Bəli, bu, həqiqətin özüdür. Ona qədər Azərbaycanda AXC-Müsavat cütlüyü və digər hərəkat və partiyalar da vardı. Ancaq onların fəaliyyəti görünmür, varlıqları hiss olunmurdu. Azərbaycanın dar günlərində heç nəyə yaramayan bu partiyaların məqsədi yalnız nə yolla olur-olsun hakimiyyəti ələ keçirmək idi. Belə vəziyyət ölkədə daha təhlükəli proseslərə yol açırdı. Ermənistanın işğalı genişlənir və dərinləşirdi. Artıq məcburi köçkünlər çadır şəhərciklərində ağır şəraitdə yaşamağa məhkum olunmuşdular. Ermənistandakı dədə-baba yurdlarından deportasiya olunan 300 min nəfərə yaxın soydaşımız Azərbaycana pənah gətirmişdi. Təkcə bunlar o dövrdə zəif olan bir ölkə üçün həlli çətin problemlər idi. Ölkə dəhşətli uçurumun bir addımlığına yaxınlaşırdı.
Həmin illəri xatırladan Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı çıxışında Ermənistan-Azərbaycan münaqişəsinin ilk illərində ölkəmizin blokadada saxlanmasından, bölgədə baş verən hadisələrdən dünya ictimaiyyətinin xəbər tutmaması üçün yaradılan süni əngəllərdən danışmışdır. Ölkəmiz müstəqilliyini bərpa etsə də “xalqlar həbsxanası” adlandırılan düşərgədən dışarıya heç bir məlumat ötürə bilməzdi. İmperiya bağları hələ güclü idi və keçmiş “müttəfiq” respublikaları nəzarətdə saxlayırdı. 1988-ci ildən 1993-cü ilin yayına qədər dövlət başında olmuş dörd rəhbərin heç biri öz ölkəsi ətrafında yaradılan blokadanın aradan qaldırılması barədə düşünmədilər. Belə demək mümkünsə, hərə öz “başının milçəyini” qorumaqla məşğul olurdu. Onların fərsizliklərinin, ikisinin isə xəyanətkar fəaliyyətinin mənfi nəticəsi idi ki, bir çox ölkələr və beynəlxalq təşkilatlar Azərbaycanı təcavüzkar, işğalçı kimi tanıyırdılar. Erməni təbliğatı bizi dünyaya “vəhşi azərbaycanlılar” kimi tanıtmağa cəhd edirdi. Özləri etdikləri vəhşilikləri bizim adımıza yazırdılar. Düzdür, ilk illər onların uydurduqları ağ yalanlar bir qədər ayaq tutdu, amma yerimədi.
Prezident İlham Əliyev çıxışında o dövrü xatırlayaraq dedi: “O vaxt cəmiyyətimizin cəsarətli insanları, mütərəqqi insanlar, dövlətinin taleyini düşünən insanlar Ulu Öndər Heydər Əliyevin ətrafında birləşmişdilər. 1992-ci ilin noyabrında Naxçıvanda keçirilmiş Yeni Azərbaycan Partiyasının təsis qurultayı faktiki olaraq qələbələrimizə yol açmışdır. Bu, bir ictimai sifariş idi. Çünki o vaxt Azərbaycan artıq idarəolunmaz vəziyyətə düşmüşdü. Müstəqillik bərpa ediləndən sonra, hətta ona qədər biz böyük itkilərlə üzləşmişdik.”
Təsis qurultayından dərhal sonra ölkənin təcrid vəziyyətindən çıxarılması yolları arandı. Qeyd edək ki, partiyada xalq arasında hörmət və nüfuz qazanmış ziyalılar, alimlər, dövlət xadimləri, diplomatlar, jurnalistlər və s. birləşmişdilər.
Ümummili Liderimiz Heydər Əliyev ağır blokadada boğulan Naxçıvana xarici ölkə jurnalistlərini dəvət edir, onlara Azərbaycan həqiqətlərini çatdırır və xahiş edirdi ki, bu barədə öz ölkələrinin mətbuatında çıxış etsinlər.
1993-cü ilin oktyabrında Azərbaycan Resublikasının Prezidenti seçiləndən sonra keçmiş rəhbərliklər tərəfindən buraxılmış səhvlər bir-bir düzəldildi. Ulu Öndərin xarici səfərlərində özü ilə xəritə apardığını, dünya ictimaiyyətini Azərbaycan həqiqətləri ilə tanış etdiyini çox görmüşük. 1994-cü ilin sentyabrında Bakıda “Əsrin müqaviləsi”nin bağlanması mərasiminə gələn dünyanın ən nüfuzlu dövlətlərinin liderlərinin iştirakı ilə Azərbaycan ətrafında yaradılan informasiya blokadası aradan qaldırıldı. Xalqlar Ermənistan-Azərbaycan münaqişəsinin astar üzünü gördülər. Bu, ideoloji sahədə birləşmiş düşmənlər üzərində ilk böyük qələbələrimizdən biri idi. Həmin tarixi hadisədən sonra dövlətlər Azərbaycanla yaxınlaşmağa, ona etibar etməyə başladılar, onunla işbirliyi qurmağa maraq göstərdilər.
2003-cü ildə cənab İlham Əliyev ilk dəfə Prezident seçildikdən sonra Azərbaycan iqtisadiyyatının güclənməsi ilə onun tərəfdaşlarının sayı sürətlə çoxaldı. Prezident İlham Əliyevin təşəbbüsü və müəllifliyi ilə nəhəng iqtisadi layihələr işlənib hazırlandı və həyata keçirilməsinə başlandı. Təbii ki, neft-qaz layihələrini yüksək qiymətləndirən Avropa ölkələri onların reallaşmasına lazımi dəstək verdilər. İlk vaxtlar işlər hamar yolla getməsə də, ona süni bəhanlərlə mane olmaq istəyənlər olsa da Azərbaycan bütün əngəlləri aradan qaldırmağa nail oldu.
Bu gün ölkəmizin dünyada orta güc səviyyəsinə yüksəlməsi qəlbimizi qürur hissi ilə doldurur. Biz Cənubi Qafqazın lider dövlətiyik.
İndi dünyada Azərbaycanın dostları, tərəfdaşları, müttəfiqləri çoxdur. Gənc nəsil bilməlidir ki, ölkəmizin zirvələrə çatması heç də asan olmayıb. Polad iradəli Liderimiz İlham Əliyevin son dərəcə ağıllı siyasəti və xalqımızın qadir əlləri ilə zirvələrə yüksəlmişik. Daha kimsə ölkəmizə qırmızı cizgilər tətbiq edə, ona yol göstərə bilməz. O dövrlər geridə qaldı. Bu gün Azərbaycan beynəlxalq aləmdə möhkəm mövqeyə malikdir və söz sahibidir. Hamı bilir ki, sözümüz imzamızdır...
Vəli İlyasov, “İki sahil”
Azərbaycan Mərkəzi Asiyaya günəş kimi doğur: Prezidentin çıxışı Yeni Yol Xəritəsidir
Xəzər Azərbaycan və Türkmənistanı dostluq və qardaşlıq körpüsü kimi birləşdirir
Türkmənbaşıda imzalanan sənədlər Azərbaycanla Mərkəzi Asiya arasında strateji əməkdaşlığın yeni mərhələsini müəyyənləşdirir
Azərbaycanın Mərkəzi Asiya ilə əlaqələri regional həmrəyliyin yeni nümunəsidir