Asim Vəliyev: Yüksək temperatur bədənin enerji sərfiyyatını artırır
Yay fəsli özü ilə insan orqanizmi üçün bir sıra çətinliklər də gətirir. Havanın yüksək temperaturu bədənin enerji sərfiyyatını artırır, tərləmə yolu ilə maye və mineralların itirilməsinə səbəb olur. Bu isə sağlamlığımızın qorunması üçün qida rasionumuzun düzgün və balanslı təşkilini zəruri edir.
Sağlam qida təbliğatçısı Asim Vəliyev mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirdi ki, yay aylarında havaların temperaturu yüksəldikcə orqanizmin enerji sərfiyyatı artır: “Bədən daha çox tərləyir, nəticədə susuzluq hissi güclənir. Belə şəraitdə qida rasionunun düzgün qurulması, orqanizmin su və enerji balansının qorunması böyük əhəmiyyət kəsb edir. Bu dövrdə yüngül, asan həzm olunan və su miqdarı yüksək olan məhsullara üstünlük verilməsi məqsədəuyğundur.
Gün ərzində üç əsas və iki yüngül ara öyün yeməyi tövsiyə olunur. Çox yağlı, qızartma üsulu ilə hazırlanmış və fast-food tipli qidalardan uzaq durmaq sağlamlığımız üçün daha əlverişlidir. Bunun əvəzində təzə mövsümi tərəvəzlər, meyvələr, süd məhsulları və az yağlı ət məhsulları ilə zəngin menyu daha faydalı hesab olunur. Rasionda karbohidrat, zülal, yağ, vitamin və mineral balansının qorunması vacib şərtdir”.
Su balansı və mineralların bərpası ön planda olmalıdır
Qida təbliğatçısı qeyd etdi ki, yay aylarında bədən tərləmə vasitəsilə çoxlu miqdarda su və mineral maddələr itirir: “Bu itkini bərpa etmək üçün gün ərzində kifayət qədər su içmək mütləqdir. Ümumi qayda olaraq, hər kiloqram çəkiyə orta hesabla 0,3 ml su qəbul etmək tövsiyə edilir. Lakin bu norma fiziki aktivlik səviyyəsinə və hava şəraitinə görə dəyişə bilər. Sadə su ilə yanaşı, şəkərsiz kompotlar, ayran, mineral sular və təzə sıxılmış meyvə şirələri də istifadəyə yararlıdır. Orqanizmdə kalium, maqnezium və natrium balansının bərpası üçün isə banan, pomidor, qarpız, balqabaq, yaşıl yarpaqlı tərəvəzlər və süd məhsulları tövsiyə olunur. Qida rasionunda mövsümi meyvə və tərəvəzlərə üstünlük verilməsi həm sağlamlıq, həm də təhlükəsizlik baxımından daha məqsədəuyğundur. Qarpız, yemiş, şaftalı, gilas, ərik, albalı, moruq və böyürtkən kimi meyvələr həm su, həm də antioksidantlarla zəngindir. Tərəvəzlərdən pomidor, xiyar, bibər, badımcan, balqabaq və müxtəlif göyərtilər gündəlik qidalanmada mütləq yer almalıdır. Süd və süd məhsulları, xüsusilə az yağlı qatıq və ayran isə həm mineral maddələrlə zəngindir, həm də mədə-bağırsaq sisteminə müsbət təsir göstərir”.
Yayda qida zəhərlənməsi riski artır
Asim Vəliyev vurğuladı ki, yüksək temperatur eyni zamanda mikroorqanizmlərin sürətlə çoxalmasına şərait yaradır ki, bu da yay aylarında qida zəhərlənmələrinin artmasına səbəb olur: “Bu riskin qarşısını almaq üçün qidaların soyuducuda və uyğun temperaturda saxlanması vacibdir. Qida məhsullarının son istifadə tarixinə və saxlanma şəraitinə ciddi diqqət yetirilməlidir. Ət, süd, balıq və yumurta məhsulları yaxşı bişirilməli, meyvə və tərəvəzlər isə istifadədən əvvəl bol su ilə yuyulmalıdır ki, üzərindəki pestisid, torpaq və mikroorqanizm qalıqları tam təmizlənsin. Qida hazırlanarkən istifadə olunan alətlər və əllərin təmizliyinə xüsusi fikir verilməlidir. Həmçinin açıq havada və yol kənarlarında satılan hazır qidaların təhlükəli ola biləcəyi də unudulmamalıdır”.
İştahsızlıq və halsızlıqla necə mübarizə aparmalı?
Qida təbliğatçısı əlavə etdi ki, isti havalarda orqanizmin enerji tələbatı azalır, nəticədə iştahsızlıq və halsızlıq halları yarana bilər: “Bu halda qida qəbul rejimini dəyişmək, az miqdarda, lakin tez-tez yemək daha faydalıdır. Günə yüngül və qidalı səhər yeməyi ilə başlamaq vacibdir. Zülal və vitaminlərlə zəngin məhsullar günə enerjili başlamağa kömək edir. Qızartma yeməklər əvəzinə buğda bişirmə və ya sobada hazırlanmış yeməklər daha uyğun seçimdir. Yorğunluğun və halsızlığın qarşısını almaqda C və B qrupu vitaminləri, dəmir və maqnezium kimi minerallar mühüm rol oynayır. Bu maddələr portağal, limon, ispanaq, qara çörək, yumurta və balıq məhsullarında bol miqdarda mövcuddur”.
Sadə qaydalarla sağlam və təhlükəsiz fəsil
Həmsöhbətimizin sözlərinə görə, yay mövsümündə düzgün və balanslı qidalanma, kifayət qədər maye qəbulu və sanitariya-gigiyena qaydalarına riayət edilməsi sağlam və təhlükəsiz həyat tərzinin əsas şərtləridir. Havanın isti və günəşli olduğu bu dövrdə orqanizmimizi qorumaq üçün sadə qaydalara əməl etmək kifayət edir.
Nigar Orucova, “İki sahil”