16 may 2025 08:48
107

Azərbaycan mədəniyyəti Vindzor Kral Atçılıq Şousunda təqdim olunub

Böyük Britaniyada təşkil olunan ən mötəbər tədbirlərdən “Vindzor Kral Atçılıq Şousu – 2025” çərçivəsində Azərbaycan mədəniyyəti xüsusi pavilyon vasitəsilə təqdim olunub.

“İki sahil” xəbər verir ki, Vindzor şəhərində yerləşən eyniadlı tarixi qəsrin ərazisində keçirilən tədbir çərçivəsində Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Azerbaijan Cultural” pavilyonu qurulub. Pavilyonda ölkəmizin zəngin mədəni irsini əks etdirən müxtəlif atributlar, milli xalçalar, dekorativ-tətbiqi sənət nümunələri, yerli şərab və əl işləri nümayiş etdirilib.

Azərbaycan bu nüfuzlu beynəlxalq tədbirdə 130 nəfərlik nümayəndə heyəti ilə təmsil olunur. Heyətə atlılar, sənətçilər, musiqiçilər və digər mədəniyyət sahələrinin nümayəndələri daxildir. Ölkəmizin təqdimatı tədbir iştirakçılarının böyük marağına səbəb olub.

“Vindzor Kral Atçılıq Şousu” hər il Britaniya kral ailəsinin iştirakı ilə keçirilir və müxtəlif ölkələrin atçılıq ənənələri, mədəniyyəti və incəsənətini bir araya gətirir. Azərbaycanın bu mötəbər platformada iştirakı ölkəmizin mədəniyyətinin və irsinin tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır.