28 oktyabr 2026 18:19
191

Mədəniyyətlərarası dialoq və Azərbaycanın artan beynəlxalq nüfuzu

Müasir dünyada dərinləşən geosiyasi ziddiyyətlər, regional münaqişələr, dini və etnik ayrı-seçkilik meyilləri, qarşılıqlı etimadın zəifləməsi mədəniyyətlərarası dialoqun əhəmiyyətini daha da artırır. Belə bir şəraitdə müxtəlif xalqların və dinlərin nümayəndələrini ortaq məqsədlər ətrafında birləşdirmək, qarşılıqlı anlaşma mühiti yaratmaq və sülhün davamlılığını təmin etmək beynəlxalq ictimaiyyətin qarşısında duran mühüm vəzifələrdəndir. Məhz bu baxımdan Azərbaycanın təşəbbüsü ilə formalaşan və illər ərzində beynəlxalq nüfuz qazanan mədəniyyətlərarası dialoq platforması xüsusi əhəmiyyət daşıyır. Bakıda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi siyasətin, tarixi ənənələrinin və beynəlxalq əməkdaşlığa verdiyi töhfənin növbəti ifadəsi kimi diqqəti cəlb edir.

2026-cı il oktyabrın 27-də Bakıda “Ortaq gələcək naminə dialoq” mövzusunda keçirilən VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı tədbirin ideya və məzmun çərçivəsini müəyyənləşdirməklə yanaşı, ölkəmizin müasir dünyada yeri və rolu, multikulturalizm siyasətinin mahiyyəti, milli həmrəyliyin əhəmiyyəti, beynəlxalq hüququn prinsipləri və sülhün təmin olunması ilə bağlı mühüm mesajlarla yadda qaldı. Dövlət başçısının səsləndirdiyi fikirlər Azərbaycanın dialoqu yalnız nəzəri müzakirə vasitəsi deyil, xalqlar arasında etimadın möhkəmləndirilməsinə, qarşılıqlı hörmətin təşviqinə və qlobal problemlərin həllinə xidmət edən real əməkdaşlıq mexanizmi kimi qəbul etdiyini bir daha nümayiş etdirdi.

Forumun miqyası və iştirakçı coğrafiyası onun beynəlxalq əhəmiyyətini aydın göstərir. Prezident İlham Əliyevin çıxışında qeyd etdiyi kimi, tədbirdə qeydiyyatdan keçmiş iştirakçıların sayı 2000-i ötüb, 100-dən artıq ölkədən 500-dən çox xarici qonaq Bakıya gəlib. Bu göstəricilər 2011-ci ildə Azərbaycanın təşəbbüsü ilə əsası qoyulan Forumun ötən 15 il ərzində səmərəli və əhatəli beynəlxalq platformalardan birinə çevrildiyini təsdiqləyir. Forumun BMT-nin Sivilizasiyalar Alyansı və digər tərəfdaş qurumlarla əməkdaşlıq çərçivəsində keçirilməsi də onun institusional əhəmiyyətini artırır. Burada müxtəlif ölkələrin nümayəndələrinin, beynəlxalq təşkilatların təmsilçilərinin və fərqli ictimai mövqelərə malik insanların bir araya gəlməsi göstərir ki, mədəniyyətlərarası dialoq müasir dünyanın aktual problemlərinin müzakirəsi üçün mühüm imkan yaradır.

Azərbaycanın bu prosesdə aparıcı mövqeyə malik olması təsadüfi deyil. Ölkəmiz coğrafi baxımdan Avropa ilə Asiyanın qovuşağında yerləşir və tarixən müxtəlif mədəniyyətlərin, dinlərin və sivilizasiyaların qarşılıqlı əlaqəsində mühüm rol oynayıb. Lakin Azərbaycanın mədəniyyətlərarası dialoqa töhfəsini yalnız coğrafi mövqe ilə izah etmək düzgün olmazdı. Bu mövqenin əsasını xalqımızın əsrlər boyu qoruyub saxladığı tolerantlıq ənənələri, müxtəlifliyə hörmət, birgəyaşayış mədəniyyəti və qarşılıqlı anlaşma prinsipləri təşkil edir. Prezident İlham Əliyevin Forumdakı çıxışında vurğuladığı kimi, multikulturalizm ənənələri, dini və etnik dözümlülük xalqımızın əsrlər boyu yaşatdığı meyarlar olub və biz onları yüksək dəyərləndiririk.

