-Birləşmiş Ştatları münasibətlərinin yüksələn xətlə və uğurla inkişaf etməsi məmnunluq doğurur. Biz iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirir, dövlətlərarası əlaqələrimizin güclənməsinə daim verdiyiniz böyük önəmə və dəstəyə görə Sizə minnətdarlığımızı bildiririk. Fevral ayında imzalanan və münasibətlərimizi keyfiyyətcə yeni mərhələ qaldıran Strateji Tərəfdaşlıq Xartiyasının iqtisadiyyat, enerji, bağlantılar, təhlükəsizlik kimi ənənəvi sahələrlə yanaşı, rəqəmsal transformasiya, süni intellekt və digər mühüm istiqamətlər üzrə tərəfdaşlığın inkişaf etdirilməsinə təkan verəcəyinə əminliyimi ifadə edirəm." Dövlətimizin başçısı İlham Əliyev Prezident Donald Trampa ABŞ-ın müstəqilliyinin 250-ci ildönümü münasibətilə ünvanladığı təbrik məktubunda onu da qeyd edir ki, biz Sizin Cənubi Qafqazda sülh gündəliyinin təşviqi və dayanıqlı inkişafın təmin edilməsi istiqamətində qətiyyətli səylərinizi də son dərəcə yüksək qiymətləndiririk. Keçən ilin avqustun 8-də Ağ Evdə Sizin təşəbbüsünüzlə baş tutmuş tarixi üçtərəfli görüşün nəticələri regionumuzda tamamilə yeni müsbət ab-hava və vəziyyət yaratdı. Artıq Azərbaycan ilə Ermənistan sülh şəraitində yaşayır və ticarət münasibətləri qururlar. Eyni zamanda, regionda sabitliyə və rifaha xidmət edən infrastruktur layihələrinin, xüsusilə də Asiya ilə Avropa arasında alternativ, etibarlı və təhlükəsiz bağlantını təmin edəcək “Trampın Beynəlxalq Sülh və Rifah Marşrutu”nun reallaşmasına ölkənizin göstərdiyi davamlı dəstəyini xüsusi qeyd etmək istərdim.

Bu gün yeni mərhələyə daxil olan Azərbaycan-ABŞ münasibətlərinin fonunda ölkəmizin ədalətli mövqeyinə dəstəyi aydın şəkildə görürük. Dövlət başçısı İlham Əliyev cari ilin əvvəlində yerli televiziya kanallarına ənənəvi müsahibəsində 2025-ci ilin ölkəmizin həyatında hansı uğurlarla qaldığını xarakterizə edərkən bu reallığı xüsusi qeyd etmişdir ki, Azərbaycan-Amerika münasibətlərinin kontekstində ötən il tarixi il sayıla bilər. Çünki sirr deyil ki, Azərbaycan dövlət müstəqilliyini qazandıqdan sonra Amerika-Azərbaycan əlaqələrinin üzərində bir qara bulud kimi mənfur 907-ci düzəliş fırlanırdı və Azərbaycan gənc, müstəqil ölkə olmasına baxmayaraq, Amerika kimi dünya miqyasında bir nömrəli dövlətlə Amerikadakı anti-Azərbaycan qüvvələrin, erməni lobbisinin fəaliyyəti nəticəsində lazımi səviyyədə münasibətlər qura bilməmişdi. Azərbaycan tərəfindən belə cəhdlər dəfələrlə göstərilmişdir. Müəyyən mərhələlərdə münasibətlər müsbət istiqamətdə inkişaf edirdi. Ancaq mövcud məhdudiyyətlər, xüsusilə Ermənistan-Azərbaycan müharibəsinin davam etməsi Amerikadakı söz sahiblərinə imkan vermirdi ki, Azərbaycanla genişmiqyaslı münasibətlər qurulsun. Artıq bu məhdudiyyət də yoxdur və bunun təbii ki, iki əsas səbəbi var: birincisi, Ermənistan-Azərbaycan müharibəsinin rəsmən sona çatması, ikincisi, Amerikada Prezident Tramp administrasiyasının hakimiyyətdə olması. Bu administrasiya Prezident başda olmaq şərti ilə çox praqmatik, çox peşəkar və Amerikanın milli maraqlarının nə olduğunu çox yaxşı bilən üzvlərdən ibarətdir. Təbii ki, Azərbaycan kimi bölgədə güclü potensialı və nüfuz dairəsi olan ölkə ilə əməkdaşlıq Amerika Birləşmiş Ştatları üçün də, bizim üçün də önəmlidir.
