2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcminin 10 faiz artaraq təxminən 8 milyon tona çatması onu göstərir ki, ölkə regionun əsas logistik habı kimi mövqeyini daha da möhkəmləndirir
Qloballaşan dünya iqtisadiyyatında nəqliyyat-logistika sistemləri ölkələrin rəqabət qabiliyyətini müəyyən edən əsas amillərdən birinə çevrilib. Avropa ilə Asiyanın kəsişməsində yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyi, müasir nəqliyyat infrastrukturu və həyata keçirdiyi strateji layihələr nəticəsində regional logistika mərkəzi olmaq istiqamətində mühüm nailiyyətlər əldə edir. Son illərdə ölkəmizdə həyata keçirilən infrastruktur layihələri və beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın qlobal yükdaşımalar zəncirində rolunu daha da artırıb. Qeyd etmək lazımdır ki, Azərbaycanın logistika potensialının əsasını Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri təşkil edir. Xüsusilə Orta Dəhliz kimi tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Mərkəzi Asiya, Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropaya çıxışı təmin edir. Bu marşrut daha qısa məsafə və daha sürətli tranzit imkanları ilə seçilir və beynəlxalq yükdaşımalar üçün cəlbedici alternativ hesab olunur. Qlobal ticarətdə müşahidə olunan dəyişikliklər, xüsusilə də yükdaşımaların daha təhlükəsiz və qısa marşrutlar üzrə təşkil edilməsinə artan tələbat Azərbaycanın tranzit əhəmiyyətini daha da yüksəldir. Xəzər dənizinə çıxışın olması da ölkəmizin logistika imkanlarını genişləndirir, dəniz daşımalarının artırılması və multimodal nəqliyyat sistemlərinin tətbiqi ölkənin beynəlxalq nəqliyyat şəbəkəsindəki rolunu gücləndirir.
Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsində nəqliyyat infrastrukturuna yatırılan investisiyalar mühüm əhəmiyyət kəsb edir. Ölkənin logistika imkanlarının genişləndirilməsində Ələt qəsəbəsində yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı xüsusilə qeyd edilməlidir. Xəzər hövzəsinin ən böyük nəqliyyat qovşaqlarından biri hesab olunan liman dəniz, dəmir yolu və avtomobil nəqliyyatını birləşdirən multimodal logistika mərkəzi kimi fəaliyyət göstərir. Eyni zamanda, yaxın gələcəkdə Ələtdə yük hava limanı da istifadəyə veriləcəkdir ki, bu da limanın imkanlarını artırmaqla, ölkəmizin logistik qovşaq kimi əhəmiyyətini daha da artıracaqdır. Bununla yanaşı, Azərbaycanda fəaliyyət göstərən Abşeron Logistika Mərkəzi, Astara Logistika Terminalı və Gəncə Logistika Mərkəzi kimi obyektlər də ölkənin logistika şəbəkəsinin güclənməsinə mühüm töhfə verir. Bütün bunlar Orta Dəhlizin imkanlarını daha da genişləndirərək Asiya və Avropa arasında daşımaların həcmini artırmağı və onun intensivliyini yüksəltməyi təşviq edir. Təsadüfi deyil ki, Azərbaycan hökuməti həm Şərq-Qərb, həm də Şimal-Cənub istiqamətlərində tranzit yükdaşımaların həcmini ortamüddətli perspektivdə hər bir dəhliz üçün 15 milyon tona, 2030-cu ilə qədər isə ümumilikdə 25 milyon tona çatdırmağı planlaşdırır. Prezident İlham Əliyev Türkmənbaşıda keçirilən MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı zamanı bildirib: “2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır”.
Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərində modernizasiya proseslərinin tamamlanması ilə illik buraxıcılıq qabiliyyətinin 1 milyon tondan 5 milyon tona qədər artırılması da Orta Dəhlizlə yüklərin daha qısa müddətdə və daha aşağı xərclərlə daşınmasına imkan yaradır. Mövcud geosiyasi dəyişikliklər nəticəsində bir sıra ənənəvi yük marşrutlarının əhəmiyyəti azaldıqca, Orta Dəhlizə maraq daha da artmaqdadır. Azərbaycan bu dəhlizin əsas iştirakçılarından biri olmaqla yük axınlarının koordinasiyasında strateji rol oynayır. Ölkəmiz nəinki Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində, eləcə də Cənub-Qərb, Şimal-Qərb istiqamətlərində də əsas tranzit mərkəzi kimi çıxış edir. Belə ki, 2025-ci ildə tranzit daşımaların 33,7 faizi Şərq-Qərb, 16,8 faizi Şimal-Cənub, 21,9 faizi Cənub-Qərb, 27,6 faizi isə Şimal-Qərb dəhlizləri üzrə daşınıb. Bütün bunlar dövlətimizin başçısının da dəfələrlə çıxışlarında qeyd etdiyi kimi, Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrildiyini, eləcə də nəqliyyat-tranzit-logistika qovşağı kimi mövqeyini möhkəmləndirəcəyini deməyə əsas verir.
İşğaldan azad edilmiş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri də ölkəmizin nəqliyyat sisteminin inkişafına yeni imkanlar açır. Qarabağda və Şərqi Zəngəzurda inşa olunan müasir avtomobil yolları, dəmir yolu xətləri və beynəlxalq hava limanları ölkənin logistika imkanlarını artırır. Zəngəzur dəhlizinin istifadəyə verilməsi isə Azərbaycan vasitəsilə beynəlxalq daşımaların həcmini və intensivliyini daha da artıracaq. Orta Dəhlizin əsas komponentlərindən birinə çevriləcək Zəngəzur dəhlizi Asiya və Avropa arasında daşımaların daha çevik və ucuz çatdırılmasına təkan verəcək.
Azərbaycanın beynəlxalq daşımalar qovşağına çevrilməsi ölkəmizin dövlət büdcəsinə əlavə gəlirlər, logistika və sənaye sahələrinə investisiya axını, yeni iş yerlərinin yaradılması, ölkədə, xüsusilə regionlarda iqtisadi fəallığının artması, yerli məhsulların xarici bazarlara çıxışının asanlaşması kimi iqtisadi üstünlüklər qazandıracaq. Bu isə bir daha onu göstərir ki, nəqliyyat-tranzit-logistika xidmətləri qeyri-neft sektorunun ən mühüm sahəsi kimi dövlətin diqqət mərkəzindədir və uzun illər prioritet olaraq qalacaq. Başqa sözlə desək, Azərbaycan üçün nəqliyyat-tranzit-logistika sektoru qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynamaqla iqtisadi tərəqqinin lokomotivinə çevrilir.
Sevinc Azadi, “İki sahil”
Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən Azərbaycan Hava Yollarının bu günə planlaşdırılan 4 reysi ləğv edilib
AZCON Holding və “DP World” liman, logistika və dəniz nəqliyyatı sahələrində əməkdaşlığı genişləndirir
Lənkəran və Astaranın turizm imkanları yerli sənaye nümayəndələrinə təqdim olunub
“Türk iqtisadi icmalı”nın 2026-ci ilin birinci yarısına dair buraxılışı dərc olunub