Bu dəyərlər müasir Azərbaycan dövlətinin siyasətində də öz əksini tapır. Konstitusiya ilə təsbit olunmuş bərabərlik prinsipi ölkədə yaşayan bütün xalqların və dini icmaların hüquqlarının qorunmasının əsasını təşkil edir. Müxtəlif etnik mənsubiyyətə və dini inanca malik insanların vahid cəmiyyət daxilində qarşılıqlı hörmət şəraitində yaşaması milli birliyin möhkəmlənməsinə xidmət edir. Dövlət başçısının çıxışında cəmiyyətimizdəki ahəngdarlığın Azərbaycanın sabit və uğurlu inkişafının əsas amillərindən biri kimi səciyyələndirilməsi də bu reallığın siyasi və ictimai əhəmiyyətini ifadə edir.

Azərbaycançılıq ideyası bu birliyin əsas mənəvi dayaqlarından biridir. Bu ideya etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşları vahid dövlətçilik mənafeyi, ortaq vətən sevgisi və ümumi gələcək naminə birləşdirir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, xalqımızın ən çətin tarixi sınaqlarından keçdiyi dövrlərdə də bu birlik özünü aydın şəkildə göstərib. Ermənistanın hərbi təcavüzü və işğalı, xüsusilə İkinci Qarabağ müharibəsi zamanı müxtəlif etnik və dini qrupların nümayəndələrinin Azərbaycanın ərazi bütövlüyünün bərpası naminə vahid mövqedən çıxış etməsi milli həmrəyliyin gücünü nümayiş etdirdi. “Dəmir yumruq” rəmzində ifadəsini tapan bu birlik dövlətçilik iradəsinin, ümummilli məqsədlərin və ortaq mənəvi dəyərlərin təcəssümü oldu.

Bu məqam Azərbaycanın multikulturalizm modelinin yalnız mədəniyyət və din sahəsi ilə məhdudlaşmadığını, eyni zamanda, cəmiyyətin siyasi sabitliyinə, milli təhlükəsizliyinə və dövlətin inkişafına təsir göstərən mühüm amil olduğunu ortaya qoyur. Müxtəlifliyin qarşıdurma mənbəyinə deyil, cəmiyyətin zənginliyinə çevrilməsi üçün hüquqi təminat, ictimai etimad və ortaq vətəndaşlıq məsuliyyəti vacibdir. Azərbaycanın təcrübəsi bu amillərin bir-birini tamamladığı şəraitdə milli birliyin daha da möhkəmləndiyini göstərir.

Prezident İlham Əliyevin çıxışında diqqət çəkən digər mühüm istiqamət Azərbaycanın müstəqillik tarixinin və milli özünüdərkinin qiymətləndirilməsi idi. Dövlət başçısı bildirdi ki, Azərbaycan bu ilin oktyabrında dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edib. Bu müddət ərzində ölkəmiz mürəkkəb siyasi və iqtisadi sınaqlardan keçərək öz inkişaf yolunu müəyyənləşdirib, milli dəyərlərini və ənənələrini qoruyub saxlayıb. Azərbaycanın tarixi təcrübəsi göstərir ki, müstəqilliyin möhkəmləndirilməsi yalnız dövlət institutlarının qurulması ilə deyil, həm də milli kimliyin, ana dilinin, mədəni irsin və mənəvi dəyərlərin yaşadılması ilə bağlıdır.

Ölkə Prezidentinin çıxışında bildirdiyi kimi biz öz taleyimizi özümüz həll etməyə başladıq və sonra isə bütün dünyaya nəyə qadir olduğumuzu göstərdik. Həmçinin mühüm nailiyyətlərdən biri ondan ibarətdir ki, müstəqillik illərində biz nəinki öz ənənələrimizi, öz həyat tərzimizi qoruyub saxladıq, o cümlədən onları gücləndirdik. Bu gün Azərbaycan cəmiyyəti bütün məsələlərdə birliyini nümayiş etdirir.

Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bizim Azərbaycanda hər hansı daxili risklərimiz yoxdur. Bütün potensial risklər hüdudlarımızın kənarından gəlir. İdeoloji risklər isə fiziki risklər qədər təhlükəlidir. Buna görə biz hər zaman ayıq-sayıq olmalıyıq, özünəməxsusluğumuzun, dövlətçiliyimizin, müstəqilliyimizin və həyat tərzimizin qorunmasına çox sadiq olmalıyıq.

Müstəqilliyin bərpasından sonrakı dövrdə Azərbaycanın əldə etdiyi nəticələr dövlət suverenliyinin, milli iradənin və ardıcıl inkişaf siyasətinin əhəmiyyətini təsdiqləyir. Dövlət başçısının çıxışında ölkənin son 35 ildə əldə etdiyi nailiyyətlərin Azərbaycan xalqının zəhməti hesabına mümkün olması fikri xüsusi vurğulanıb. Dağıntılar, işğal və yoxsulluq problemləri ilə üzləşmiş ölkədən müasir infrastrukturunu inkişaf etdirən, beynəlxalq enerji və nəqliyyat sistemində mövqeyini gücləndirən dövlətə çevrilmək böyük siyasi iradə və uzunmüddətli səylər tələb edib. Bu inkişaf yolunun mühüm xüsusiyyətlərindən biri milli maraqların qorunması ilə beynəlxalq əməkdaşlığın genişləndirilməsinin uzlaşdırılmasıdır.

Azərbaycanın beynəlxalq nüfuzunun artması da məhz bu siyasətin nəticələri ilə bağlıdır. Prezident İlham Əliyev çıxışında ölkəmizin Çin və ABŞ ilə strateji tərəfdaşlıq münasibətlərinə, Avropa İttifaqının 10 üzv dövləti ilə strateji tərəfdaşlıq bəyannamələrinin və ya sazişlərinin mövcudluğuna diqqət çəkib. Bu faktlar Azərbaycanın xarici siyasətində müxtəlif siyasi və iqtisadi mərkəzlərlə qarşılıqlı maraqlara əsaslanan münasibətlərin inkişaf etdirildiyini göstərir. Belə bir yanaşma ölkəmizin beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirir və regional əməkdaşlıq imkanlarını genişləndirir.

Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi etməsi də bu nüfuzun mühüm göstəricilərindəndir. Prezidentin çıxışında bildirildiyi kimi, ölkəmiz 2027-ci ildə İslam Əməkdaşlıq Təşkilatının Zirvə Görüşünə ev sahibliyi və 60 ölkəni birləşdirən bu mötəbər beynəlxalq təsisata sədrlik edəcək. Həmçinin 2028-ci ildə Avropa Siyasi Birliyinin Zirvə Görüşünə ev sahibliyi edəcəyik. Müxtəlif siyasi, mədəni və coğrafi məkanları təmsil edən bu platformaların Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq dialoqa açıq olduğunu və müxtəlif tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. Bu tədbirlər eyni zamanda Azərbaycanın təşkilatçılıq imkanlarını, diplomatik fəallığını və qlobal gündəlikdə iştirakını genişləndirir.

Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafında nəqliyyat və enerji sahələri də xüsusi yer tutur. Dövlət başçısı çıxışında ölkəmizin qlobal enerji bazarında etibarlı təchizatçı rolunu və beynəlxalq nəqliyyat bağlantılarında artan əhəmiyyətini vurğulayıb. Azərbaycanın əlverişli coğrafi mövqeyi, müasir infrastrukturu və qonşularla əməkdaşlıq siyasəti Avropa ilə Asiya arasında iqtisadi əlaqələrin genişlənməsinə imkan yaradır. Bu baxımdan ölkəmiz yalnız tranzit ərazisi deyil, həm də müxtəlif regionları birləşdirən iqtisadi və siyasi əməkdaşlıq məkanı kimi çıxış edir. Nəqliyyat bağlantılarının inkişafı ticarət dövriyyəsinin artmasına, investisiya imkanlarının genişlənməsinə və regional sabitliyin möhkəmlənməsinə xidmət edir.

