09 oktyabr 2026 12:52
196

Azərbaycan MDB platformasında praqmatik və balanslı siyasət həyata keçirir - Kamran Bayramov

Sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin baş verdiyi müasir dövrdə regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişafı və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması beynəlxalq münasibətlərin əsas istiqamətlərinə çevrilib. Bu kontekstdə Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi dialoqun, iqtisadi və humanitar əlaqələrin davamlılığını təmin edən mühüm platforma rolunu oynayır. Türkmənistanın “Avaza” milli turizm zonasında keçirilən MDB Dövlət Başçıları Şurasının iclası təşkilatın gələcək prioritetlərinin müəyyənləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Bu fikirləri Milli Məclisin deputatı Kamran Bayramov “İki sahil”ə açıqlamasında bildirib.

K.Bayramov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə fəal iştirak edərək ölkəmizin platformadakı strateji mövqeyini və gələcək baxışını növbəti dəfə nümayiş etdirib. Azərbaycan təşkilata üzv olduğu ilk gündən qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar prinsiplərinə sadiqdir. MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə keçirilən iclasında çıxış edən Prezident İlham Əliyev təşkilat çərçivəsində gələcək sədrlik məsələlərinə toxunaraq bildirib:
"2027-ci ildə MDB-yə həmsədrlik etmək qərarını dəstəklədiyiniz üçün minnətdarlığımı bildirmək istəyirəm. Biz bunu ölkəmizə olan yüksək etimadın əlaməti kimi qiymətləndiririk və ortaq məqsədlərin həyata keçirilməsində fəal iştirak etməyə hazırıq.” Dövlətimizin başçısı, eyni zamanda, Azərbaycanın 2028-ci ildə təşkilatda tam sədrlik missiyasını üzərinə götürməyə və həmin ilin payızında Dövlət Başçıları Şurasının zirvə görüşünə ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.

Azərbaycanın 2027-ci ildə həmsədr, 2028-ci ildə isə sədr statusunda çıxış etməsi təşkilat daxilində ölkəmizin artan siyasi nüfuzunun və tərəfdaş dövlətlərin bəslədiyi dərin etimadın bariz göstəricisidir. Bu addım rəsmi Bakının regional sülhə, təhlükəsizliyə və çoxtərəfli iqtisadi əməkdaşlığa verdiyi mühüm töhfələrin məntiqi nəticəsi kimi qiymətləndirilir. 

Deputat diqqətə çatdırıb ki, Azərbaycanın MDB daxilində əməkdaşlığının mühüm istiqamətlərindən biri iqtisadi əlaqələrin inkişafıdır. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi, tranzit potensialından istifadə və enerji sahəsində tərəfdaşlıq bu münasibətlərin əsas prioritetləri sırasında yer alır. MDB çərçivəsində Azərbaycan öz yanaşmasını praqmatik və balanslı siyasət əsasında formalaşdırır. Ölkəmizin bu platformadakı fəaliyyəti regional proseslərə münasibət bildirmək, qarşılıqlı əlaqələrin davamlılığını təmin etmək və gələcək əməkdaşlıq imkanlarını dəyərləndirmək baxımından böyük rol oynayır. Hazırkı mərhələdə MDB müxtəlif istiqamətlər üzrə təmasların saxlanıldığı və dövlətlər arasında əməkdaşlıq mexanizmlərinin müzakirə edildiyi mühüm formatlardan biri olaraq qalır. Azərbaycanın bu proseslərdə iştirakı isə ölkənin regional münasibətlər sistemindəki fəal mövqeyini nümayiş etdirir. Ölkəmiz regionun əsas nəqliyyat qovşaqlarından biri kimi mövqelərini davamlı olaraq möhkəmləndirir, Şimal-Cənub və Şərq-Qərb beynəlxalq dəhlizləri boyunca etibarlı tranziti təmin edir. Prezident İlham Əliyev bildirib: “2026-cı ilin birinci yarısında Azərbaycandan keçən tranzit daşımalarının həcmi 10 faiz artaraq təxminən 8 milyon tona çatıb. Ortamüddətli perspektivdə məqsədimiz Şərq-Qərb və Şimal-Cənub marşrutları üzrə Azərbaycandan yükdaşımaları hər bir istiqamətdə 15 milyon tona çatdırmaqdır”. Bu kontekstdə, Azərbaycanın MDB daxilində əməkdaşlığının mühüm istiqamətlərindən birini də məhz iqtisadi əlaqələrin inkişafı təşkil edir. Ticarət dövriyyəsinin artırılması, nəqliyyat imkanlarının genişləndirilməsi, tranzit potensialından istifadə və enerji sahəsində işbirliyi regional tərəfdaşlığın əsas prioritetləri sırasında yer alır.
Azərbaycan MDB daxilində iqtisadi əlaqələrin genişləndirilməsinə, nəqliyyat-tranzit imkanlarının artırılmasına və pragmatik siyasətə üstünlük verir. 
K.Bayramov əlavə edib ki, Müstəqil Dövlətlər Birliyi (MDB) çərçivəsində humanitar sahədə əməkdaşlığın inkişafı prioritet istiqamətlərdən biri olaraq qalır. Prezident İlham Əliyev öz çıxışında MDB dövlət başçılarına Laçın şəhərinin Birliyin mədəniyyət paytaxtı elan edilməsi qərarını dəstəklədiklərinə görə minnətdarlığını bildirib. Dövlət başçısı qeyd edib ki, ötən il Laçında təşkil olunan genişmiqyaslı tədbirlər qonaqlara bölgənin zəngin tarixi ilə yaxından tanış olmaq, həmçinin orada aparılan sürətli bərpa və dirçəliş işlərini əyani görmək imkanı yaradıb. Üçüncü MDB Oyunlarının Azərbaycanda uğurla keçirilməsi bütün Birlik üçün əlamətdar idman hadisəsinə çevrildi: “Yarışların coğrafiyası ölkəmizin yeddi şəhərini əhatə etdi. MDB üzv dövlətlərindən, həmçinin dünyanın digər ölkələrindən minlərlə idmançı və qonaq Azərbaycanda olduqları 11 gün ərzində ölkəmizi və xalqımızı yaxşı tanıdılar. Bu cür genişmiqyaslı təşəbbüslər idmanın hüdudlarından kənara çıxır. Onlar xalqlar arasında möhkəm dostluq körpüsü rolunu oynayır”.
Göründüyü kimi, istər Laçının mədəniyyət mərkəzinə çevrilməsi, istərsə də ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq idman yarışları Azərbaycanın MDB məkanında mədəni-humanitar əlaqələrin möhkəmlənməsinə və xalqlararası dostluq körpülərinin ucaldılmasına verdiyi mühüm töhfənin bariz təzahürüdür.