09 oktyabr 2026 13:57
124

QƏDİM ƏNƏNƏLƏR VƏ MÜASİRLİK QOVŞAĞINDA İNKİŞAF EDƏN TÜRKMƏNİSTAN

Qardaş Türkmənistan bu gün şanlı bayrağı Birləşmiş Millətlər Birliyi üzvü olan ölkələrin bayraqları sırasında əzəmətlə dalğalanan dünyanın iqtisadi və siyasi cəhətdən inkişaf edən ölkələrindən biridir. O, 1991-ci ildə öz müstəqilliyini elan edərək qədim ənənələrlə müasir tələblər qovşağında özünəməxsus inkişaf yolunda inamla irəliləyir.

Eyni kök, eyni dil və din, qədimdən gələn mədəniyyət və ənənələr, tarixən təşəkkül tapan ümumi mənəvi-mədəni əlaqələrlə bir-birinə bağlı olan Azərbaycan və Türkmən xalqları müstəqilliyin ilk illərindən əlaqə yaradan və müstəqllik yolunda birgə addımlayan qardaş xalqlardır. 9 iyun 1992-ci ildə Azərbaycan Respublikası və Türkmənistan Respublikası arasında diplomatik əlaqələr qurulmuşdur. 08 iyun 1999-cu ildə Türkmənistan Respublikasının Azərbaycan Respublikasında, 18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.

Mütəqilliyin ilk illərindən dövlət başçıları səviyyəsində həyata keçirilən qarşılıqlı səfərlər, yüksək səviyyədə aparılan müzakirələr və dialoqlar hər iki qardaş ölkə arasında bütün sahələrdə inkişafa mühüm töhfələr vermiş, tərəfdaşlığımızın istiqamətlərini müəyyənləşdirmişdir. Məhz bunun sayəsində bu gün iki qardaş ölkə arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Əlbəttə bütün bu nailiyyətlərin əsasında Azərbaycan və türkmən xalqları arasında tarixi köklərə malik çoxəsrlik dostluq münasibətləri və qardaşlıq əlaqələri durur.

Bu gün Azərbaycan Respublikası və Türkmənistan Respublikası Birləşmiş Millətlər Təşkilatında, xüsusən də Türk Dövlətləri Təşkilatında, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatında (TÜRKSOY), Türk Dövlətləri Parlament Assambleyasında (TÜRKPA), Türk Mədəniyyəti və İrsi Fondunda, Beynəlxalq Türk Akademiyasında xalqlarımızın rifahı, Ortaq türk elmi və mədəniyyətinin inkişafı naminə konkret addımlar atır, müxtəlif layihə və təşəbbüslərin həyata keçirilməsində birgə fəaliyyət göstərirlər.

Ölkə Konstitusiyasına və BMT BAŞ Assambleyasında “Türkmənistanın daimi bitərəfliyi haqqında” 12 dekabr 1995-ci ildə üzv dövlətlərin yekdilliklə qəbul etdikləri xüsusi qətnaməyə əsasən Türkmənistan daimi bitərəflik beynəlxalq-hüquqi statusuna malik olan yeganə türk dövlətidir. Qətnamənin qəbul olunduğu gündən Türkmənistan hərbi münaqişələrdən kənarda dayanır və ölkənin ərazisi hər hansı hərbi iştirak üçün bağlı elan edilmişdir. Bitərəf ölkə kimi bir neçə dəfə dünyada mövcud olan münaqişələrin sülh yolu ilə həll edilməsi təşəbbüsü ilə çıxış etmiş və münaqişələrin həlli istiqamətində aparılan danışıqlara ev sahibliyi etmişdir. Bununla Türkmənistan öz simasında Bitərəflik statusu ilə bütün türk xalqlarının sülh və əmin-amanlıq tərəfdarı olduğunu bütün dünyaya nümayiş etdirmişdir.

Azərbaycan Türkmənistanın bütün dövlət və ictimai təşkilatları kimi Məsləhət Şurası ilə də yüksək səviyyədə əlaqələrə malikdir.

