09 oktyabr 2026 17:49
139

Strateji tərəfdaşlığın yeni mərhələsi

“Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb.”

Prezident İlham Əliyev bu fikri Azərbaycan Respublikası və Orta Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə çıxışı zamanı deyib.

Dövlətimizin başçısı daha sonra vurğulayıb: “Bu gün ölkəmizdə Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkət aktiv şəkildə fəaliyyət göstərir. Son illərdə Azərbaycan Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondları yaradıb. Bu fondların hər birinin kapitalı yüz milyonlarla dollar təşkil edir”.

Azərbaycan Prezidenti, ilk növbədə, birgə layihələrin həyata keçirilməsi, yeni istehsal müəssisələrinin yaradılması və sənaye əməkdaşlığının genişləndirilməsi üçün bu investisiya fondlarının imkanlarından daha fəal istifadənin zəruriliyini qeyd edib: “Biz təkcə qarşılıqlı ticarəti artırmaqla kifayətlənməməliyik, həm də birlikdə investisiya qoymalı, istehsal etməli və xarici bazarlara çıxmalıyıq”.

Xarici bazarlara çıxmaq üçün təbii ki, yaxşı baza yaratmaq, sənayeni inkişaf etdirmək, rəqabət qabiliyyətli brend mallar istehsal etmək lazımdır. Prezidentimizin bu çağırışı yaşadığımız mürəkkəb və təhdidlərlə dolu zəmanənin çağırışıdır. Bu və digər gözləniməz hadisələri hazırlıqlı qarşılamaq üçün məqsədə doğru addımlamaq lazımdır. Güclü olmaq üçün isə birinci növbədə iqtisadiyyatı yüksəltmək vacibdir.  2003-cü ildən bəri Azərbaycan bu siyasəti yeridib və bəhrəsini də görüb. Məhz iqtisadiyyatın sürətli inkişafı sayəsində Qarabağ kimi həlli çətin görünən bir münaqişədə qalibiyyət qazanıb. Doğrudur, bu məsələdə başqa amillər də rol oynadı, ancaq onların hamısı iqtisadiyyatdan güc alırdı. Yəni, iqtisadi güc həlledici amildir.

Dəyəri yüz milyonlarla dollar məbləğində qiymətləndirilən iri iqtisadi layihələrin gerçəkləşdiriməsi ölkəmizə milyardlarla dollar gəlir gətirib. Odur ki, iqtisadiyyatda Azərbaycan qazandığı zəngin təcrübəni bu gün dost və qardaş türk dövlətləri ilə bölüşməkdən məmnundur. Vurğulamaq lazımdır ki, türk dövlətlərinin bir üstünlüyü var ki, o da məsafəcə bir-birindən uzaqda olmamaqdır. Mərkəzi Asiya və Azərbaycanın işbirliyinə başqa dövlətlərin də qoşulması ehtimalı böyükdür. Məsələn, Çin, Pakistan, Monqolustan öz əməkdaşlıqlarını təklif ediblər. Heç şübhəsizdir ki, Azərbaycan Prezidentinin təklifləri reallaşarsa onda əməkdaşlığa qoşulanların sayı da artacaqdır. Belə olan surətdə Azərbaycan və Mərkəzi Asiya ölkələri böyük iqtisadi birliyin özəyinə çevriləcək.

Məşvərət görüşündə dövlət başçıları ticarət-iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayaraq, ticarətin daha da inkişaf etdirilməsinə, investisiya əlaqələrinin dərinləşdirilməsinə, təsərrüfat subyektləri arasında birbaşa işgüzar əlaqələrin genişləndirilməsinə, birgə müəssisələrin dəstəklənməsinə, müntəzəm biznes forumların və sərgilərin keçirilməsinə, kiçik və orta sahibkarlığın dəstəklənməsi sahəsində təcrübə mübadiləsinə, habelə regional səviyyədə elektron ticarətin inkişaf etdirilməsinə yardım göstərməyə hazır olduqlarını ifadə ediblər.

Azərbaycan Respublikası və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşünün yekunu olaraq imzalanan Birgə Bəyanatda

qeyd olunub ki, dövlət başçıları 2026-cı il oktyabrın 15-də Bakı şəhərində keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Sammitinin təşkili və keçirilməsi istiqamətində görülən hazırlıq işlərini yüksək qiymətləndiriblər.

Vəli İlyasov, “İki sahil”