Avropa Məhkəməsi Maltanın xarici vətəndaşlara vətəndaşlıq verilməsi ilə bağlı "qızıl pasport" proqramını bağlamaq qərarına gəlib. Qərarda qeyd olunur ki, Avropa İttifaqı (Aİ) ölkələrində vətəndaşlıq satıla bilməz.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Avropada zəngin şəxslərə vətəndaşlıq almaq imkanı verən bu cür proqramlar geniş yayılsa da, son illərdə onların transmilli cinayətkarlığa və sanksiyalardan yayınmağa şərait yaratdığı ehtimal olunur. Bu səbəbdən proqramlara qarşı hüquqi və siyasi addımlar atılır.
Avropa Məhkəməsinin qərarında bildirilir:
"Avropa İttifaqı ölkəsi vətəndaşlığı əvvəlcədən müəyyən edilmiş ödəniş və ya investisiya müqabilində verilə bilməz, çünki bu, vətəndaşlığın alınmasını kommersiya əməliyyatına çevirir".
Malta hökuməti isə məhkəmənin qərarına hörmətlə yanaşacağını və onun hüquqi nəticələrini araşdıracağını bildirib.
Qeyd edək ki, 2015-ci ildən bəri "qızıl pasport" proqramı Malta hökumətinə 1.4 milyard avro gəlir qazandırıb.