Məlumdur ki, türkmən xalqının dövlət quruculuğu sahəsindəki əsrlərlə formalaşmış təcrübəsindən hərtərəfli bəhrələnmək, həmçinin ümumbəşəri demokratik prinsiplərə sadiq qalaraq və mühüm siyasi, iqtisadi və sosial məsələlərin səlahiyyətli ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən ümumxalq toplantıları vasitəsilə həlli kimi nəcib ənənələrə əsaslanmaqla, şanlı əcdadlarımızın əsrlərlə əvvəllər təsis etdiyi xalq idarəçiliyi ənənələrinə əsaslanan və müasir dövrün tələblərini də özündə ehtiva edən Türkmənistan Xalq Məsləhəti təsis edilmişdir. Bu qurum qədim türk ənənələrinə sadiqliyini daim nümayiş etdirən Türkmən xalqının Milli Lideri, hörmətli Qurbanqulu Berdiməhəmmədovun təşəbbüsü ilə Türkmənistan Prezidenti, hörmətli Sərdar Berdiməhəmmədovun imzası ilə “Türkmənistan Xalq Məsləhəi Şurası haqqında” Türkmənistan Konstitusiya Qanununa uyğun olaraq, xalq hakimiyyətinin ali təmsilçi orqanı kimi 21 yanvar 2023-cü ildə təsis edilmiş, Qurbanqulu Berdiməhəmmədovun sədrliyi və ictimaiyyət nümayəndələrinin iştirakı ilə keçirilən Türkmənistan Milli Gənəşinin (Məclisinin) birgə iclasında qəbul edilmişdir.

Xalq hakimiyyətinin ali təmsilçi orqanı olan Türkmənistan Xalq Məsləhətinin təsis edilməsi cəmiyyətin siyasi sisteminin daha da təkmilləşdirilməsi üçün imkanlar yaratmış və açıqlıq, şəffaflıq, ədalətlilik və qanunun aliliyi prinsiplərinə əsaslanmaqla, dövlət və ictimai həyata dair mühüm qərarların qəbul edilməsində əhalinin və ictimai birliklərin iştirakını təmin etmişdir.

Xalq Məsləhətinin səlahiyyətlərinə Türkmənistan Konstitusiyaya uyğun olaraq qanunların, onlara dəyişiklik və əlavələrin edilməsi ilə bağlı təkliflərin nəzərdən keçirilməsi və təsdiqlənməsi, ölkənin daxili və xarici siyasətinin əsas istiqamətlərinin müəyyən edilməsi, dövlət əhəmiyyətli məsələlərin həllində, həmçinin ölkədə həyata keçirilən islahatların və sosial-iqtisadi, mədəni inkişaf proqramlarının müəyyənləşdirilməsi və onların icrasında ictimaiyyətin geniş şəkildə cəlb edilməsi, sülh və təhlükəsizlik məsələlərinin qiymətləndirilməsi, təkliflərin hazırlanması və tövsiyələrin verilməsi, xalqın birliyinin, bütövlüyünün, həmrəyliyinin, əmin-amanlığının və rifahının möhkəmləndirilməsi, eləcə də yeni dövrdə böyük dəyişikliklər yolu ilə irəliləyən müstəqil, daimi bitərəf Türkmənistan dövlətinin dinamik inkişafına və daha da güclənməsinə dəstəyin verilməsi, habelə Türkmənistan qanunvericiliyində nəzərdə tutulmuş digər səlahiyyətlərin həyata keçirilməsi daxildir.

Türkmənistanın Xalq Məsləhəti Türkmənistan Prezidentinin illik müraciətlərini dinləyir, sülh və təhlükəsizlik məsələlərinə baxır və qanunvericilik təşəbbüsü hüququnu həyata keçirir.

Türkmənistan Prezidenti Sərdar Berdimuhəmmədovun fərmanı ilə türkmən xalqının Milli Lideri, zəngin siyasi təcrübəsi olan siyasətçi, fərmanda deyildiyi kimi, demokratik, hüquqi və dünyəvi dövlətin möhkəm təməlinin yaradılmasında, həmçinin müstəqil və bitərəf Türkmənistanın hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun gücləndirilməsindəki misilsiz xidmətləri nəzərə alınaraq, onun bütün dünyada təsdiq edilmiş yüksək nüfuzuna və təcrübəsinə böyük hörmət göstərilərək Qurbanqulu Berdimuhəmmədov Türkmənistanın Xalq Məsləhətinin Sədri təyin edilib.

