İstər mətbuatda, istərsə də televiziyada ailə-məişət zəminində yaranan problemlər, baş verən münaqişələr, eləcə də cinayətlərlə bağlı informasiyalar qabarıq şəkildə, ən incə detalları ilə yayımlanır. Xüsusilə bəzi televiziya kanallarında yayımlanan “sosial” məzmunlu proqramlar isə geniş ekspert qrupunun iştirakı ilə “müzakirə məclisi”qurur ailədaxili məsələləri çək-çevir edir, problemin mahiyyətini tam və dəqiq dərk etmədən, məsələnin üzü-astarı bilinmədən haqlı-haqsız axtarılır, kimlərsə səhv çıxardılır, qınanılır, tənqid atəşinə tuş gəlir. Belə verilişlərin mavi ekranlardan cəmiyyətə ötürdüyü neqativlərdən doymayan bəzi sosial media səhifələri isə “"Ələkçinin qılverəni" prinsipi ilə belə verilişlərin reytinq gətirən kadrlarından videolar hazırlayır, pafoslu başlıqlarla paylaşım edirlər. Cəmiyyətin bir qrupu ailə münaqişələrinin baş verməsini, digərləri isə ailə məsələlərini açıq-aşkar şəkildə kütləvi informasiya vasitələrinə daşıyanları, müzakirə predmetinə çevirənləri qınayır.
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid mövzu ilə bağlı “İki sahil”in suallarını cavablandırarkən diqqətə çatdırdı ki, ailədaxili məsələlərin işıqlandırılmasına pozitiv yanaşmır: “Çünki mahiyyətcə, detallarda ictimai motiv görmürəm. Ailədaxili problemləri nədən qaynaqlanır, necə olur ki, belə halların sayı çoxalıb, bəli, bu və ya digər hallar kompleks şəkildə ictimai əhəmiyyət daşıya bilər. Çünki problemlər, həqiqətən mövcuddur və fikrimcə, onları doğuran elə məqamlar var ki, həmin məqamlar bütövlükdə cəmiyyətin özündən qaynaqlanır. Yəni media ictimai funksiya yerinə yetirən təsisatdırsa, gərək, cəmiyyət həyatında yaşananlara kompleks yanaşsın, hansısa fərdi durumun üzərində dayanmasın. İkincisi, hər bir halda, ailədaxili problemlər, eləcə də gərginlik, boşanma, münaqişə, zorakılıq və mövcud xüsusdakı cinayət əməlləri neqativ təmayüllərdir. Media onları təqdim edəndə, artıq xoş olmayan durumlar adiləşir. Beləliklə, istər-istəməz, cəmiyyətin ümumi ahənginə, əsrlərdir formalaşmış düzənə, ənənələrə zərər dəyir. Ailə dövlətin təməlidirsə, ailənin dağılması hallarına adi münasibət, böyük anlamda götürsək, dövlətin varlığına laqeydliyi doğura bilər. Hesab edirəm ki, jurnalist, ilk növbədə, qeyd etdiklərimi nəzərə almalıdır. Əlbəttə, üzərində dayanılmalı digər spesifik məqamların olması mümkündür”.
Rəşad Məcid ailədaxili məsələlərin işıqlandırılması zamanı müşahidə etdiyi nöqsanlardan söz açdı: “Bir çox hallarda media motivi dəqiq bilmir. İkincisi, media orqanı, yaxud jurnalist hansısa tərəfin mənafeyindən çıxış edir. Halbuki tərəf saxlamaq jurnalistikanın prinsip və normalarına ziddir. Üçüncüsü, şəxsi həyat deyilən bir anlayış var. Bu həyatdakı müəyyən mübhəm cəhətlər var ki, onlar açıqlanmamalıdır. Mahiyyətcə, jurnalist həm də psixoloq olmalı, insanların emosional vəziyyətlərini nəzərə almalıdır. Təəssüf ki, biz bu həssaslığı bəzən heç görmürük. Nöqsanlar, ümumən, jurnalistikamızın hazırkı vəziyyətindən qaynaqlanır. Əgər hansısa jurnalist həssas deyilsə, deməli, peşəkarlıqdan uzaqdır”.
Mətbuat Şurasının sədri vurğuladı ki, rəhbərlik etdiyi qurum məsələyə, ümumən, sahə jurnalistikasının inkişafı, jurnalistlərin ixtisaslaşmasının vacibliyi kontekstində baxır. Zamanında əlaqədar qurumlarla birgə ayrı-ayrı mövzular üzrə jurnalistlər üçün treninqlər təşkil edirdik. Yadımdadır ki, Şura bir neçə il əvvəl gender bərabərliyi mövzusunda treninqlər keçirmişdi.Digər tərəfdən, aprel ayında media orqanlarına bir çağırış ünvanladıq. Çağırışımız jurnalistlərin məhkəmə proseslərini işıqlandırmalarına həssas yanaşmaları ilə əlaqədar idi. Bunu ona görə etdik ki, Şuraya müxtəlif vətəndaş qruplarından şikayətlər daxil olurdu. Həmin şikayətlərdə jurnalistlərin məhkəmədə səslənmiş ittiham aktında göstərilənləri, az qala, yekun hökm kimi təqdim etmələrindən narazılıq ifadə olunmuşdu. Halbuki, ittiham aktlarında göstərilənlərin sübuta yetirilməsi lazımdır. Sübut isə məhkəmənin qərarıdır. Yəni, jurnalistlər tələsməməli, xüsusən də məişət zəminində baş verən olayların, həmin olaylarla əlaqədar məhkəmə işlərinin işıqlandırılmasına diqqətli yanaşmalıdırlar. Hər kəsin təqsirsizlik prezumpsiyasına hörmət göstərilməli olduğunu dərk etməlidirlər. Əks halda, yazdıqlarının və cəmiyyətə çatdırdıqlarının qərəzli olduğuna dair təəssürat yaranacaq. Əlbəttə, çox istərdik ki, jurnalistlərimiz bütün çağırışlarımızı və tövsiyələrimizi ciddi şəkildə nəzərə alsınlar.
Yaqut Ağaşahqızı, “İki sahil”