İkinci Dünya müharibəsinin odlu-alovlu illərində Azərbaycan qadınlarının mənəvi zənginliyi və nəcibliyi, cəsarət və dözümlülüyü, təvazökarlığı və fədakarlığı vətənpərvər - beynəlmiləlçi ruhun nümunəsidir
Mayın 9-da keçmiş Sovet İttifaqının çoxsaylı xalqlarının milyonlarla oğul və qızının özlərini layiqincə və fədakarlıqla nümayiş etdirdikləri İkinci Dünya müharibəsinin bitməsinin 80 ili tamam olur. Düz 80 il öncə bütün Sovet İttifaqında olduğu kimi, Azərbaycanda da vətəndaşlar üçün hərbi təlimlər başladı. 16 yaşdan 50 yaşadək vətəndaşlar hərbi hazırlığa cəlb olundular. Komsomol təşkilatlarının təşəbbüsü ilə 1941-ci ildə respublikada 15 min tibb bacısı və sanitar dəstə, 750 rabitəçi, 1500 sürücü yetişdirildi. 1941-ci ildə 3,4 milyon əhalisi olan Azərbaycandan 10 min qadın daxil olmaqla 681 min nəfər vətənini qorumaq üçün cəbhəyə yollandı. Azərbaycanın cəsarətli oğul və qızları mühasirəyə alınan Leninqradda, Moskva, Stalinqrad, Kursk, Brest divarının yaxınlığında qəhrəmancasına vuruşdular, Qafqazı müdafiə etdilər, Rusiya, Ukrayna, Belarus, Moldova, Baltikyanı və Şərqi Avropa ölkələrinin azad edilməsində iştirak etdilər. İkinci Dünya müharibəsi illərində qadınlar və qızlar demək olar ki, bütün hərbi ixtisaslara yiyələnmişdilər. Onlar təyyarələri, tankları idarə edirdilər, pulemyotçu, topçu və snayper olurdular. Sanitar xidmət, rabitə, əks-hava müdafiəsi, hərbi magistral yollarda nəqliyyat nəzarəti kimi xidmətlər əsasən qadınlar tərəfindən həyata keçirilirdi. Onlar neft buruğlarında, dəzgahların, traktor sükanlarının arxasında, dəmir yollarında kişiləri əvəz edirdilər.
Kursk kənarındakı döyüşlərdə hərbi şücaət nümunələri göstərən Züleyxa Həbib qızı Seyidməmmədova cəsur qadın pilotlardan biri idi. Züleyxanın xidmət etdiyi hava alayı Volqa sahillərindən Avstriyanın paytaxtı Vyanaya qədər şərəfli yol keçərək 4419 hərbi uçuş, 125 hava döyüşü yerinə yetirib və 38 alman təyyarəsini vurmuşdu. Züleyxanı “Göylər qızı” adlandırırdılar. Müharibədən sonrakı dövrdə də o, ictimai fəaliyyətini davam etdirirdi. Züleyxa Seyidməmmədovanın əmək və sosial fəaliyyətləri bir sıra hökumət mükafatlarına layiq görülüb. Sinəsi müxtəlif ordenlərlə - “Lenin” ordeni, iki “Qırmızı Əmək Bayrağı ordeni”, iki “Şərəf nişanı” ordeni, İkinci Dünya müharibəsinin 2-ci dərəcəli hərbi orden və medalları ilə bəzədilmişdi.
A.V.Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutunun birinci kurs tələbəsi, 17 yaşlı gözəl və istedadlı azərbaycanlı qızı, Volxov cəbhəsi snayperinin güllələrini düşmənə dəqiq zərbələrlə endirən və tarixə ilk azərbaycanlı qadın snayper kimi düşmüş Ziba Qəniyeva müharibənin ilk günlərində, Moskvadakı yüz minlərlə Sovet tələbəsi kimi, Şamaxı şəhərində anadan olan Ziba hərbi komissarlığa müraciət edərək, onu cəbhəyə göndərmələrini xahiş edir. Bir neçə gün sonra onun ərizəsi qəbul olunur və Qəniyeva qısamüddətli atıcılıq kurslarına göndərilir. Burada o, pulemyot, snayper tüfəngini atmağı öyrənir və kəşfiyyat sənəti ilə də yaxından tanış olur. 151-ci diviziyanın snayper-kəşfiyyatçı zabiti Ziba Qəniyeva 12 aprel-23 may 1942-ci il tarixləri arasında iki zabit daxil olmaqla, 20 faşisti öldürür. İkinci Dünya müharibəsi illərində bu incə qız ümumilikdə 129 işğalçını məhv edir. Cəsarətə görə, Ziba Qəniyeva bir çox dövlət mükafatına layiq görülür – “Qırmızı bayraq” və “Qırmızı ulduz” ordenləri, “Moskvanın müdafiəsinə görə” medalı. O, professor elmi adını almış və hətta 1945-ci ildə Nəbi Qəniyevin “Tahir və Zöhrə” filmində fars kraliçası rolunu oynamışdı.
