09 oktyabr 2026 18:36
95

Zaman üçün Vətən hər şeydən əziz idi 

44 günlük haqq savaşımızda Vətəninə bağlılığı, torpağına sədaqəti ömrünün  iyirminci   ilində  Zaman Balakişiyevi müqəddəs şəhidlik zirvəsinə ucaldıb. Fəqət, Qarabağın müqəddəs torpaqlarının  azadlığı uğrunda döyüşməsi  Zamana ölüm yox, əbədiyyət qazandırıb. Nə qədər Azərbaycan var olacaqsa, tarixdə silinməz iz qoyan  bu, qəhrəman Vətən sevdalısı ürəklərdə yaşamaqla, adı dillərdən düşməz, ona zaman-zaman əziz bir övlad kimi sonsuz ehtiram sevgi və məhəbbət olacaq.  Çünki o,  ömrünün ən gözəl çağlarını Vətənin yaşamasına sərf edib.

Sabirabad rayonunun Qaralar kəndində dünyaya göz açan Zaman Dadaş oğlu Balakişiyev  uşaqlıqdan Vətənə sevgi, doğma yurduna  təəssübkeşlik ruhunda boya-başa çatıb. Qeyrət, mərdlik onun qanına ana südü ilə birlikdə hopub.  Ürəyindəki arzuları yalnız Vətənin azadlığı, xalqının gələcək xoş həyatından doğub. Yurduna dadanmış erməni dığalarına nifrəti sonsuz olub. Məsuliyyətli, xeyirxah, haqq tapınıb gələcəyə yön alan gənc yağıdan Vətənin qisasını almaq üçün  orduda olmağı əsas şərt sayıb.

Məqsədinə çatan  Zaman cəbhə bölgəsində canından artıq sevdiyi Vətənə sədaqətlə xidmətə başlayıb.  Hər işdə fədakarlıq, mərdlik nümunəsini göstərib. Çox keçmir ki, bacarığı, iradəsi, dığalara yerini göstərməkdən ötrü  hərbiyə sevgisi ona hörmət qazandırıb.  Komandirləri  Zamana inanıb, güvəniblər.  Biliblər ki, son damla  qanını Vətən yolunda verməyə qadir bir gəncdir.  Zamanda  əsgər yoldaşlarına  deyib ki, erməni  dığalarının  Qarabağımızı əsarətdə saxlaması bizə  heç cür yaraşmır.  Onlara öz gücümüzü göstərməsək, gələn nəsillər bizi bağışlamaz. Bir də bu Azərbaycanın müqəddəsliyinə  xələl gətirir .  Əsir yurdumuzun  azadlığa qovuşması yolu  müharibədən  keçir. Əgər belə bir gün gəlsə, mən birinci əlimə silah götürüb yağının üstünə gedərəm.  Tam əminəm ki, qələbə bizim olacaq. Yaxşı deyiblər ki, torpaq igid, qeyrətli oğulların çiynində Vətən olur. 

2020-ci il sentyabrın 27-də  Azərbaycan xalqının illərlə həsrətlə gözlədiyi gün yetişib. Qarabağın azadlığı uğrunda  xalqımızın qeyrətli, mərd oğulları döyüşə giriblər. Zaman ön sıralarda yer alıb. Ən qaynar nöqtələrdə düşmənə qarşı cəsarətlə vuruşub, onlara sarsıdıcı zərbələr vurub.   Talış və Suqovuşan yaşayış məntəqələrində  gedən ölüm-dirim savaşlarda misilsiz hünər göstərərək dığalara qan uydurub, onlarla canlı qüvvəsini,   hərbi  texnikasını   məhv edib.  Vətən torpaqlarını  azad görmək istəyi  igid əsgəri neçə-neçə döyüşdən  zəfərlə çıxardıb. 8 oktyabra kimi odlardan, alovlardan keçməklə silahı əlindən yerə qoymayıb,  ağır müharibə meydanında qəhrəmanlıqla  vuruşub. Sonra ağır yaralanıb və tibb müəssisəsinə yerləşdirilib. Uzun müddət koma vəziyyətinə  düşən  əsgərin    həyatını xilas etmək olmayıb. 7 mart 2021-ci ildə Zaman Balakişiyevin Vətən sevdalı ürəyi əbədi dayanıb.  Doğma Qaralar kənd qəbiristanlığında  torpağa tapşırılıb.  Özü xalqın yaddaşına köçməklə, həm də   “İgidliyə görə”, “Vətən uğrunda”, Laçının, Suqovuşanın  azadlığına görə  medalları  dövlət tərəfindən onun göstərdiyi  şücaətə verilən qiymət olub.

Ölümün gözünə dik baxıb Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşərək canından keçən zəfər şəhidi Zaman  bütün bir  xalqın qürur  yerinə dönməklə adı yaddaşlardan heç zaman silinməz.

Zəfər Orucoğlu,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü