30 aprel 2025 20:48
128

Onlar ailə institunun qorunub saxlanılmasına deyil, məhv edilməsinə yönəlik fəaliyyət sərgiləyirlər - Müşfiq Ələsgərli

Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, yaşadığımız dövrdə ailə institutunun dağılması istiqamətində ciddi proseslər gedir. Bu, qlobal bir problemdir və Azərbaycandan da yan keçməyib. Düzdür, başqa dövlətlərin statistik göstəriciləri ilə müqayisədə Azərbaycandakı durum normaldır. Amma bu, nisbi göstəricidir.Reallıq budur ki, bizim ölkəmizdə də ailə institutunun dağılmasına yönəlik proseslər intensivləşib. Son statistikaya görə, 2023-cü ildə boşanmaların sayı  35,7% artıb. Deməli, bir tərəfdən yeni ailələrin qurulması faktı kəmiyyətcə azalır, digər tərəfdən isə dağılan ailələrin kəmiyyəti artır. İndiki templə davam edərsə, növbəti illərdə mövcud ailələrin sayı minimuma enəcək. Hansı ki, bəşəriyyət hələ ailə institutunu əvəz edə biləcək  yeni effektiv  bir modeli tapmayıb. Ailə institutunun deqredasiyaya uğramasını stimullaşdıran fərqli səbəblər vardır. Həmin fərqli səbəblər sırasında media, informasiya, sosial şəbəkə amili də önə çəkilir. Nəzəri fikir belədir ki, KİV müstəvisində düzgün maarifləndirmə və məlumatlandırma işi qurmaqla, ailə institutunun möhkəmlənməsi, qorunub saxlanılması prosesinə töhfə vermək mümkündür.

Bu fikirləri “İki sahil”ə açıqlamasında  Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli bildirdi. 

Media eksperti qeyd etdi ki, amma yaşadığımız dövrdə bunun əksi baş verir. Media strukturlarının gündəlik informasiya siyasətinə diqqət yetirsək görərik ki, onlar ailə institunun  qorunub saxlanılmasına deyil, dağıdılıb məhv edilməsinə yönəlik fəaliyyət sərgiləyirlər. Bu hal, xüsusilə audiovizual media müstəvisində, televiziyaların şou proqramlarında özünü göstərir. Cəmiyyət üzvləri haqlı olaraq TV-lərdə təşkil olunan və ailə-məişət mövzularına, daha dəqiq desək, məişət mübahisələrinə  həsr edilmiş şou proqramlara etiraz edirlər, onların bağlanılmasını tələb edirlər. Bu cür proqramlar həya, abır, ismət hissini zədələyir, ailə institutuna xələl gətirir. Sosial şəbəkələr isə, bu baxımdan ümumiyyətlə problemlidir. Sosial media platformalarında informasiya işinin əksər prinsipləri qorunmur. Bu hal ailə-məişət məsələlərinə yanaşmada da özünü büruzə verir. Şəxsi həyat sirri təşkil edən məsələlərin ictimailəşdirilməsi, ailə-məişət mövzuslarının, xüsusilə məişət zorakılığını ehtiva edən informasiyaların aşırı şəkildə gündəmə gətirilməsi, gündəlik iş halına çevrilib. Belə yanaşma  ailə institunun dağılması prosesinə də təsir göstərir.

Media eksperti əlavə etdi ki, təkcə jurnalistlər deyil, ümumilikdə informasiya istehsalçıları, xəbər yayıcıları ailə-məişət mövzusundan necə yazmalı olduqlarını, hansı məqamlara həssas yanaşmaq tələb edildiyini bilməlidirlər.  Bu yöndə bilgiləri əldə edərək, öz fəaliyyətində tətbiq etməlidir. Amma təəssüf ki, bu yöndə fəaliyyət qənaətbəxş səviyyədə deyil. Jurnalistlərin, ümumilikdə xəbər istehsalçılarının  ailə institutuna yanaşma prinsiplərini  ehtiva edən prinsiplər müxtəlif sənədlərdə əks edilib. Məsələn, “Media haqqında” Qanunda, “Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi”ndə, Ailə, Uşaq və Qadın Problemləri üzrə Dövlət Komitəsinin tövsiyyələrində, yaxud BMT konvensiyalarında mövzu üzrə müddəalar mövcuddur. Jurnalistlər üçün bu məsələdə əsas istiqamətverici sənəd “Azərbaycan Jurnalistlərinin Etik Davranış Kodeksi”, o cünmlədən, müxtəlif media təşkilatları tərəfindən hazırlanmış tövsiyyələrdir. Kodeksin 2 bölməsində (PRİNSİP 3: Şərəf və ləyaqətin qorunması, şəxsi həyatın toxunulmazlığı.  PRİNSİP 4: Gender bərabərliyi və ayrı-seçkiliyə yol verilməməsi prinsipinin müdafiəsi) jurnalistlərin ailə-məişət mövzusunda informasiya hazırlayarkən necə davranmalı olduqları məsələsinə aydınlıq gətirilir. Əlavələ olaraq, beynəlxalq jurnalist təşkilatları tərəfindən də bu mövzuya yanaşmanı ehtiva edən bir sıra sənədlər hazırlanmışdır. Məsələn, “Qadınlara və qızlara qarşı zorakılıqlar barədə reportaj hazırlamağın 10 şərti: məsuliyyətlilik və dəqiqlik” adlandırılan kodeks bu baxımdan ən təkmil sənədlərdən biridir. Həmin sənədlərdə birmənalı şəkildə qeyd edilir ki,  “Qadınlara və qızlara qarşı törədilmiş zorakılıq haqqında informasiya hazırlayarkən, qurbanların ləyaqətinin, təhlükəsizliklərinin və anonimliklərinin qorunmasına diqqət edin”. Təəssüf ki, xəbər istehsalçıları nəinki 1-ci şərti, digər 10 şərtin hamısını pozurlar. 

Yaqut Ağaşahqızı, “İki sahil”