Reallıq budur ki, cənab İlham Əliyevin ötən ilin avqust ayında ABŞ-a işgüzar səfəri iki ölkənin münasibətlərində yeni səhifə açdı. ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə tarixi sülh razılaşmasının əldə edilməsi, 907-ci düzəlişə son qoyulması istiqamətində atılan addımlar və sair kimi mühüm məqamlar iki ölkənin əlaqələrinin gələcək inkişafı barədə aydın təsəvvür yaratdı. Həmçinin həmin səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladılar. Cənab İlham Əliyev həmin mərasimdə bir daha bildirdi ki, 33 il davam edən sanksiyaların sonu Prezident Trampın sayəsində mümkün oldu. ABŞ Prezidentinin cənab İlham Əliyevə “Siz böyük lidersiniz” müraciəti, həmçinin Ağ Evin rəmzi açarını dövlətimizin başçısına təqdim edərək “Mən bunu nadir hallarda təqdim edirəm” söyləməsi Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun, Prezidentimizə göstərilən böyük etimadın fonunda ABŞ-ın ölkəmizlə əməkdaşlığa nə qədər böyük önəm verdiyini nümayiş etdirdi. Hazırda Azərbaycanla Amerika arasındakı əlaqələr çox praktik və nəticəyə hesablanmış istiqamətdə cərəyan edir. Tarixi sülh razılaşmasından sonra münasibətlərdə uğurlu inkişaf diqqətdən kənarda qalmır. Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkənin strateji tərəfdaşlığı üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Donald Trampın birinci prezidentliyi dövründə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır.
Ötən il dövlət başçısı İlham Əliyevin amerakalı həmkarı ilə bir neçə dəfə görüşü oldu. Prezident İlham Əliyev bu ilin yanvarında Davos Dünya İqtisadi Forumunun 56-cı iclası çərçivəsində də cənab Donald Trampla görüşdü. Azərbaycanın ABŞ Prezidentinin sədrliyi ilə yaradılan Sülh Şurasına təsisçi kimi qoşulması ölkəmizin beynəlxalq miqyasda sülh, dialoq və qarşılıqlı anlaşma dəyərlərinə sadiqliyinin, eyni zamanda, yüksələn xətlə inkişaf etməkdə olan Azərbaycan-ABŞ münasibətlərinin təqdimatı oldu. Bu il fevralın 19-da Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqton şəhərində Sülh Şurasının ilk iclası keçirildi. Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın dəvəti ilə iclasda iştirak etdi. Sülh Şurasının təsisçilərindən biri kimi Azərbaycan beynəlxalq platformalarda fəal iştirak etməklə sülh gündəliyinin formalaşmasına və qlobal etimadın güclənməsinə xidmət edir.
Dostluq və əməkdaşlıq münasibətlərinin inkişafına yönəlmiş qarşılıqlı siyasi iradə ABŞ-dan verilən yüksəksəviyyəli mesajlarda da öz əksini tapır. ABŞ Prezidenti Donald Tramp dövlətimizin başçısı İlham Əliyevə bayramlarda, əlamətdar günlərdə ünvanladığı məktublarda da Azərbaycanla Amerika arasında birgə fəaliyyətin zəngin tarixə malik olduğunu, qarşıdakı illərdə əldə edə biləcəyimiz möhtəşəm məqamları səbirsizliklə gözlədiyini bildirir.
ABŞ-ın Azərbaycanla əməkdaşlığı həm təhlükəsizlik, həm də iqtisadi sahələrdə yüksək qiymətləndirməsi iki ölkə arasında münasibətlərin strateji xarakter daşıdığını ortaya qoyur. Eyni zamanda, Cənubi Qafqazda sülhün təmin olunmasına verilən önəm regional sabitlik və inkişaf üçün mühüm amil kimi çıxış edir. Bu mesaj qarşılıqlı anlaşma və etimad əsasında qurulan əlaqələrin gələcəkdə daha da genişlənəcəyinə dərin inam yaradır.