Forumda səsləndirilən fikirlərin mühüm hissəsi beynəlxalq hüquq, münaqişələrin həlli və davamlı sülh məsələlərinə həsr olunub. Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə bağlı tarixi təcrübəsinə toxunaraq, beynəlxalq hüququn norma və prinsiplərinin ardıcıl tətbiqinin əhəmiyyətini vurğulayıb. Dövlət başçısının mövqeyinə görə, beynəlxalq təşkilatların qəbul etdiyi qərarlar yalnız siyasi bəyanat olaraq qalmamalı, onların icrasını təmin edən real mexanizmlər mövcud olmalıdır. Bu fikir beynəlxalq münasibətlər sistemində hüququn aliliyinin, dövlətlərin suveren bərabərliyinin və ədalətli yanaşmanın qorunmasının vacibliyini ön plana çıxarır.

Azərbaycanın təcrübəsi göstərir ki, uzunmüddətli münaqişələrin həlli yalnız danışıqların davam etdirilməsi ilə deyil, həm də beynəlxalq hüququn prinsiplərinə əməl olunması və qəbul edilmiş qərarların icrası ilə bağlıdır. Prezidentin çıxışında BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi və Azərbaycanın işğal olunmuş ərazilərindən qüvvələrin çıxarılmasını tələb edən dörd qətnamənin uzun müddət icra edilməməsi xatırladılıb. Bu nümunə beynəlxalq münasibətlərdə qərarların icra mexanizmlərinin təkmilləşdirilməsinin vacibliyini göstərir. Beynəlxalq hüququn nüfuzunun qorunması üçün onun norma və prinsipləri bütün dövlətlərə münasibətdə ardıcıl və bərabər şəkildə tətbiq edilməlidir.

Dövlət başçısının ikili standartlara qarşı mübarizə ilə bağlı səsləndirdiyi biz siyasətdə ikili standartlara qarşı həmişə mübarizə aparmışıq və bundan sonra da mübarizə aparacağıq fikirləri də bu kontekstdə xüsusi əhəmiyyət daşıyır. Beynəlxalq münasibətlərdə eyni hüquqi və siyasi meyarların müxtəlif vəziyyətlərə fərqli şəkildə tətbiq olunması ədalətə və qarşılıqlı etimada xələl gətirir. Dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və daxili işlərinə hörmət prinsipləri siyasi konyunkturadan asılı olmayaraq qorunmalıdır. Məhz bu yanaşma beynəlxalq əməkdaşlığın daha sağlam əsaslar üzərində qurulmasına və münaqişələrin qarşısının alınmasına töhfə verə bilər.

Azərbaycanın sülh təşəbbüsləri də Forumda səsləndirilən mühüm mesajlar sırasında yer alıb. Prezident İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində aparılan prosesi xatırladaraq, sülhün əldə edilməsinin və qorunmasının əhəmiyyətini vurğulayıb. 2025-ci ilin avqustunda Vaşinqtonda sülh sazişi layihəsinin paraflanması və üçtərəfli Bəyannamənin imzalanması Cənubi Qafqazda yeni siyasi mərhələnin formalaşması baxımından mühüm hadisə kimi qiymətləndirilib. Dövlət başçısının müharibəyə son qoymağın çətinliyi barədə fikirləri münaqişələrin yalnız hərbi və siyasi nəticələrlə deyil, gələcək münasibətlərin necə qurulacağı ilə də ölçüldüyünü göstərir.

Sülhün davamlı olması üçün qarşılıqlı etimadın yaradılması, regional əməkdaşlığın genişləndirilməsi və xalqlar arasında əlaqələrin inkişafı vacibdir. Bu baxımdan mədəniyyətlərarası dialoq siyasi razılaşmaları tamamlayan, cəmiyyətlər arasında anlaşmanı gücləndirən mühüm vasitədir. İnsanların bir-birinin tarixinə, mədəniyyətinə, dini inanclarına və həyat tərzinə hörmətlə yanaşması stereotiplərin zəifləməsinə, düşmənçilik ritorikasının qarşısının alınmasına və əməkdaşlıq mühitinin formalaşmasına kömək edir. Buna görə də dialoq yalnız beynəlxalq forumların gündəliyində qalan mövzu deyil, gündəlik ictimai münasibətlərdə də yaşadılmalı olan dəyərdir.

