Azərbaycan Avropa, Mərkəzi Asiya istiqamətində fəal siyasət yürütdüyü kimi Yaxın Şərq regionunda da fəallığı ilə seçilir. Bunu Azərbaycan-Suriya əlaqələrində görmək mümkündür. Bu mənada iyulun 12-də Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın Azərbaycana səfəri tarixi əhəmiyyət daşıyır. Qeyd edək ki, həmin tədbirdə Suriyanın hazırda ciddi enerji problemi ilə üzləşdiyi bildirilmişdi. Bu xüsusda yaxın zamanlarda Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya ixracı layihəsinin həyata keçiriləcəyi vurğulanmış və bunun Suriyanın enerji təhlükəsizliyinə töhfə verəcəyi qeyd olunmuşdu. Əhməd Əl Şaraa hazırda ölkəsinin üzləşdiyi ciddi enerji problemlərinin həllində Azərbaycanın töhfəsinin əhəmiyyətini vurğulamış, bunun Suriyanın inkişafına xidmət etdiyini demişdi.
Məlumat üçün bildirək ki, iyulun 12-də Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraanın ölkəmizə işgüzar səfəri çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə Suriya Ərəb Respublikası Hökuməti arasında Anlaşma Memorandumu da imzalanıb.
Artıq budur, avqustun 2-dən qardaş ölkənin Kilis şəhərində Azərbaycan qazının Türkiyə ərazisindən Suriyaya nəqlinə başlanılıb. Bu münasibətlə keçirilən mərasimdə iştirak edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov, Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar, Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir və Qətər İnkişaf Fondunun rəhbəri Fəhad Həməd Əl-Sulaiti Azərbaycan qazının Suriyaya ötürülməsini təmin edən boru kəmərinin açılışını birgə həyata keçiriblər. Nazirlərin çıxışlarından sonra rəsmi şəxslərin iştirakı ilə səhnədə simvolik olaraq quraşdırılmış boru kəmərinin klapanı çevrilib və bununla da Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracına rəsmi olaraq start verilib. Qeyd edək ki, SOCAR ilə Suriya hökuməti arasında bu yaxınlarda imzalanmış sənədə əsasən, təbii qazın nəqli üçün bütün texniki hazırlıqlar tamamlanıb. Layihənin ilk mərhələsində Suriyaya ildə 1,2 milyard kubmetr təbii qazın ixracı planlaşdırılır. Bu təbii qaz vasitəsilə təqribən 1200 meqavatlıq quraşdırılmış güc aktivləşəcək. Şübhəsiz, bu təchizatın uzun illər davam edən müharibədən əziyyət çəkən Suriyada iqtisadiyyatın bərpası və əhalinin sosial rifahının yüksəldilməsində əhəmiyyətli rol oynayacaq.
Yeri gəlmişkən qeyd edək ki, Türkiyə ərazisi ilə Suriyaya Azərbaycan təbii qazının tədarükünün avqustun 2-də başlanılması iki dost xalqın səbirsizliklə gözlədiyi tarixi hadisədir. Azərbaycanın Dəməşqdəki səfirliyinin müvəqqəti işlər vəkili Elnur Şahhüseynov Suriyanın SANA agentliyinə açıqlamasında bunu iki ölkə arasında strateji əməkdaşlığı gücləndirəcək mühüm hadisə kimi dəyərləndirib. O, həmçinin qeyd edib ki, prezident Əhməd əl-Şaranın rəhbərliyi altında Suriyanın yeni rəhbərliyi inkişafı sürətləndirmək və vətəndaşların həyat səviyyəsini yüksəltmək məqsədilə Suriya xalqının üzləşdiyi bütün problemlərin, xüsusilə iqtisadi sahədəki problemlərin həlli üçün səy göstərir: "Azərbaycan təbii qazı elektrik enerjisi istehsalı güclərinin artırılmasında strateji rol oynayacaq ki, bu da gələcək iqtisadi bərpanın təminatıdır".
Qeyd edək ki, bu məsələdə Türkiyənin rolu danılmazdır. Tədbirdə də vurğulandığı kimi, bu Türkiyənin dəstəyi olmadan mümkün olmazdı. Bütün bunlar bir daha xəbər verir ki, Azərbaycanın uğurlu xarici siyasəti təkcə siyasi təşəbbüslərdə deyil, həm də iqtisadi addımlarda özünü göstərir. Bununla da Azərbaycan Cənubi Qafqaz ilə Yaxın Şərq arasında yeni enerji körpüsünün əsasını qoyub. Şübhəsiz, Azərbaycan təbii qazının Türkiyə ərazisi ilə Suriyaya nəql olunması ölkənin enerji ixracı tarixində mühüm mərhələdir. Türkiyənin Kilis vilayəti vasitəsilə Azərbaycan qazının Suriyaya nəqlinə başlanmasını həm də Bakının Yaxın Şərq regionunda artan rolunun təzahürü kimi dəyərləndirmək olar.
Qeyd edək ki, bununla da Azərbaycan qazının ixrac olunduğu ölkələrin sayının 14-ə çatdırıb. Şübhəsiz, bu layihə ölkəmizin qaz ixrac coğrafiyasının yeni istiqamətlər üzrə genişləndirilməsinə də mühüm töhfələr verəcək. Azərbaycanın iqtisadiyyat naziri, SOCAR-ın Müşahidə Şurasının sədri Mikayıl Cabbarovun həmin tədbirdə bildirdiyi kimi, SOCAR-ın planları daha böyükdür və hazırda SOCAR xaricdə qaz hasilatı layihələrində paylar əldə edərək şirkətə məxsus qazı yeni istehlakçı ölkələrə çatdırmağı planlaşdırır.
Bəli, son iyirmi ildə Avropanın əsas enerji tərəfdaşlarından birinə çevrilmiş Azərbaycan indi Şərqi Aralıq dənizi və Yaxın Şərq istiqamətində təsirini artırmağa doğru inamla addımlayır. Bu mənada Azərbaycan - Türkiyə - Suriya layihəsi sadəcə bir boru kəməri deyil. Bu, siyasi transformasiyanın, enerji suverenliyinin və geoiqtisadi inteqrasiyanın xəttidir.
Xatırladaq ki, uzun illər ərzində Azərbaycana münasibətdə qeyri-dost siyasəti həyata keçirən Suriyadakı əvvəlki hökumətin vaxtında münasibətlərimizdə durğunluq yaranmışdı. Ancaq Suriya müxalifətinin 2024-cü il noyabrın 27-dən başlanan və dekabrın 8-də Əsəd rejiminin devrilməsi ilə sona çatan hücumu, keçid hökumətinin yaradılması Dəməşq–Bakı əlaqələrində də yeni səhifənin açılmasına səbəb olmuşdur.
Qvami Məhəbbətoğlu, “İki sahil”