Böyük siyasətçi Qurbanqulu Berdimuhəmmədovun Türkmənistanın Prezidenti olduğu dövrdə Türkmənistanın beynəlxalq nüfuzunun artmasına mühüm töhfələr vermişdir. Yalnız onu demək kifayətdir ki, onun Prezident olduğu dövrdə Türkmənistan səkkiz dəfə BMT Baş Assambleyasının vitse-prezidenti vəzifəsinə seçilmiş, BMT-nin bir çox komissiyalarının, komitələrinin və şuralarının dəfələrlə üzvü seçilmişdir. BMT-nin tribunasından bir çox təşəbbüslərlə çıxış etmişdir. Onun irəli sürdüyü bir çox təşəbbüs Beynəlxalq təşkilat tərəfindən qəbul edilmişdir. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmədovun göstərdiyi kimi, “Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmədovun irəli sürdüyü “Dialoq – sülhün təminatıdır” adlı qlobal təşəbbüsünə müasir dövrdə beynəlxalq münasibətlərin yeni fəlsəfəsi kimi baxırlar. Bu təşəbbüs həm də BMT Baş katibinin Firavan Dünyanın Qurulması üçün Yeni Gündəliyin formalaşdırılması ilə bağlı irəli sürdüyü təşəbbüsünə uyğundur”.

Türkmənistan Xalq Məsləhətinin Sədri, türkmən xalqının Milli Lideri Azərbaycanın böyük dostudur. Bu dostluğun təməlində, əlbəttə, əsası Ümummili Lider Heydər Əliev tərəfindən qoyulmuş və Cənab Prezident İlham Əliyev Tərəfindən inkişaf etdirilən iki qardaş ölkənin Prezidentləri arasındakı şəxsi dostluq münasibətləri durur. Mühüm bir faktı oxucuların diqqətinə çatdırmaq istəyirik.

Türkmənistanın təşəbbüsü ilə 21 mart 2024-cü ildə Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 78-ci sessiyasının 63-cü plenar iclasında “2025-ci il – Beynəlxalq Sülh və Etimad İli” adlı Qətnamə yekdilliklə qəbul edilmişdr. Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov “XXI əsr: Türkmənistanın geosiyasi və geoiqtisadi strategiyası” mövzusunda çıxışı zamanı bildirmişdir ki, “Beynəlxalq Sülh və Etimad İli”nin noyabr ayında Özbəkistan Respublikasının Daşkənd şəhərində Mərkəzi Asiya dövlətləri başçılarının yeddinci məşvərətçi görüşündə iştirak etdik. Növbəti görüşdə region dövlətlərinin başçıları ilə birlikdə Azərbaycan Respublikasının Prezidenti iştirak etdi. Xüsusi qürur hissi ilə qeyd etmək istərdim ki, region ölkələri ilə çoxəsrlik qonşuluq, dostluq və qarşılıqlı faydalı münasibətlər saxlayan Azərbaycan Respublikasının əməkdaşlığın bu formatında iştirakı barədə təklif türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədov tərəfindən irəli sürülüb. Əməkdaşlığın yeni, yəni “Mərkəzi Asiya və Azərbaycan” formatında keçiriləcək dövlət başçılarının məşvərətçi görüşündə 2026-cı ildə Türkmənistan sədrlik edəcək”.

Məlumdur ki, Azərbaycanın bu formata tamhüquqlu üzv kimi qəbul olunması qərarı 16 noyabr 2025-ci ildə Özbəkistanın paytaxtı Daşkənd şəhərində keçirilən Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə qəbul edilib. Prezident İlham Əliyev həmin Görüşdə iştirak və çıxış edib. Prezident çıxışı zamanı demişdir “Azərbaycan Mərkəzi Asiya ölkələri ilə müttəfiqlik və strateji tərəfdaşlıq, o cümlədən birgə investisiya fondlarının yaradılması haqqında müqavilə və bəyannamələr imzalayıb. Mütəmadi olaraq keçirilən mədəniyyət günləri, sərgilər, konsertlər xalqlarımızı daha da yaxınlaşdırır, bizim yaxınlığımızı, dostluğumuza verdiyimiz dəyəri nümayiş etdirir.