Azərbaycan qadınları dəniz üzərində gedən döyüşlərdə də şücaət göstərərək fərqlənirdilər. İkinci Dünya müharibəsi zamanı Şövkət Səlimovanın rəhbərliyi altında döyüş gəmisi “Dnepr” də daxil olmaqla cəbhəni neft və neft məhsulları, avadanlıq və sursatla təmin edir, Stalinqrada tərəf üzürdü. Həmçinin onun gəmisi yaralıları da Bakıya çatdırırdı. O, Xəzər Dəniz Gəmiçiliyi İdarəsində əvvəl müavin vəzifəsində, sonra isə gəmi kapitanı kimi çalışmışdı. Müharibə illərində dünyanın iki qadın gəmi kapitanından biri olan Şövkət Səlimova iki “Qırmızı ulduz” ordeni ilə təltif olunmuşdu.
İkinci Dünya müharibəsi illərində hərbi tibb sahəsi Azərbaycanda da inkişaf etmişdi. Bakıda açılan Tibbi Məhsullar Zavodu tibbi ləvazimatlar və dərmanlar istehsal edirdi. Azərbaycanda 440 mindən çox yaralının sağaldığı 76 hospital təşkil olunmuşdu. Yüzlərlə azərbaycanlı həkim və tibb bacıları hərbi hissələrdə yaralılara tibbi yardım göstərirdilər. Sanitar təlimatçı Mədinə Əhmədova İtaliyada, Böyükxanım Bağırova, Xədicə Lətifova, Firuzə Fətəliyeva, Əsmər Həsənova isə Krımda partizan dəstəsində döyüşürdülər. Kapitan Şura Əlizadə xəstəxana gəmisində, daha sonra dəniz piyadaları briqadasında xidmət keçmiş, Krım, Odessa, Sevastopol uğrunda döyüşlərdə yaponlara qarşı müharibədə iştirak etmişdi. Tibbi xidmətin kapitanları Səlimə Əlizadə, Qönçə Qaragözova, Reyhan Qasımova, tibb xidmətinin baş leytenantları Maya Bayramova, Nəcibə Məmmədova, Tahirə Fəttaxova, tibb xidmətinin leytenantları Rübabə Əhmədova, Zərifə Camalbekova, Züleyxa İsmayılova, Aliyə Tağızadə, tibb xidmətinin kiçik leytenantları Cənnət Kazımova, Lətafət Məmmədova, Zinyət Məmmədova, Dilbər Təhməzbəyova orden və medallarla təltif olunmuşdular.
Azərbaycandan ilk hərbi həkimlər arasında isə Aliyə Rüstəmbəyova yer alırdı. Cəbhə bölgəsində olan bütün çətinliklərə o, cəsarətlə sinə gəlmişdi. 7 mart 1943-cü il tarixində “Bakinski rabochi” qəzeti bu barədə yazırdı: “Azərbaycan xalqının cəsarətli qızı Aliyə Rüstəmbəyova faşistlər tərəfindən işğal olunmuş ərazilərdəki meşələrdə düşmənə qarşı qəhramancasına vuruşurdu...” O, 1942-ci ilin payızında həlak olub. 1972-ci ildə Moskvanın “Oktyabr” jurnalında (№ 5, s.8) onun fəaliyyətinə yüksək qiymət verilib. Faşistlərin əlinə keçərək ağır yaralanan Aliyə Hitler zabitinin “azərbaycanlı qızın özgə Rusiyada nə işi var” sualına “Rusiya hamımız üçün doğmadır. Yalnız faşist işğalçılarına özgə olub və olacaqdır” cavabını verir.
Müharibə ərəfəsində Bakı ölkənin əsas neft hasil edən, həmçinin neftçilər üçün təlim mərkəzi və neft avadanlığının istehsalçısı idi. Müharibənin başlaması ilə Azərbaycanın neft sənayesi hərbi vəziyyətə uyğun formalaşdırıldı. Müharibənin ilk 8 ayında neft sənayesinə 11 min qadın, eyni zamanda bir çox oğlan və qız gəldi. Əsas məqsəd onları çətin peşələrdən biri sayılan neftçi peşəsinin incəliklərinə öyrətmək idi. Cəbhəyə gedən ata, qardaş və ərlərini əvəz edən qadınlar texnikanı uğurla mənimsəyərək çox çalışırdılar. Məsələn, müharibə illərində Andreyeva adına Neft Emalı Zavodunda qadın işçilərin sayı üç qat artmışdı. Kadr hazırlığı ölkəni və cəbhəni kənd təsərrüfatı məhsulları ilə təmin etmək üçün xüsusi əhəmiyyət daşıyırdı. Kolxozlarda əsas əmək yükü qadınların çiyinlərinə düşürdü. Onlar qısa müddət ərzində traktorçu, kombaynçı və s. ixtisaslara yiyələnirdilər.
İllər keçir, nəsillər dəyişir. İkinci Dünya müharibəsi veteranlarının nəvə-nəticələri artıq böyüyüblər. Ancaq vətənini qoruyan və yer üzündə sülh və xoşbəxtlik uğrunda canlarından keçmiş insanımızın böyük və cəsur igidliyi xalqın yaddaşından heç vaxt silinməyəcək.
Sevinc Azadi, “İki sahil”