Prezident İlham Əliyevin fevralın 9-da ABŞ Ticarət Palatasının beynəlxalq üzvlərlə əlaqələr, Yaxın Şərq və Türkiyə üzrə baş vitse-prezidenti Kuş Çoksinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən səsləndirdiyi fikirlər də Azərbaycan-ABŞ münasibətlərinin uğurlu inkişafının, bunun üçün bütün sahələrdə böyük potensialın olduğunu nümayiş etdirdi. Prezident İlham Əliyev bildirdi ki, hazırda ikitərəfli əlaqələrin çox ümidverici və fəal olan yeni mərhələsinə qədəm qoyuruq. ABŞ Vitse-prezidentinin səfəri ərəfəsində nümayəndə heyətinin gəlişi olduqca əhəmiyyətlidir. Çünki təmaslarımızın bir hissəsi biznes, sərmayə, ticarət münasibətləri və strateji gündəliyimizin tərkib hissəsi olan bir sıra digər məsələlər üzərində cəmləşib. Azərbaycana səfər etməkdən məmnunluqlarını ifadə edən bir çox nüfuzlu şirkətlərin təmsilçiləri Azərbaycanla əməkdaşlığı genişləndirmək niyyətində olduqlarını bildirdilər. Onlar təmsil etdikləri şirkətlərin fəaliyyəti, həmçinin ölkəmizlə həyata keçirdikləri əməkdaşlıq barədə məlumat verdilər. Görüşdə şirkət təmsilçilərinin diqqət göstərdiyi mühüm məqamlardan biri Azərbaycanın 2024-cü ildə ev sahibliyi etdiyi, dünyanı Bakıya toplayan COP29 iqlim konfransı oldu. Bildirildi ki, Azərbaycana çox böyük maraq var. Hər şey iki il bundan əvvəl COP-dan başladı və COP çox uğurlu bir tədbir oldu. Prezident İlham Əliyev Azərbaycanı ziyarət edən şirkətlərin siyahısına nəzər salarkən onların bir çoxu ilə uzun illər ərzində səmərəli əməkdaşlığımızın mövcud olduğunu vurğuladı. Bildirdi ki, şirkətlərin bəziləri yenidir və bu da tamamilə təbiidir. Çünki birincisi, müstəqilliyinin erkən illərindən Azərbaycan beynəlxalq tərəfdaşlığa çox açıq idi və bir çox beynəlxalq şirkətlərlə, o cümlədən ABŞ şirkətləri ilə yaxşı təmaslar qurmuşdur. Digər tərəfdən, keçən ilin avqust ayında Vaşinqtonda mənim Prezident Trampla görüşümdən qaynaqlanan ABŞ-Azərbaycan münasibətlərinin fəal inkişaf etdiyi bu mərhələdə əməkdaşlıq etdiyimiz sahələrin diapazonunu genişləndirəcəyimiz də təbiidir. Enerji, ticarət, investisiyalardan ibarət olan ənənəvi əməkdaşlıq sahələri ilə yanaşı, indi rəqəmsal transformasiya, süni intellektə aid çox vacib sahələr üzərində çalışırıq. Cənab İlham Əliyev bu əminliyi ifadə etdi ki, Amerika şirkətləri əsas tərəfdaşlarımız olacaq. Artıq yaxşı təmaslarımız var.
Fevralın 10-da Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens ölkəmizdə rəsmi səfərdə oldu. Səfər çərçivəsində iki ölkənin əlaqələrinin gələcək inkişafında yol xəritəsi kimi dəyərləndirilən Strateji Tərəfdaşlıq Xartiyası imzalandı. Mətbuata bəyanatında “Bizim üçün dünyanın ən qüdrətli ölkəsi – Amerika Birləşmiş Ştatları ilə strateji tərəfdaş olmaq böyük şərəfdir. Biz, həmçinin Prezident Trampa, Vitse-prezident Vensə və onların heyətinə Qafqazda sülhə verdikləri töhfəyə görə çox minnətdarıq” söyləyən cənab İlham Əliyev bildirdi ki, Xartiyada əməkdaşlığımızın müxtəlif istiqamətləri əks olunur. Biz təhlükəsizlik və antiterror əməliyyatları məsələləri üzərində işimizi davam etdirəcəyik. Bu gün Azərbaycan öz təbii qazı ilə 16 ölkənin enerji təhlükəsizliyini təmin edir. Onların 11-i NATO-nun üzvü, ABŞ-ın müttəfiqidir. ABŞ-ın Vitse-prezidenti Cey. Di. Vens isə qeyd etdi ki, ABŞ ilə Azərbaycan arasında tərəfdaşlıq regionda daha möhkəm sülhə və əmin-amanlığa aparacaq. ABŞ-ın iş adamları üçün əlavə bazarlara çıxış yaranacaq. Bununla daha təkmil dünya yaranacaq ki, insanlar bir-biri ilə vuruşmasınlar, ticarət aparsınlar. Bu, ABŞ Prezidentinin missiyasının və xarici siyasətinin özəyidir. Biz ümumi maraqlar əsasında çıxış edə və bir-birimizlə daha böyük işlər qura bilərik. Biz strateji tərəfdaşlıq sənədini imzaladıq. Bu, tərəfdaşlığı rəsmiləşdirir və çox aydın şəkildə göstərir ki, ABŞ-Azərbaycan münasibətləri dayanıqlıdır və xalqlarımız üçün böyük nəticələr verməkdə davam edəcək.
Prezident İlham Əliyevin bu ilin iyun ayının 15-də ABŞ Prezidenti Donald Trampa 80 illik yubileyi münasibətilə təbrik məktubu da münasibətlərimizin hazırkı inkişaf səviyyəsinə işıq saldı. Bu barədə Prezidentin “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilmişdir. Məktubda qeyd edildi ki, biz Sizə Cənubi Qafqazda sülh gündəliyinin təşviqi naminə göstərdiyiniz qətiyyətə görə də minnətdarıq. Vaşinqtonda şahidliyiniz ilə imzaladığımız üçtərəfli birgə bəyannamə, habelə Ermənistanla paraflanan Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş sülh quruculuğu yolunda Sizin ardıcıl səylərinizin nəticəsidir. Eyni zamanda, biz Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantını təmin edəcək və Orta Dəhlizin bir hissəsinə çevriləcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu”nu (TRIPP) regionda dayanıqlı sülhün inkişafına və əməkdaşlığa növbəti töhfə olaraq görürük. O da qeyd edildi ki, Sizinlə aramızdakı şəxsi münasibətləri, dostluğu, dərin hörmət və etimadı daim uca tutur, son bir il ərzində mehribanlıq və səmimiyyət şəraitində keçən məhsuldar görüşlərimizdən və təmaslarımızdan məmnunluq duyduğumu bildirirəm. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin daha da dərinləşdirilməsi üçün əlverişli zəmin yaradır. Azərbaycan-ABŞ əlaqələrini bütün sahələrdə, xüsusilə də iqtisadi-ticari, sərmayə, enerji, təhlükəsizlik, bağlantılar, texnoloji və digər sahələrdə daha da inkişaf etdirmək və möhkəmləndirmək qarşılıqlı əzmimiz təqdirəlayiqdir. Bu əminlik də ifadə edildi ki, Azərbaycan ilə ABŞ arasında dostluğun və etibarlı tərəfdaşlığın dərinləşdirilməsi, səmərəli əməkdaşlığımızın hərtərəfli genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Münasibətlərimizə işıq salan bu kimi hadisələri, məqamları xeyli sayda davam etdirə bilərik. Ümumiləşdirilmiş şəkildə qeyd etsək, yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan-ABŞ əlaqələrinin bütün sahələrdə uğurlu inkişafı üçün böyük potensial mövcuddur. Donald Trampın Prezident seçilməsindən ötən dövrdə iki ölkənin münasibətlərində diqqət çəkən inkişaf gələcək barədə aydın təsəvvür yaradır. Dayanıqlı inkişafda, yeni əməkdaşlıq formatlarının yaradılmasında əsas amil sülhün, təhlükəsizliyin təmin edilməsidir ki, ABŞ Prezidenti Donald Trampın tarixi sülh razılaşmasının əldə edilməsində rolu özündə bütün məqamları ehtiva edir.
Yeganə Əliyeva, “İki sahil”