06 iyul 2026 20:00
132

Azərbaycan-Çin münasibətlərində partiya diplomatiyasının rolu yüksək qiymətləndirilib

İyulun 6-da Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında Çin Xalq Respublikasının ölkəmizdəki səfirliyinin təşəbbüsü ilə Çin Kommunist Partiyasının (ÇKP) yaradılmasının 105-ci ildönümü münasibətilə tədbir keçirilib.

Partiyadan “İki sahil”ə bildirilib ki, tədbirdə Çinin ölkəmizdəki səfiri Lu Mey və səfirliyin əməkdaşları, YAP İdarə Heyətinin, Veteranlar Şurasının və Gənclər Birliyinin üzvləri, Mərkəzi Aparatın əməkdaşları və yerli təşkilat sədrləri iştirak ediblər.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov Azərbaycan-Çin münasibətlərinin tarixi ənənələrə, möhkəm dostluğa və qarşılıqlı etimada əsaslandığını vurğulayıb. O bildirib ki, Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev ilə Çin Xalq Respublikasının Sədri, Çin Kommunist Partiyasının Baş katibi Si Cinpinin siyasi iradəsi sayəsində ildən-ilə möhkəmlənən dövlətlərarası münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib.

Partiya diplomatiyasının qarşıda duran hədəflərin gerçəkləşməsinə mühüm töhfələr verdiyini söyləyən Tahir Budaqov 2024-cü ilin noyabr ayında Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında Əməkdaşlıq memorandumunun imzalanmasının əhəmiyyətini diqqətə çatdıraraq məqsədyönlü birgə fəaliyyətin müştərək maraqların təmininə xidmət etdiyini bildirib.

Tahir Budaqov YAP nümayəndə heyətinin cari ilin 23 iyun – 2 iyul tarixlərində Çinə səfəri çərçivəsində keçirilmiş məhsuldar görüşlərin çoxşaxəli əməkdaşlığın dərinləşdirilməsi baxımından mühüm önəm daşıdığını bildirib. O, səfər zamanı göstərilən yüksək diqqətə görə nümayəndə heyəti adından Çin Kommunist Partiyasının rəhbərliyinə təşəkkürünü bildirib.

YAP Sədrinin müavini zəngin və şərəfli inkişaf yolu keçən ÇKP-nin 105-ci ildönümü münasibətilə təbriklərini çatdıraraq Çin Xalq Respublikasının inkişafı naminə həyata keçirilən əzmkar fəaliyyətin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib və dost Çin xalqına əmin-amanlıq, rifah və firavanlıq arzulayıb.

Səfir Lu Mey iki ölkənin liderləri tərəfindən həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan-Çin münasibətlərinin bütün sahələrdə yüksələn xətt üzrə inkişafının məmnunluq doğurduğunu bildirib.

Çin Kommunist Partiyasının inkişaf yolu və fəaliyyət prinsiplərindən ətraflı bəhs edən səfir ÇKP-nin Yeni Azərbaycan Partiyası ilə əməkdaşlığa böyük önəm verdiyini vurğulayıb. O, yüksəksəviyyəli siyasi dialoq şəraitində nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin davam etdirilməsinin və ümumi maraq doğuran məsələlər üzrə təmasların daha da gücləndirilməsinin vacibliyini qeyd edib.

Səfir Yeni Azərbaycan Partiyasının nümayəndə heyətinin sonuncu səfərinin də uğurlu olmasının böyük məmnunluq doğurduğunu diqqətə çatdıraraq YAP nümayəndələrinə təşəkkürünü bildirib və müvəffəqiyyətlər arzulayıb.

YAP Veteranlar Şurasının üzvü, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (DİA) rektoru, akademik Urxan Ələkbərov istər Cənubi Qafqaz regionunun aparıcı dövləti olan Azərbaycanın, istərsə də dünyada əsas güc mərkəzlərindən biri kimi çıxış edən Çinin özünəməxsus inkişaf modelinə malik olduğunu nəzərə çatdırıb. O, hər iki ölkənin tərəqqi yolunun, o cümlədən əldə etdiyi sosial-iqtisadi nailiyyətlərin beynəlxalq səviyyədə böyük maraq doğurduğunu bildirib.

YAP Təftiş Komissiyasının üzvü, Milli Məclisin deputatı Vüqar İskəndərov Azərbaycan-Çin əlaqələrinin vacib tərkib hissəsi olaraq YAP ilə ÇKP arasında işbirliyinin, həmçinin qanunverici orqanlarda dostluq qruplarının səmərəli fəaliyyətinin əhəmiyyətini qeyd edib. O, YAP nümayəndə heyətinin sonuncu səfərinin olduqca səmərəli keçdiyini bildirərək qarşılıqlı fikir və təcrübə mübadiləsinin hakim partiyalar arasında əməkdaşlığın mövcud vəziyyətinin və inkişaf perspektivlərinin dəyərləndirilməsi baxımından xüsusi önəm daşıdığını diqqətə çatdırıb.