Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri İshaq Dar bildirib ki, ölkənin Silahlı Qüvvələri yüksək hazırlıq vəziyyətindədir və Hindistan ərazisinə cavab zərbələri endirir.
“İki sahil” xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Nazir bildirib ki, beynəlxalq ictimaiyyət Hindistanın səhvlərinin ciddiliyini dərk etməsində öz rolunu oynamalıdır. O, Yeni Dehlinin son iki gündəki hərəkətlərini pisləyib: “Hindistanın təxribatlarını davam etdirməsini gözləyə bilmərik”.
Pakistan ordusu isə bildirib ki, ölkəyə qarşı hücumlarda iştirak edən Hindistanın hərbi obyektlərinə raket zərbələri endirilir.
Pakistan hökuməti öz növbəsində hücumlarla bağlı bəyanat yayaraq vurğulayıb ki, İslamabad Hindistanın təcavüzünə ləyaqətlə cavab verib: “Bu əməliyyat torpağımıza, xalqımıza və suverenliyimizə qəsd olan Hindistanın ilk hücumuna cavab olaraq həyata keçirilir”.