Azərbaycan Cənubi Qafqazda yerləşsə də, bu gün fəal qarşılıqlı fəaliyyət sayəsində Mərkəzi Asiya və Azərbaycan artıq qlobal miqyasda nüfuzu əhəmiyyətli dərəcədə artan vahid geosiyasi və geoiqtisadi regiondur. Biz müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir, bir-birimizin təşəbbüslərini dəstəkləyir, qlobal və regional problemlərin həllində ümumi yanaşmalar işləyib hazırlayırıq. Ölkəmiz öz ərazi bütövlüyünü və suverenliyini bərpa etdikdən sonra işğaldan azad olunmuş ərazilərin dirçəldilməsi üzrə genişmiqyaslı işlərə başlayıb. Biz bu məsələdə Mərkəzi Asiya ölkələrinin Azərbaycana göstərdiyi qardaş dəstəyini yüksək qiymətləndiririk”.

Azərbaycan Respublikası ilə Türkmənistan Respublikası arasında əlaqələr son dövrdə bir çox hadisələrlə yadda qalmışdır. Onlardan biri Türkmənistan Respublikasının Azərbaycanın Füzuli rayonunda məscidin tikintisinə başlaması olmuşdur. Prezident İlham Əliyev qardaş Türkmənistanın bu təşəbbüsünü yüksək qiymətlndirərək demişdir: “Bu ilin oktyabrında Füzulidə Türkmənistanın qardaşlıq dəstəyinin rəmzinə çevriləcək məscidin təməli qoyulub. Bütün bunlar qardaşlığımızın və həmrəyliyimizin sübutu kimi qədirbilən Azərbaycan xalqının yaddaşında qalacaqdır”.

Türkmənistan Xalq Məsləhətinin Sədri, Türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov 17 iyul 2025-ci ildə Füzuli rayonuna səfər edib. O, həmçinin Şuşa şəhərində olub və hər iki şəhərdə aparılan bərpa-quruculuq işləri ilə tanış olmuşdur.

Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov Türk Dövlətləri Başçıları Şurasının 12-ci Zirvə Görüşündə iştirak etmək üçün 7 oktyabr 2025-ci ildə Qəbələ şəhərinə gəlmişdir. Həmin gün Qəbələdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədov və Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçıları Surasının 12-ci Zirvə Görüşündə iştirak edən digər dövlət və hökumət başçıları Türkmənistan Tərəfindən Füzuli şəhərində tikiləcək, eyni zmanda 500 nəfərin ibadət edə biləcəyi məscidin onlayn formatda təməlqoyma mərasimi keçirilibdir.

İki qardaş xalqın dostluğunun simvolu olan bu mərasim, Türkmənistan Respublikasının Qarabağın yenidən qurulmasında və abadlaşdırılmasında Azərbaycanla həmrəyliyinin nümayişidir və böyük tarixi hadisə kimi yaddaşlarda əbədi yaşayacaqdır.

Sentyabr ayının 23-də türkmən xalqının Milli Lideri, Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovun sədrliyi ilə Türkmənistan Xalq Məsləhətinin Aşqabaddakı “Məsləhət Kösi” Sarayında növbəti iclası keçirilmişdir. İclas Türkmənistanın müstəqilliyiin 35-ci ildönümü ərəfəsində keçirilib, 1500 nümayəndənin və ağsaqqallarının iştirak etdiyi bu iclasda Azərbaycan xalqının böyük dostu, möhtərəm Sədr Qurbanqulu Berdiməhəmmədovu türkmən xalqının rifahı və inkişafı naminə gördüyü bütün işlərində və qardaş ölkənin müstəqilliyin 35-ci ildönümü münasibətilə ürəkdən təbrik edir, bu müstəqilliyin əbədi olmasını arzulayırıq.

Töhfə Talıbova,
Filologiya üzrə fəlsəfə dotoru, dosent,
​AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu