01 may 2025 02:28
102

Plastiklərin tərkibindəki kimyəvi maddələr ürək-damar ölümlərinə səbəb olur

Çərşənbə axşamı dərc edilən bir araşdırmaya görə, bir çox plastik məişət əşyalarında olan kimyəvi maddələrə gündəlik məruz qalma 2018-ci ildən bəri dünyada 356 mindən çox ürək-damar ölümü ilə əlaqələndirilə bilər.

Nyu-Yorkdakı “NYU Langone” xəstəxanasının tədqiqatçılarının rəhbərlik etdiyi “Lancet eBioMedicine” jurnalında dərc edilən araşdırmada diqqət qida qabları, tibbi avadanlıqlar hazırlamaq və plastiki yumşaltmaq üçün istifadə edilən DEHP adlı ftalat kimyəvi maddəsinə yönəldilib.

"DEHP-yə məruz qalma 2018-ci ildə 55-64 yaşarası kişilər və qadınlar arasında 356238 ölümə və ya bütün qlobal ürək xəstəliyindən ölüm hallarının 13 faizindən çoxuna səbəb olub", -deyə bildirilir.

Araşdırmaya görə, ölümlərin təxminən 75%-i Yaxın Şərq, Cənubi Asiya, Şərqi Asiya və Sakit Okean hövzəsində yerləşən ölkələrdə baş verib.

Yeni bir araşdırmaya görə, dünya hər il 57 milyon ton plastik çirklənmə yaradır və onu ən dərin okeanlardan ən yüksək dağ zirvələrinə qədər, hətta insanların bədənlərinin içərisinə qədər yayır.

Müəlliflər Hindistan və Çin kimi ölkələrdə potensial olaraq sürətli sənayeləşmə, plastik istehsalında partlayış, digər bölgələrə nisbətən daha az istehsal məhdudiyyəti səbəbindən ölənlərin sayının daha yüksək olduğunu söyləyiblər.

Onlar plastik maddələrə məruz qalmağı azaltmaq üçün qlobal qaydalara ehtiyac olduğunu vurğulayıblar.

"Ftalatlar ilə bütün dünyada əsas ölüm səbəbi arasındakı əlaqəni vurğulamaqla, tapıntılarımız bu kimyəvi maddələrin insan sağlamlığı üçün çox böyük təhlükə yaratdığına dair geniş sübutlar toplusunu ehtiva edir", - deyə tədqiqatın aparıcı müəllifi Sara Himan bildirib .

Ftalatlar onilliklər ərzində insanın endokrin sisteminə təsir edən "hormon pozucuları" kimi tanınır. Onlar daha əvvəl piylənmə, ürək xəstəlikləri, bəzi xərçəng növləri və sonsuzluq problemləri ilə əlaqələndirilmişdir.

Onları minlərlə istehlak malında, o cümlədən plastik qablarda və qablaşdırmada, gözəllik baxım məhsulları və oyuncaqlarda tapmaq olar.

"Bu kimyəvi maddələr mikroskopik hissəciklərə parçalandıqda və udulduqda piylənmə və diabetdən tutmuş sonsuzluq problemlərinə və xərçəngə qədər risklər yaradır”, -deyə mütəxəssislər açıqlayıb.

Dekabr ayında Cənubi Koreyanın Busan şəhərində keçirilən bir görüşdən sonra plastik çirklənməyə qarşı beynəlxalq müqavilə üzrə danışıqlar hələ ki uğursuz olub. Yeni sessiya avqustun 5-14-ü arası Cenevrədə keçiriləcək.

Nubar Süleymanova, “İki sahil”