Müasir dünyada mədəniyyətlərarası dialoqun qarşısında duran əsas vəzifələrdən biri fərqlilikləri aradan qaldırmaq deyil, onları qarşılıqlı anlaşma və əməkdaşlıq üçün imkanlara çevirməkdir. Müxtəlif mədəniyyətlərin özünəməxsusluğunun qorunması ilə ümumbəşəri dəyərlərin təşviqi arasında tarazlığın yaradılması sülhün möhkəmləndirilməsi üçün mühüm şərtdir. Bu prosesdə dövlətlərin siyasi iradəsi ilə yanaşı, təhsil müəssisələrinin, elmi və mədəni təşkilatların, medianın, vətəndaş cəmiyyətinin və gənclərin iştirakı da əhəmiyyətlidir. Dialoq mədəniyyətinin cəmiyyətin bütün təbəqələrində təşviqi gələcək nəsillərin daha açıq, məsuliyyətli və qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmasına şərait yaradır.

Azərbaycanın mədəniyyətlərarası dialoq sahəsində təşəbbüsləri bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. Bakı Forumu çərçivəsində müxtəlif ölkələrin, beynəlxalq təşkilatların və ictimai institutların bir araya gəlməsi mədəniyyətlərarası və dinlərarası əməkdaşlığın genişlənməsinə imkan yaradır. VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu da bu prosesin davamlılığını nümayiş etdirir. Forumun əhəmiyyəti yalnız onun iştirakçılarının sayı və təmsil olunan ölkələrin coğrafiyası ilə ölçülmür. Əsas məsələ müzakirələr zamanı səsləndirilən təşəbbüslərin konkret əməkdaşlıq layihələrinə, sülhün möhkəmləndirilməsinə və qarşılıqlı anlaşmanın inkişafına çevrilməsidir.

Prezident İlham Əliyevin Forumdakı çıxışı Azərbaycanın beynəlxalq mövqeyini, milli inkişaf təcrübəsini və qlobal problemlərin həllinə münasibətini vahid məntiqi xətt üzrə təqdim edir. Bu yanaşmanın mərkəzində milli suverenliyə hörmət, beynəlxalq hüququn aliliyi, mədəni müxtəlifliyin qorunması, qarşılıqlı etimad və sülhün təşviqi dayanır. Azərbaycanın tarixi ənənələrə söykənən multikulturalizm modeli, müstəqil xarici siyasəti və beynəlxalq əməkdaşlıq təşəbbüsləri ölkəmizin dialoq məkanına çevrilməsində mühüm rol oynayır.

Nəticə etibarilə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu Azərbaycanın yalnız beynəlxalq tədbirlərə ev sahibliyi edən ölkə olmadığını, həm də qlobal dialoqun inkişafına öz siyasi iradəsi, tarixi təcrübəsi və əməkdaşlıq təşəbbüsləri ilə töhfə verməyə çalışdığını nümayiş etdirir. Dünyanın qarşıdurmalardan daha çox anlaşmaya, parçalanmadan daha çox həmrəyliyə ehtiyac duyduğu bir vaxtda dialoq mədəniyyətinin təşviqi xüsusi əhəmiyyət daşıyır. Azərbaycanın irəli sürdüyü yanaşmanın əsas mesajı aydındır: davamlı gələcək qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və beynəlxalq hüquqa sadiqlik üzərində qurulmalıdır. Mədəniyyətlər arasında körpülər yaratmaq, fərqlilikləri qarşıdurma səbəbinə deyil, qarşılıqlı zənginləşmə mənbəyinə çevirmək və sülhü real əməkdaşlıqla möhkəmləndirmək bu gün bəşəriyyət qarşısında duran ən mühüm vəzifələrdəndir. Azərbaycanın Bakıdan dünyaya ünvanladığı dialoq çağırışı da məhz bu məqsədə xidmət edir.

Bəhruz MƏMMƏDOV,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı,
Naxçıvan Muxtar Respublikasının əməkdar müəllimi,
Naxçıvan Dövlət Universitetinin dosenti