15 may 2025 12:42
130

Vətəndaşlarımızın aldığı informasiyanın keyfiyyəti, onun düzgünlüyü və etibarlılığı daha böyük əhəmiyyət kəsb edir - Rövşən Məmmədov

“Yerli, həm də qlobal miqyasda aktual və strateji məsələlərin müzakirəsi baxımından “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfrans ideal platformadır”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunmuş “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda beynəlxalq konfransın açılış mərasimində “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov deyib.

O qeyd edib ki, rəqəmsallaşma bu gün bütün dünyanın əsas çağırışlarından biridir. “Cəmiyyətlərin inkişafı, informasiya mübadiləsinin sürəti və şəffaflığı artıq birbaşa rəqəmsal texnologiyaların səviyyəsindən asılıdır. Lakin hər bir inkişafın müsbət tərəfləri ilə yanaşı, müəyyən mənfi cəhətləri də mövcuddur. Xüsusilə media sahəsində rəqəmsallaşma bəzən qeyri-peşəkarlığın, dezinformasiyanın və manipulyasiyanın yayılmasına səbəb olur. Bu səbəbdən də biz bu problemlərlə mübarizə yollarını müəyyənləşdirməli, müasir çağırışlara uyğun strategiyalar işləməliyik.

Konfrans çərçivəsində bu və digər məsələlər – media etikası, informasiya təhlükəsizliyi, rəqəmsal savadlılıq və cəmiyyətin informasiya səviyyəsinin artırılması kimi mövzular ətrafında geniş fikir mübadiləsi aparılacaq. Çünki biz anlayırıq ki, informasiya cəmiyyəti yalnız texnologiya ilə deyil, eyni zamanda maarifləndirmə və peşəkarlıqla formalaşır” - deyə R.Məmmədov bildirib.

Azərbaycanda internetdən istifadə səviyyəsinin artıq 80-85 faiz civarında olduğunu qeyd edən R.Məmmədov əlavə edib ki, bu, çox ciddi və sevindirici göstəricidir. “Lakin bu da o deməkdir ki, vətəndaşlarımızın aldığı informasiyanın keyfiyyəti, onun düzgünlüyü və etibarlılığı daha böyük əhəmiyyət kəsb edir.

Vətən müharibəsindən sonra ölkəmizdə kiberhücumların və informasiya təhlükəsizliyinə yönəlmiş təhdidlərin artması bu sahədə daha ayıq-sayıq olmağımızı tələb edir. Bu baxımdan bugünkü konfrans bizə rəqəmsal dövrdə informasiya təhlükəsizliyini təmin etməyin yollarını müəyyənləşdirmək üçün yeni fürsətlər açır.

Qarşımıza qoyulan əsas məqsədlərdən biri rəqəmsal dünya ilə ayaqlaşmaq, bu dünyanın şərtlərinə uyğunlaşmaq və onun tələb etdiyi bilik və bacarıqları cəmiyyətimizə qazandırmaqdır.

Əminəm ki, bu konfransda aparılacaq müzakirələr və təqdim olunacaq fikirlər bu sahədə irəliləyişlərə mühüm töhfə verəcək”.