10 oktyabr 2026 14:24
135

Dünyəvi təhsil Azərbaycanın müasir dövlətçilik modelinin mühüm dayaqlarından biridir - Vüqar Rəhimzadə

Orta məktəblərdə hicabın qadağan edilməsi ilə bağlı hər hansı qərar olmadığı halda, vahid məktəbli geyimi qaydalarının dini azadlıqlara qarşı addım kimi təqdim edilməsi və bu mövzu ətrafında məqsədyönlü şəkildə, qəsdən ajiotaj yaradılması cəhdləri ciddi suallar doğurur. Təhsil sahəsinə aid məsələlərin süni şəkildə guya dini etiqad azadlığına qarşı kimi təqdim edilməsi yolverilməz və qəbuledilməzdir! Hicaba qadağa olmadığı halda bu qədər hay-küyün qaldırılması, cəmiyyətin qızışdırılması və təhsil məsələsinin dini qarşıdurma müstəvisinə çəkilməsi təsadüfi proses kimi qiymətləndirilə bilməz. Bu, ölkəmizin daha da güclənməsini, dünyada söz sahibi olmasını, müstəqil siyasət həyata keçirməsini qəbil edə bilməyən dairələrin ictimai rəyi manipulyasiya etmək, insanların dini həssaslıqlarından sui-istifadə etmək və dünyəvi təhsil prinsiplərinə qarşı inamsızlıq yaratmaq cəhdidir. Azərbaycanın regionda yaratdığı reallıqları həzm edə bilməyən qüvvələr  adi təhsil qaydalarını dini azadlıqlara qarşı hücum kimi təqdim etməyə cəhdlər edirlər. Əgər məqsəd həqiqətən dini inancları qorumaqdırsa, o zaman olmayan qadağa üzərindən niyə süni ajiotaj yaratmağa çalşırlar? Çünki cəmiyyətdə süni şəkildə gərginlik yaratmağa cəhdlər etmək, dövlətin dünyəvi əsaslarını mübahisə predmetinə çevirmək və təhsil sisteminə təzyiq göstərmək heç bir halda dini azadlıqların müdafiəsi sayıla bilməz.

Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru, Əməkdar jurnalist Vüqar Rəhimzadə mediaya açıqlamasında bildirib.

Vüqar Rəhimzadə qeyd edib ki, dünyəvi təhsilə və Azərbaycanın dünyəvi dövlətçilik prinsiplərinə qarşı müəyyən xarici qüvvələr tərəfindən idarə olunan kampaniya həyata keçirildiyi aydın görünür. Dini şüarlar altında cəmiyyətdə qarşıdurma yaratmaq, insanların həssas duyğularından istifadə edərək ictimai rəyi yönləndirmək və dünyəvi təhsil sisteminə qarşı etimadsızlıq formalaşdırmaq təhlükəli tendensiyadır. Dinin siyasi məqsədlər naminə alətə çevrildiyi ölkələrdə baş verənlər hamımızın gözü qarşısındadır. Dini ideologiyanın cəmiyyətə məcburi şəkildə qəbul etdirilməsinin hansı fəsadlara yol açdığını anlamaq çətin deyil. Bəzi qrupların din pərdəsi altında dünyəvi dövlətçilik prinsiplərini hədəfə alması ciddi təhlükədən xəbər verir və cəmiyyətimiz buna qarşı vahid mövqedən çıxış edir. Dini inanclara hörmətlə yanaşmaq ayrı məsələdir, dini amildən istifadə edərək cəmiyyətə təzyiq göstərmək və dövlətin dünyəvi əsaslarını sarsıtmağa çalışmaq isə tamamilə başqa məsələdir və qəbuledilməzdir!

Baş redaktor vurğulayıb ki, Azərbaycan güclü, müasir, inkişaf edən dünyəvi dövlətdir və bu prinsip təhsil sisteminin də fundamental əsaslarından biridir. Dünyəvilik dinə qarşı olmaq deyil, hər kəsin vicdan və etiqad azadlığına hörmətlə yanaşmaqla yanaşı, təhsil prosesinin vahid hüquqi və pedaqoji prinsiplər əsasında təşkil edilməsidir. Məktəbin başlıca vəzifəsi şagirdlərə keyfiyyətli bilik verməkdir. Vahid məktəbli geyimi də ilk növbədə bu yanaşmanın tərkib hissəsidir. Belə qaydaların məqsədi hansısa dini inancı hədəfə almaq deyil, təhsil müəssisəsində ümumi nizam-intizamı, bərabərliyi və vahid məktəb mühitini təmin etməkdir.  Dünyəvi təhsil Azərbaycanın müasir dövlətçilik modelinin və gələcək inkişafının mühüm dayaqlarından biridir. Bu prinsipi qorumaq yalnız təhsil müəssisələrinin deyil, bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir.